http://www.bbcazeri.com

25 Sentyabr, 2008 - Published 09:53 GMT

"İnvestisiya yatırılsa Qarabağ bəlkə qala bilər"

Moskva müxbirimiz Eldar İsmayılzadə ötən həftə bir qrup jurnalistlə birgə Yerevanda səfrəd olub. O, yüksək rütbəli Ermənistan rəsmilərilə, o cümlədən Prezident Serj Sərkisyanla görüşüb və ondan müsahibə alıb.

Müxbirimizin Yerevanda aldığı müsahibələri aşağıda oxuya bilərsiniz.

Ermənistan Prezidenti Serj Sarkisyan deyib ki, əgər Azərbaycan Dağlıq Qarabağa investisiya qoymağa çalışsa, o zaman bəlkə oranın əhalisi Azərbaycanın tərkibində qalmaq perspektivinə münasibətini dəyişər.

Bunları Ermənistan prezidenti bir qrup xarici jurnalistlə Yerevanda keçirdiyi görüşdə bildirib. Bizim Moskva müxbirimiz Eldar İsmayılzadə də həmin səfərdə iştirak edir və görüş zamanı Serj Sarkisyana Dağlıq Qarabağın statusu ilə bağlı sual verib.

Sual: Güzəştlərin hər iki tərəfdən edilməsi barədə çağırışlar edilir. Ermənistanda bu güzəştlərin yuxarı həddi hansıdır? Ermənistan nədə güzəştə gedə bilməz? Ümumiyyətlə, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində, hansı formadasa qalması ideyası ilə barışa bilərmi?

- Bu istiqamət haqqında biz çoxdan, ən azı 14 il bundan əvvəl, elan etmişdik. O zaman ki, atəşkəs istəyirdik, və daha bir neçə il ondan öncə bu barədə danışmışdıq. Və bu istiqamət odur ki, Dağlıq Qarabağ xalqının öz müqəddarıtını həll etmək hüququ tanınmalıdır.

Məsələ ondadır ki, Dağlıq Qarabağ xalqı min illər bu ərazidə yaşayıb və indi elə şərait yaradılmalıdır ki, bu xalqın həmin ərazidə təhlükəsiz yaşayışını davam etdirmək imkanı olsun.

O dövr, Qarabağın Azərbaycanın tərkibində olduğu Sovet dövrü göstərmişdir ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın təhlükəsiz yaşamsı mümkün deyil.

O ki qaldı nəzəri varianta - yəni, Qarabağ hər hansı şəkildə Azərbaycanın tərkibində ola bilər ya yox - əlbəttə, mən cavab verə bilərəm ki, bunu qarabağlıların rəyini referendum vasitəsilə müəyyən etmək olar cə sair.

Lakin mən əminəm ki, heç olmasa yaxın vaxtlarda istənilən referendum yalnız və yalnız bir nəticəni göstərəcək - qarabağlılar Azərbaycandan kənarda olmağı istəyəcəklər.

Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş guzaranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər.

Başqa yol yoxdur. Əgər bir gün möcüzə baş versə və Qarabağ Azərbaycanın tərkibinə düşsı, zənnimcə, çox qısa bir zaman ərzində Qarabağda bir nəfər də olsun erməni qalmaz.

Sual. Gürcüstan öz seçimini Qərbin xeyrinə edib. Bəs Ermənistan necə? Gürcüstanda son hadisələrə Ermənistanın münasibəti necədir?

- Biz öz xarici siyasi kursumuzdan danışarkən, dəfələrlə NATO-ya üzv olmaq fikrində olmadığımızı bəyan etmişik. Biz Avropa İttifaqının Qonşuluq Siyasətinə dair Tədbirlər Planını həyata keçiririk. Bu bizim üçün çox mühüm bir istiqamətdir.

