Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 04 Yanvar, 2007 - Published 17:49 GMT
 
Dostunuza göndərin Çap versiyası
İsfahanın UNESCO siyahısına salınması təklif edilir
 
İsfahan şəhəri
İranın İsfahan şəhəri dünyanın ən gözəl memarlıq incilərindən biri sayılır. Şəhərin Nəqşi Cahan meydanı UNESCO-nun mədəni irsinə daxildir.

İndi bütün şəhərin Yunesko siyahısına salınması təklifləri səslənir.

İsfahan 17-ci əsrdə möhtəşəm sarayları və sərin bağları, əzəmətli məscid və əyləncə məclisləri ilə ən mütərəqqi avropalıları belə özünə məftun edən şərq şəhəridir.

Lakin bugünlər şəhər sürətlə dağılmaqdadır.

İsfahanın Çar Bağında 100 il bundan əvvəl əkilmiş ağaclar var. Burada yeni metro xətti inşa ediləcəkdir. Bağın uzandığı ərazi boyu 6 dayanacaq olacaq. Bəzi yerlərdə artıq yaşıl rəngli inşaat hasarları quraşdırılıb və qaldırıcı kranlar fəaliyyətə başlayıb.

Tikinti zamanı burada çox şey məhv olacaq. Ən əsası isə bu yeni metro xəttindən əmələ gələcək vibrasiyanın Çar Bağın hər iki tərəfi boyunça yerləşən qədim binalara necə təsir edəcəyi məsələsidir.

Axı bu bunaların bəziləri dörd əsr bundan əvvəl, Səfəvilər dövründə tikilib.

İsfahanın bələdiyyə rəsmiləri şəhərin qədim hissəsinin nəyə görə bu cür dağıldığını açıqlamaq istəməyiblər.

Ekspertlər və alimlər isə bu barədə açıq danışmaqdan çəkinirlər. Tehranlı jurnalist Həsən Zuhuri:

"Şəhər dağıdılır . Tarixi İsfahan deyilən şey artıq yoxdur. İsfahan təhlükə altındadır demək də artıq gecdir. Nə mümkün idi, artıq məhv edilib. Dağılası daha heç nə qalmayıb. "

İsfahan İranın ikinçi ən böyük şəhəri sayılır. Buraya miqrasiya çox yüksəkdir və bu səbəbdən torpaq, necə deyərlər, od qiymətinədir. İnşaat sahəsində tez gəlir əldə etmək mümkündür və yeni tikililərin hündürlüyünə dair müəyyən qanunlar mövcud olsa da, yerli şura özü həmin qaydaları pozur - məsələn, böyük ticarət mərkəzi tikib.

Bu isə UNİCEF-in narazılığına səbəb olub. Təşkilat bildirib ki, İsfahanın baş meydanı dünyanın mədəni irsi statusundan məhrum edilə bilər. Yenə də jurnalist Həsən Zuhuri:

"Bugünlər hamı inşaatla məşğul olmaq istəyir. Tutalım ki, biri oğlunu evləndirmək və onun üçün ev tikmək istəyir və öz evinin mərtəbəsini artırır. Sonra onlar evin içində maşın üçün qaraj istəyirlər. Adamlar müasir nailiyyətlərdən istifadə etmək istəyirlər. "

Ekspertlərdən birinin dedyinə görə, son 10 ildə şəhərdə tək-tük qədim bina qalıb. Qalanlar da əsas tarixi tikililər sayıldığından hələ sağ-salamat qalıb. Amma bu tikililər də baxımsızlıqdan bərbad haldadır.

İsfahan sənətkarlarından biri ətraf tikililərin bərbad vəziyyətdə olduğunu deyir.

"Gəlirlər, təmir işlərinə başlayıb, heç nə etmədən gedirlər. Görürsən ki, tikililərdən hansınınsa taxta sütunları çürüdü, digərisinin naxışı qopdu və sairə."

İsfahanın bugünkü durumundan inqilabdan sonra ölkənin mədəniyyət naziri vəzifəsində işləmiş doktor Pərviz Najavand da qileylənir:

"Uzun illər İran milli irsinin saxlanılıb qorunmasına çalışan bir şəxs kimi yalnız onu deyə bilərəm ki, yalnız İsfahan yox, bütün İran bu mənada dağılır. Bizim nəsil kimi bu məsələyə belə məsüliyyətsiz yanaşan nəsil, yəqin ki, hələ olmayıb."

Belə görünür ki, 21-ci əsr bu qədim şəhərə qarşı heç də mərhəmətli olmayıb. İranlıların böyük iftixarla dediyi kimi, İsfahan vaxtilə o dərəcədə möhtəşəm və əzəmətli olub ki, Nüsfü Cahan - dünyanın yarısı adlandırılırdı.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik