John Kerry: Azərbaycan qazının nəqlini müzakirə edirik

John Kerry: Azərbaycan qazının nəqlini müzakirə edirik

Enerjidən silah kimi istifadə olunmamalıdır, ABŞ Dövlət Katibi John Kerry Brüsseldə ABŞ-Avropa İttifaqı Enerji Şurasının görüşü zamanı deyib.

Aİ xarici siyasət rəhbəri Catherine Ashton ilə birlikdə görüşə həmsədrlik edən cənab Kerry ABŞ və Avropa İttifaqının Ukraynaya qonşuları Polşa və Macarıstandan, eləcə də Slovakiyadan qaz yollarının çəkilməsi üçün birgə işlədiklərini deyib.

Görüşdə Azərbaycan qazını Türkiyəyə və daha sonra Avropaya daşıyan cənub dəhlizi planları da müzakirə olunub.

“Biz hamımız əmin olmalıyıq ki, yeganə enerji mənbəsindən asılı deyilik. Bizim gündəm, bir hissəsi Azərbaycandan Türkiyəyə keçən cənub dəhlizi üzərindən daha çox qazın alınmasına baxmaqdan ibarətdir”, cənab Kerry deyib.

Kiyevdəki yeni hakimiyyətlə barışa bilməyən və Krımı özünə birləşdirəndən sonra Rusiya Ukraynaya verdiyi qazın qiymətini artırıb.

Martən əvvəlində Britaniya Xarici İşlər naziri William Hague də Azərbaycan qazının Britaniyaya nəqlinin önəmini vurğulayıb.