Amma sadəcə "üzv olmaq istəyirəm" demək bəs deyil. Belə olsaydı, Gürcüstan çoxdan Aİ-nin üzvü olmuşdu. Biz heç zaman Gürcüstanı bu istiqaməti seçməsinə görə tənqid etməmişik. Bir qonşu kimi, bizim bir-birimiz qarşısında öhdəliklərimiz var.

Gürcüstan GUAM üzvüdür, Ermənistan isə MDB Kollektiv Təhlükəsizlik Sazişinin üzvüdür. Gürcüstan NATO üzvlüyünə can atır, biz yox. Gürcüstan yalnız ərazi bütövlüyü prinsipini tanıyır. Biz isə xalqların öz müqəddəratını müəyyən etmək hüququnu onunla bərabər tuturuq. Digər sözlə, elə sahələr var ki, orada qonşu dövlətlərin maraqları bir-birinə zidd ola bilər.

Lakin əsası budur ki, bu bizə bir-birimizə olan qonşuluq öhdəliklərini yerinə yetirməyə mane olmasın. Fikrimcə, bunu etmək mümkündür və biz əlimizdən gələni edəcəyik ki, biz aramızda normal əməkdaşlıq münasibətlərini davam etdirək.

Bu sizə təəccüblü gələ bilər ki, Ermənistan həmişə xalqların öz müqəddəratını müəyyən etmək hüququndan danışıb, amma Kosovo, C. Osetiya və Abxaziyanın müstəqilliyini tanımır... Lakin bizim üçün bu seçim aydındır. Nə qədər ki, biz Dağlıq Qarabağın müstəqilliyini tanımamışıq, başqa yerləri də tanıya bilmərik.

Bunun isə səbəbi odur ki, biz Azərbaycanla danışıq prosesindəyik və hər iki tərəf üçün məqbul çözüm yolu axtariririq. Yadiniza salmaq istərdim ki, Kosovo və digər hallarda müstəqillik artıq başqa yol qalmayanda élan edilib. Ermənistanda hiss edəndə ki, artıq başqa yol qalmayıb, onda Dağlıq Qarabağı tanıyacaq.


Edvard Nalbandyan: "Ermənistan bu dəfə çox güzəştlərə gedib"

Ermənistanın xarici işlər nazirinə verilən ilk sullardan biri Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların çərçivəsi və prosesdə Türkiyənin son zamanlar fəallıq göstərmək cəhdləri ilə bağlı olub.

E. Nalbandyan: Ümumən əgər Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilsə, bunu ancaq alğışlamaq olar. Ancaq nəzərə almaq lazımdır ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində gedir və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyiylə gedir. Danışıqlar keçən ilin noyabrında həmsədrlərin Madriddə etdikləri təkliflər əsasında gedir. Zənnimcə, danışıqlar məhz Minsk qrupu çərçivəsində aparılmalıdır. İndi guya Gürcüstandakı hadisələrdən sonra bu çərçivənin işlək olmaması haqda söz-söhbətlər, məncə, əsassızdır. Biz Qarabağ danışıqlarını Cəbubi Osetiya ətrafındakı hadisələrlə bağlamamalıyıq.

Sual: Sizin bu yaxınlarda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşünüzdə Türkiyə-Ermənistan-Azərbaycan arasında kommunikasiyaların açılması, gələcəkdə neft, qaz, dəmir yol layihələrinə Ermənistanın qoşulması məsələsi müzakirə edilibmi?

Özünüz başa düşürsünüz ki, iki nazir təkbətək görüşəndən sonra mətbuata deyə bildikləri şeyləri deyə bilirlər. Ancaq öz tərəfimdən deməliyəm ki, münasibətlərin normallaşdırılması bütün bölgə üçün, o cümlədən daha yaxşı nəqliyyət imkanları yaradacaq. Cənubi Osetiya ətrafındakı hadisələr bölgədə sabitlik və təhlükəsizliyin nə qədər kövrək olduğunu və nəqliyyat, enerji, kommunikasiya işində alternativlərin zəruri olduğunu göstərdi. Bu baxımdan məsuliyyətli siyasətçilər başa düşməlidirlər ki, bu onların öz xalqları, bölgənin maraqlarına cavab verir və bu işi inkişaf etdirməlidirlər.

