Cameron
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Britaniya: Baş nazir Cameronun üstünə qaçan kişi saxlanılıb

Britaniya baş naziri David Cameron Leeds şəhərinə səfəri zamanı gözlənilməz hadisə ilə üzləşib.

Rəsmi tədbirdən sonra şəhər meriyası binasını tərk edərkən baş nazir üstünə qaçan naməlum bir şəxslə az qala toqquşub.

Yalnız baş nazirin cangüdənlərinin çevik reaksiya göstərmələri nəticəsində David Cameron üstünə sürətlə qaçan adamla toqquşmaqdan qurtula bilib.

Cangüdənləri baş nazirin təhlükəsizliyini təmin etmək üçün onu itələyərək təhlükəsiz yerə çəkiblər.

Polis baş nazirə təhlükə yaradan 28 yaşlı vətəndaşı saxlayaraq qısa müddətdən sonra sərbəst buraxıb.

Qərbi Yorkshire polisi bir müddətdən sonra Twitter səhifəsində vəziyyəti aydınlaşdıran status dərc edərək qeyd edib ki, "heç bir qəsdi-qərəzçilik olmayıb", həmin vətəndaş isə sadəcə tələsirmiş, lakin qaçması "namümasib vaxta və namünasib yerə təsadüf edib".

Baş nazir Leeds şəhərində İngiltərənin şimalında dəmiryol xəttlərinin inkişafına dair hökumət layihəsinin təqdimat mərasimində iştirak edirdi.