Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərinşaatservis işçilərinin etiraz aksiyası

Azərinşaatservisin 5 aydır əmək haqqı ala bilməyən işçiləri Azəryolservis Açıq Səhmdar Cəmiyyətin qarşısında etiraz aksiyası keçiriblər.

Həftənin əvvəlində Azəryolservis -in sözçüsü Anar Nəcəfli BBC Azərbaycancaya deyib ki, bütün prosedurlar tamamlanıb və maaşların verilməsi üçün yalnız Maliyyə nazirliyindən vəsait ayrılması gözlənilir.

Axırıncı dəfə noyabrın 4-də maaş alacaqlarına söz verilən işçilər dünən Maliyyə Nazirliyində görüşdə olduqlarını deyirlər. Onlar bildirir ki, nazirlik pulun köçürüldüyünü deyib.

Azeryolservis-in işçiləri etirazçılardan gələn həftənin 5-ci gününə qədər gözləməyi istəyib. Azeryolservis-in əməkdaşı Cəmil Rüstəmxanlı deyib ki, pul Azeryolservis-in hesabına oturandan 7 gün sonra işçilər maaşlarını ala biləcəklər.

İşçilər isə bu vədlərə inanmadıqlarını deyirlər.

Azərinşaatservis MMC-nin işçiləri isə maaşları almamaqlarının səbəbini şirkətin rəhbərliyinin həbs edilməsində görürlər.

Bu həbslər sentyabr ayında baş tutub. Mətbuatda yayılan məlumata əsasən, şirkət rəhbərliyi bankların birindən yüksək məbləğdə kredit götürərək qaytarmayıblar

Şirkətin işçiləri bu günədək bir neçə dəfə şirkət qarşısında etiraz aksiyası keçiriblər. Müxbirimiz Günel Səfərin reportajı.

Video 19 noyabrda baş tutmuş aksiyadan hazırlanıb.