Sual: Aydındır ki, burada hər şey Qarabağ münaqişəsinə ilişib. Son zamanlar tez-tez deyilir ki, işdə irəliləyiş var, siz konkret olaraq deyə bilərsinizmi, yolun hansı hissəsi arxadadır və hansı hissəsi uzlaşdırılmamış qalır?

Mən sizin diqqətinizi yaxınlarda prezident Əliyevin etdiyi bəyənatlara yönəltmək istəyirəm. Məncə, Azərbaycan rəhbərliyinin mövqeyində də nə isə dəyişikliklər baş verib, bəlkə buna Cənubi Osetiya ətrafındakı hadisələr təsir edib. Beləki, əgər Azərbaycandan əvvələr münaqişənin hərb yolu ilə həll edilməsi haqda xeyli bəyanatlar səslənirdisə, indi belə bayanatlar eşidilmir və bu müsbət haldır. Hərb yolu ilə həll, həll deyil. Ona görə ki, istənilən müharibədən sonra dipomatlar yenidən danışıqlara başlamalıdırlar. Biz indi danışıqlar aparırıq, ancaq müharibə olsa, biz sonra yenə də danışıqlara qayıdacağıq, ancaq daha pis şəraitdə.

Hazırda çox ciddi daqnışıqlar gedir, açıq deməliyəm ki, biz xeyli irəliləmişik və biz nizamlanmaya çıxa bilərik. Sadəcə hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi lazımdır. Biz nizamlanmaya hələ 2001-ci ildə çox yaxın idik, o zaman Parisdə iki ölkə lideri müəyyən razılığa gəlmişdilər və bu razılaşma Ki-Uestdə kağıza qoyulmuşdu. Sonra isə Azərbaycan tərəfi dedi ki, hələ hazır deyil, ona görə ki, ictimai fikir hazır deyil. Hal hazırda bir xarici işlər naziri kimi deyirəm ki, danışıqlar Helsinki aktının 3 prinsipi əsasında gedir - bu güc işlədilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddarıtını təyin etməsidir. Minsk qrupunun təkliflərində də bu prinsipləri uyuşdurmaq cəhdi edilir.

Sual: Bəs bu prinsipləri necə bir yerdə uyuşdurmaq olar? Axı onlar bir-birini faktiki istisna edir?

Xeyr, onlar birini istisna etsəydi, onlar beynəlxalq hüquqün əsas sənədlərinə qoyulmazdı. Hər şeyi danışıqlar yoluyla həll etmək lazımdır. Məhz buna görə də Ermənistan Cənubi Osetiyadakı vəziyyətdən istifadə edib Qarabağı tanımaq yolu ilə getmədi. Biz danışıqların qarşılıqlı güzəştlərə gətirməsinin tərəfdarıyıq.

Sual: Yaxşı, bəs Ermənistan konkret olaraq hansı güzəştlərə gedib?

Əgər siz Ki-Uestdə olanla indiki müzakirə edilən təklifləri müqayisə etsəniz, böyük fərqi görəcəksiniz. Məhz Ermənistan bir sıra güzəştlərə gedib. İndi o vəziyyətdir ki, tərəflərin birinə dayanmaq lazımıdır. Ona görə ki, həmişə nə isə yenə tələb etməklə itirə də bilərsən. Bu çox məxfi, həssas danışıqlardı, mən onların məğzini aça bilmərəm. Ancaq nizamlanma işində əsas məsələ Qarabağın statusudur. Status həll olunsa, bütün başqa məsələlər həll oluna bilər. Məncə, mən hər şeyi dedim.


