Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 16 İyun, 2006 - Published 15:39 GMT
 
Dostunuza göndərin Çap versiyası
Bahəddin Həziyevin işi nə yerdədir?
 
Həziyev
Bahəddin Həziyevin işi üzrə bədənə az xəsarət yetirilməsi maddəsilə istintaq açılıb
"Bizim yol" qəzetinin redaktoru Bahəddin Həziyevin naməlum şəxslər tərəfindən oğurlanaraq döyülməsinin üstündən 1 aya yaxın müddət ötüb. Xatırladaq ki, jurnalist işdən evə qayıdarkən bir neçə nəfər tərəfindən oğurlanmış və döyülərək Bakıdan 20 kilometr aralı yerləşən Masazır gölünüün sahilinə atılmışdı.

Ayağının bir neçə yerində açıq sınıqlar aşkar edilmişdi. Faktla bağlı cinayət işi qaldırılmışdı.

Bu dəfə Bahəddin Həziyevin yanına gələrkən artıq onun reanimasiya şöbəsindən travmatologiya şöbəsinə adi palataya köçürüldüyünü dedilər.

Bu artıq onun səhhətində müəyyən yaxşılaşmadan xəbər verirdi. Elə özü də indi özünü bir qədər yaxşı hiss etdiyini desə də, ayaqlarında olan ağrılardan bərk şikayətləndi.

Bahəddin Həziyevin həkimi Sabir Mirzəyev də, jurnalistin səhhətində yaxşılaşmanın olduğunu vurğuladı.

Yeri gəlmişkən jurnalistin döyülməsi faktı ilə bağlı Abşeron rayon polis bölməsində bədənə az xəsarət yetirmə maddəsilə cinayət işi açılıb və iş üzrə istintaq davam edir.

Müstəntiq Anar Əliyev iş üzrə lazımi istintaq əməliyyatlarının aparıldığını , amma bununla bağlı hər hansı açıqlama verməyin vaxtının yetişmədiyini bildirdi.

O ki qaldı cinayət işinin nə üçün bədənə az xəsarət yetirmə maddəsi ilə açılmasına Anar Əliyev bildirdi ki, hələ ki, bu maddənin dəyişdirilməsi üçün kifayət qədər fakt əldə edilməyib . Amma gələcəkdə maddə dəyişdirilə bilər.

Bahəddin Həziyev isə istintaqın gedişindən bir o qədər razı qalmadığını söyləyir.

Məsələyə jurnalist təşkilatlarının münasibətini də öyrənməyə çalışdıq. Mətbuat şurasının sədri Əflatun Amaşov Türkiyədən təzə döndüyünü söyləyərək bu günlərdə döyülmüş jurnalistə baş çəkəcəyini və istintaqın gedişi ilə bağlı hüquq –mühafizə orqanlarına bir daha müraciət edəcəyini dedi.

Azərbaycan jurnalistlər konfederasiyasının sədri Azər Həsrət isə bu günlərdə Bahəddin Həziyevə qarşı zorun tətbiqi ilə bağlı jurmnalistlərin daha bir dəyirmi masa təşkil edəcəklərini bildirdi.

Tədbirlərin səmərəliliyinə gəlincə isə Azər Həsrət bildirdi ki, jurnalistlərin bu toplantılarının hər hansı effekt verəcəyinə və yaxud istintaqın gedişini sürətləndirəcəyinə inanmır. Sadəcə belə aksiyalarla jurnalistllər cinayətkarlara onlardan qorxmadıqlarını bildirmək istəyirlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik