http://www.bbcazeri.com

24 İyul, 2006 - Published 15:19 GMT

Elektron hökümət ?

Dünya Bankının rəsmiləri Azərbaycan hökümətinin nümayəndələrilə bu günlərdə keçirdiyi danışıqlarda Azərbaycanda "elektron hökümət" layihəsinin həyata keçirilməsində maraqlı və bunun üçün maliyyə vəsaiti ayırmağa hazır olduqlarını bəyan ediblər.

Xatırladaq ki, buna qədər Azərbaycan digər ölkələr, misal üçün Koreyadan da analoji təklif almışdı.

Mütəxəssislər hesab edirlər ki, "elektron höküməti"nin qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək.

Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə bu sahədə işlərin aparıldığını və ilkin "pilot" layihənin hazırlandığını bildirirlər.

"Elektron hökümət" hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir.

Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.

Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində elektron hökümət fəaliyyət göstərir. Azərbaycanda "elektron hökümət" layihəsi "elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.

Rabitə və informasiya texnologiyaları nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədovun dediyinə görə, ölkədə bu layihə demək olar ki sıfırdan başlanılır.

Rüfət Gülməmmədov artıq pilot layihə üçün Şamaxı rayonunun seçildiyini və onun həyata keçirilməsi üçün hazırlıq işlərinin aparıldığını dedi.

Onun bildirdiyinə görə, layihə həyata keçəndən sonra Şamaxı sakinləri bir xeyli üstünlüklər əldə edəcəklər.

"Misal üçün vətəndaşa şəxsiyyət vəsiqəsi almaq lazımdırsa, o, rayon polis idarəsinin saytına daxil olaraq, oradan bunun üçün lazım olan bütün məlumatların siyahısını götürəcək və sonra bu məlumatları elə elektron rabitə vasitəsilə göndərəcək. Sonda isə sadəcə olaraq gedib, sənədini götürəcək".

Azərbaycan MDB məkanında elektron höküməti layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Azərbaycan internet forumunun sədri, multimedia mərkəzinin direktoru Osman Gündüzün dediyinə görə, ölkənin bu sahədə qonşularına nisbətən bir xeyli üstünlükləri var.

"Azərbaycanda dövlət bu işə büdcədən pul ayırır ki, qonşu ölkələrdə bu yoxdur".

Buna baxmayaraq, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyinə görə, müxtəlif beynəlxalq qurumlar Azərbaycanda bu işi tezləşdirmək üçün ölkəyə maliyyə yardımını etməyə hazırdır.

Hazırda həyata keçirilən proqram ölkədə elektron hökümətinin qurulmasının hazırlıq işlərinin 2008-ci ildə bitəcəyini və bundan sonra daha 4 il ərzində həyata keçəcəyini nəzərdə tutur. Lakin Osman Gündüzün fikrincə, bu işdə ləngimək olmaz.

"Ən müasir belə informasiya texnologiyaları çox qısa zamanda köhnəlirlər".

Lakin Rüfət Gülməmmədovun fikrincə Azərbaycanda çox qısa müddətdə elektron hökümətinin yaradılması özünü doğrultmaz.

"Misal üçün Azərbaycanda hər 100 nəfərə 2,3 kompüter düşür. Özü də ölkədə bu sahəyə aid bir çox mütəxəssislər hazırlanmalıdır".

Mütəxəssislərin fikrincə, Azərbaycan cəmiyyətində olan kompüter və informasiyadan istifadə mədəniyyəti elektron hökümətinin qurulması üçün bir qədər daha da inkişaf etməlidir.