"Silahlarımızı modernləşdirməyə çalışırıq"

Ermənistanın müdafiə naziri Seyran Ohanyana verilən ilk suallardan biri Azərbaycanın silahlanması və bunun müqabilində Ermənistanın necə davranacağı haqda sual olub.

Azərbaycanın surətlə silahlanması haqda məlumatımız var, bunu elə Azərbaycanın öz siyasi rəhbərliyi də bəyan edir. Bizim silah yarışına qoşulmaq niyyətlərimiz yoxdur. Ancaq əlbəttə ki, biz öz ordumuzun yüksək hazırlıq vəziyyətində saxlanılması üçün tədbirlər görürük. Ordumuz dövlətin təyin etdiyi templərlə silahla təhciz edilir, modernləşmə gedir. Elə bir yeni silah növləri yoxdur, biz sadəcə əlimizdə olan silahları modernləşdirməyə çalışırıq.

Əgər Qarabağda silahlı qarşıdurma başlasa, Azərbaycan ordusuna qarşı Ermənistan Respublikasının rəsmi silahlı qüvvələri istifadə ediləcəkmi?

Hazırda Azərbaycan qüvvələriylə təmas xəttində Qarabağ silahli qüvvələri yerləşir və onlar bu illər ərzində balansı saxlaya bilirlər. Onlar qarşılarına qoyduqları məqsədləri həyata keçirməyə qabildir, ancaq eyni zamanda Ermənistan Respublikası həmişə deyib ki, o, Qarabağın erməni əhalisinin təminatçısı olacaq. Bu, Ermənistanın milli təhlükəsizlik konsepsiyasında əks olunub.

Bəs Ermənistanın hərbi doktrinasında Türkiya haqda nə deyilir, o, təhlükə, yaxud potensial düşmən kimi göstərilirmi?

Bizim doktrina göstərilir ki, Türkiyə tərəfindən təhlükə var. Ancaq bu kəlmə daşda həkk olunmayıb, biz əgər qarşılıqlı surətdə onu dəyişmək istəsək dəyişə bilərik.

Əgər Gürcüstan NATO-nun üzvü olsa, bu Ermənistana necə təsir edə bilər? Aydındır ki, belə vəziyyətdə Qərblə Rusiya arasında qarşıdurma qüclənəcək...

Əlbəttə əgər Gürcüstan NATO-ya daxil olsa biz siyasətimizi elə qurmalıyıq ki, həmin vəziyyətdə də erməni dövlətinin təhlükəsizliyini təmin etməyə imkan olsun. Biz həm NATO-la həm Rusiyayla münasibətlərə malik olmalıyıq. Amma bildirməliyəm ki, Gürcüstanın NATO-da üzvlüyü bizə elə bir təhlükə kəsb etmir.


Hal hazırda Qafqazlarda vəziyyətin gərginləşməsi üzündən Ermənistanda yerləşən Rusiyanın 102 bazasının qücləndirilməsi nəzərdə tutulurmu?

Bizim məlumatlara görə, Rusiya silahlı qüvvələrində müəyyən islahatlar gedir. Ola bilsinki, bu iş çərçivəsində onların məhz 102-ci bazanın optimallaşdırılması haqda müəyyən planları var.


21-ci əsrdə ərazi məfhumu əhəmiyyətsiz olacaq

Ermənistanın Baş naziri Tiqran Sarkisyana jurnalistlərin verdiyi ilk sual Türkiyə-Ermənistan münasibətləri ilə bağlı olub.

Sual: Ermənistanda Türkiyə ilə sərhədin açılmasının hansı mümkün effekti olacağı hesablanıbmı?

