Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Moskva yaxınlığındakı xəstəxana faciəsinin səbəbləri araşdırılır

Ramenski qəsəbəsində 14 nömrəli psixiatriya xəstəxanasında baş vermiş yanğın bir sıra ziddiyyətli ehtimallar doğurub. Necə olub ki, alovlanmış binada olan 41 nəfərdən yalnız üçü xilas ola bilib?

Fövqəladə Hallar Xidməti (FHX) nəzarət departamentinin direktoru Yuri Deşevıx həlak olan 38 nəfərin bədən hissələri aşkar edildiyi və axtarış işlərin dayandırıldığını bildirib.

Rusiua İstintaq Komitəsi (RİK) iki və daha çox şəxsin ölümünə səbəb olmuş yanğın təhlükəsizliyi tələblərinin pozulması faktı üzrə cinayət işi qaldırıb.

Cinayət məcəlləsi üzrə, bu maddəyə əsasən, 7 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.

“İstintaq bütün mümkün, o cümlədən, odla ehtiyatsız hərəkət, elektrik avadanlığının nasazlığı, qəsdən od vurma və başqa səbəbləri nəzərdən keçirir”, - deyilir RİK məlumatında.

Rusiya insan haqları müvəkkili Vladimir Lukin faciənin əsas səbəbi laqeydlik olduğunu hesab edir.

“Bu və çoxsaylı başqa hallardan aydın olur ki, psixiatriya xəstəxanalarında istər ictimai təşkilatlar, istər bu məqsədlə yaradılmış xüsusi dövlət orqanları tərəfindən müntəzəm və səmərəli nəzarət olmalıdır. Bir halda ki, buna dair hüquq müdafiəçilərinin təklifləri illərlə hökumət və qanunverici orqanlarda hərəkətsiz qalmaqda və ya məlum bürokratik dairə üzrə hərəkət etməkdədir”, - cümə günü Lukin yazıb.

Təzminat və matəm

14 nömrəli psixiatriya xəstəxanasında 38 nəfərin ölümü ilə bağlı Moskva vilayəti Dmitrov rayonunun qubernator vəzifəsini icra edən Andrey Vorobyov şənbə günü regional matəm günü elan edib.

Moskva vilayəti tarixində ikinci dəfədir ki, matəm elan olunur. İlk dəfə Moskva ilə bir yerdə 2011-ci ildə yanvar ayında “Domodedovo” aeroportunda partlayış qurbanlarının xatirəsinə matəm elan olunub.

Qubernator vəzifəsini icra edən Vladimir Vorobyov bəyan edib ki, zərə çəkənlərin ailələrinə 500 min rubl (təxminən 16 min dollar) ödəniləcək.

Yanğın mənbəyi

Yanğın aprelin 25-də yerli vaxtla təqribən saat üçün yarısında başlanıb. Yanğın xəstəxananın yatırdıcı preparatlarla yuxulatmiş xəstələr saxlanılan 6-cı korpusundan başlanıb.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğınsöndürənlər gəlincə, 35x12 metr ölçüdə bina bütün sahəsi boyunca yanırdı.

İnterfaks agentliyinin məlumatına görə, yanğın yerinə ən yaxın 117 nömrəli yanğınsöndürən hissəsi 42 km uzaqda yerləşir.

Yaxınlıqda axan çay üzərindən keçid olmadığına görə, yanğınsöndürən briqadalar hadisə yerinə 20 dəqiqə əvəzinə bir saatdan da gec çatıblar.

Xəstələri tibb bacısı xilas edib

Moskva vilayəti Daxili İşlər Nazirliyi Baş İdarəsinin ilkin məlumatına görə, yanğına qısa qapanma səbəb olub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Saqalay jurnalistlərə deyib ki, klinikanın tibb bacısı yanan binadan iki – 1945-ci il və 1987-ci il təvəllüdlü - xəstəni çıxara bilib.

Daha sonra məlum olub ki, binada yanğın siqnalizasiyası işləyib. Tibb bacısı Viktoriya Volkova dəhlizə çıxıb yanğını görüb və özü söndürməyə çalışıb, lakin bacarmayıb.

FHX nümayəndəsi deyib ki, psixonevroloji klinikanın xəstələri dərman preparatlarının təsiri altında olub və bərk yatırmışlar. Odun tez yayılmasını nəzərə alaraq, onlar ayılmaya da bilərdilər.

“Çox ağır kontingentdir: xronik və tez-tez şiddətlənən psixiatriya xəstələri, çox vaxt da alkoqol zəhərlənmə və alkoqol psixozla, narkomaniya ilə ağırlaşmış”, - qeyd edib xəstəxananın həkimi.