Yerevan: jurnalistin işinə mane olan rəsmi barəsində istintaq başlayıb

Yerevan: jurnalistin işinə mane olan rəsmi barəsində istintaq başlayıb

Ermənistanın baş prokuroru parlament təhlükəsizlik xidməti rəisinin jurnalistə hücumu ilə bağlı yayılan materialları Xüsusi İstintaq Xidmətinə göndərib.

Saytlarda yayılmış videodan görünür ki, parlament təhlükəsizlik xidmətinin rəisi Karen Hayrapetyan sentyabrın 9-da keçirilən aksiya haqqında məlumat toplayan A1+ televiziya şirkətinin müxbiri Marine Xaçatryana hücum edib və vurub onun əlindəki iPad-ı yerə salıb.

Həmin gün “Əkszərbə” art-qrupunun üzvləri parlamentin dəmir hasarından “Salam, Rob!” yazılı lövhə asmışdılar.

Aksiyanın təşəbbüsçüləri bu aksiya ilə 13 il bundan əvvəl “Araqats” kafesində prezident Robert Koçaryanı “Privet, Rob!” deyə salamlayan şəxsin prezidentin mühafizəçiləri tərəfindən döyülərək öldürüldüyünü xatırlatmaq istəyirdilər.

Bir neçə dəqiqə keçmiş parlamentin darvazasından çıxan bir kişi, özünü təqdim etmədən, yazılı lövhəni qopararaq jurnalistə hücum etmişdi.

Daha sonra Milli Məclisin Təhlükəsizlik xidmətinin rəisi Karen Hayrapetyan olduğu aşkar olan şəxs digər jurnalistlərlə də kobud tərzdə mübahisə edib

Hadisə ilə bağlı bu gün bir sıra jurnalist və ictimai təşkilatlar MM Təhlükəsizlik Xidməti rəisinin hərəkətlərini pisləyən bəyanat yayıb, jurnalistin öz vəzifə borcunu yerinə yetirməsinə maneə olduğuna görə onun məsuliyyətə cəlb edilməsini tələb ediblər.