Cavab: Sözsüz ki, dənizə çıxış və nəqliyyat kommunikasıyalarının şaxələndirilməsi çox vacibdir. Ona görə ki, bu iqtisadiyyatın daha davamlı inkişafını təmin edir. İqtisadiyyatda risklər azalır, etibarlılıq artır. Ona görə biz problemlərin həll olunması və dəmir yolunun açılmasında maraqlıyıq. Bunun konkret hansı iqtisadi təsiri olması haqda müxtəlif fərziyyələr var. Ümumən sərhəddin bağlı olmasının nəticəsi odur ki, Ermənistan elmyönlü iqtisadiyyata daha çox diqqət verir. Bu bizi iqtisadiyyatın səmərəliliyini qaldırmağa daha çox enerji və güc sərf etməyə məcbur edir. Bu bizim üçün post-industrial iqtisadiyyat, elm və yeni texnologiyalara söykənən iqtisadiyyat qurmağa bir stimuldur.

Sual: Ermənistan iqtisadiyyatının strukturunda hərbi xərclər hansı yeri tutur?

Cavab: Bu xərclər bizim ümumi daxili məhsulumuzun 3 faizini təşkil edir. Keçən ilə ümumi daxili məhsulumuz 10 milyard dollar olub, deməli hərbi xərclər 300 milyon dollar təşkil edib. Tamamilə açıq və rəsmi məlumatdır. Bu faiz Gürcüstan və Azərbaycandakı rəqəmlərdən bir qədər aşağıdır.


Sual: Bəs Dağlıq Qarabağa Ermənistan rəsmi komək edirmi, və hansı həcmlərdə?

Ermənistan Qarabağa rəsmi iqtisadi kömək göstərir. Bu birbaşa maliyyə köməyidir və vasitəli köməkdir. Qarabağın iqtisadiyyatı Ermənistan iqtisadiyyatına inteqrasiya olunub, bu vahiq iqtisadi məkan, vahid valyuta, vahid maliyyə sistemidir. Bu baxımdan köməyin konkret həcmlərini hesablamaq çətindir. İqtisadi baxımdan Qarabağ Ermənistanın kiçik rayonlarından biridir. Ermənistanın ümumi daxili məhsulun təxminən 4-5 faizi Qarabağa düşür. Qarabağa xarici investiyilar çox gedir. Xaricdəki qarabağlılar öz vətənlərinə yatırımlar edirlər. Qarabağ Ermənistana nisbətən daha mütəşəkkildir. Orada qayda-qanun daha qüclüdür, orada kölgə iqtisadiyyatı da daha azdır, korrupsiyanın səviyyəsi də daha aşağıdır, bu baxımdan Ermənistanın özü onlardan bir çox şeyi öyrənməlidir.

Sual: Ümumən Azərbaycanla iqtisadi münasibətlərin bərpası Ermənistan iqtisadiyyatına hansı təsiri göstərə biləcəyi hesablanıbmı?

Cavab: Bizim xarici siyasət doktrinamızda göstərilir ki, biz öz qonşularımız, o cümlədən Azərbaycanla xoş münasibətlərin qurulmasında maraqlıyıq. Ona görə biz tezliklə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Bu məsələ cəmiyyətin nə qədər inkişaf etdiyindən asılıdır. Müəyyən iqtisadi, siyasi artım olanda qonşular üçün bir-biri ilə dil tapmaq daha asan olacaq. Avropa 2-ci dünya müharibəsindən sonra bu yolla gedib, birinci iqtisadi inteqrasiya olub, sonra isə siyasi məsələlər həll olunub. Məncə, bizi də eyni şey gözləyir. Və bu Avropadakından xeyli tez baş verəcək, indi sosial vaxt çox sıxılıb, biz 1 ilə o zamankı Avropanın 10 ilə yaşadığını yaşayırıq. Bu baxımdan, zənnimcə, yaxın 5 il ərzində biz münaqişəni həll edə biləcəyik.

Sual: Cənab baş nazir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla xoş münasibətlərdən danışır, burada küçədə adi insanlarla danışanda məlum olur ki, adamlar xoş münasibətlərin tərəfdarıdır, ancaq deyək Azərbaycan və Türkiyə ilə olan ərazi problemlərində güzəştə getmək istəmir?

Cavab: Biz işə gələcəkdən baxmalıyıq, keçmişdən yox. Biz dünyanı gələcəkdə necə görürük və Ermənistanın bu dünyada yeri nə olacaq. Dünya dəyişir və biz onun hansı istiqamətdə dəyişməsi, burada hansı dəyərlərin olmasını müəyyənləşdirməliyik. Bu baxımdan milli ərazilər nədir, bu məhfum varmı, yoxsa haradasa yaşayan insanlar məhfumu var. Məncə, məhz bu dəyərlər qalib gələcək. Bu isə ərazinin 21-ci əsrdə heç bir əhəmiyyətə malik olmaması deməkdir. Bu o deməkdir ki, biz insanların rahat yaşaması üçün şərait yaratmalıyıq. İnsanlar onlar üçün rahat yaşayışı verən yeri seçmək hüququna malik olmalıdırlar. Bu azad seçim insanların vətəninin harda olmasını təyin edəcək. Məhz bu rakursdan Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında olan problemləri həll etmək lazımdır.

Sual: Siz intellektual elita nöqteyi nəzərindən danışırsınız, amma adi insanlarla danışanda elə təəssürat yaranır ki, onlar sizinlə razı deyillər.

Cavab: Bizim cəmiyyətdə hələ 18-ci əsrdə olan zümrələr var, 20-ci əsrdə olanlar var, artıq 21-ci əsrdə olan insanlar var. Sual ondadır ki, bu cəmiyyəti kim irəli aparacaq. Elita aparmalıdır, elita isə keçmiş əsr yox, 21 əsrin kateqoriyaları ilə fikirləşməlidir. Əgər bizim cəmiyyətdə hələ 18-ci əsrdən qalmışlar varsa, bu, bizim problemimizdir və onu həll etməliyik. Biz onları irəli aparmalıyıq, geri getməməliyik.

BBC Ermənistan prezidentini təhrif etməyib

Bir neçə gün öncə, BBC Azərbaycan xidməti Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana səfər edən bir qrup xarici jurnalistlə görüşündən iqtibaslar vermişdi.

Həmin görüşdə, BBC Azərbaycan xidmətinin Moskva müxbiri Eldar İsmayılzadə də iştirak edib. Həmin söhbət zamanı prezident Serj Sarkisyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı söylədiyi və BBC-nin yayımladığı bəzi məqamlar həm Azərbaycan və həm də Ermənistan mətbuatı və cəmiyyətində geniş müzakirə olunur.

Bəzi agentliklər bu yaxında, Ermənistan mənbələrinə istinadən, BBC Azərbaycan xidmətinin efirə verdiyi və internet saytında yerləşdirdiyi məlumatlarda guya təhriflərin olduğunu xəbər verib.

Söhbət, prezident Sarkisyanın Azərbaycan dilinə təcümə edilmiş bu sözlərindən gedir:

"Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzəranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər. "

Qeyd etmək istərdik ki, prezident Serj Sarkisyan jurnalistlərlə mükaliməni erməni dilində aparıb, onun dedikləri isə tərcüməçi tərəfindən ingilis dilinə çevrilirdi. BBC Azərbaycan xidməti isə yayımladığı və vebsaytda yerləşdirdiyi məlumatı Azərbaycan dilinə ingilisdən deyil, ilk mənbədən - erməni dilindən tərcümə etmişdi.

BBC Azərbaycan xidməti prezident Serj Sarkisyanın ermənicə dediklərinin Azərbaycan dilinə düzgün tərcüməsini, habelə söylənilən fikirlərin kontekstdən çıxarılmayaraq yayımlanması və məna etibarı ilə tam dəqiqliyini təsdiq edir.

BBC Azərbaycan xidməti Serj Sarkisyanın dediklərinin audioyazısına malikdir.