Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 20 Yanvar, 2010 - Published 02:20 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Qara Yanvar: O vaxt Britaniya qəzetləri nə yazırdılar?
 
baku
Hazırda Azərbaycan müstəqil bir dövlət kimi BMT-nin, ATƏT-in və Avropa Şurasının üzvüdür.

Bir çox Azərbaycan tarixçiləri bu müstəqilliyin məhz 1990-cı ilin həmin qanlı yanvar gecəsindən başlandığını söyləyirlər.

Lakin həmin gecə Azərbaycan müstəqil deyildi və Sovet imperiyasının sərhədləri içindəydi.

Görəsən o vaxt dünya həmin hadisələri necə qiymətləndirirdi.

Biz 1990-cı ilin ilk iki ayında çıxmış Britaniya qəzetlərinə nəzər yetirmişik.

"Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir".

Bu sözləri 1990-cı il yanvarın 29-da Londonda çıxan “Times” qəzeti yazırdı.

Qəzet yazırdı ki, Bakıya hücumun məqsədləri barədə Sovet İttifaqının Xarici İşlər və Müdafiə nazirlikləri arasında ciddi fikir ayrılığı var.

Mətbuatdan alınan xəbərlərə görə yerli kommunist rəhbərləri tərəfindən Cənubi Qafqaza hərbi qulluğa göndərilən ehtiyatda olan hərbçilər getməkdən imtina edirlər.

 Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir
 
Times qəzeti, 1990, yanvar

Moskvanın özündə müxtəlif siyasi qüvvələr qoşunların kim tərəfindən göndərildiyini xəbər alır və onların dərhal geri çağırılmasını tələb edirlər.

“Times” həmçinin həmin həftə Azəırbaycanın Moskvadakı daimi nümayəndəliyinə hərbi reyd barədə yazırdı.

Qəzet yazırdı ki, reyd zamanı atəş açılıb və Xalq Cəbhəsinin liderlərindən biri həbs olunub.

“Bu ondan xəbər verir ki,” – yazır qəzet - Sovet liderliyi millətçi hərəkatı boğmaq əzmindədir, hərçənd SSRİ Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsindəki "sağlam siyasi qüvvələr"lə danışıqlara hazır olduğunu bildirib”.

1990-cı il yanvarın 29-da “Financial Times” yazırdı ki, prezident Qorbaçov Bakının hərbi işğalı ilə bağlı tənqidlərlə üzləşməkdə davam edir.

Bu dəfə onu Rusiya millətçiləri tənqid edirlər. Qəzet yazırdı ki, Rusiya millətçiləri Moskvanın mərkəzində yürüşü keçirərək "oğullarımızı geri çağırın" şüarlarını irəli sürüblər.

“Financial Times” yazır ki, hətta millətçi və anti-semit "Pamyat" təşkilatı da qoşunların Azərbaycandan çıxarılmasını tələb ediblər.

"Pamyat" təşkilatının lideri Dmitri Vasilyev millətlərarası toqquşmalara görə kommunist rəhbərliyini günahlandıraraq deyib ki, rusların müsəlman azərbaycanlılarla heç bir mübahisəsi yoxdur.

"Bizim bir qoşun müsəlman dostumuz var", - deyib Vasilyev.

"Financial Times" qəzeti həmçinin 20 yanvar gülləbaranından dərhal sonra Bakıda yayılan belə bir şaiyələrin doğruluğunu da təsdiq edirdi ki, 19-20 yanvar gecəsi Bakıya yeridilən qoşun Stavropol, Rostov və Krasnodar reservistlərindən ibarət olub.

"Financial Times" yazırdı ki, onların əksəriyyətini gülləbarandan sonra adi nizami qoşunlar əvəz ediblər.

Qəzet yazırdı ki, Bakıda nəqliyyatın işi bərpa olunub və ərzaq dükanları açılıb.

Yanvarın 30-da "Times" qəzeti yazırdı ki, SSRİ xarici işlər naziri Eduard Şevardnadze Sovet qoşunlarının Azərbaycana qan tökülməsinin qarşısının alınması üçün göndərildiyini bildirib.

"Financial Times" yazırdı: "SSRİ müdafiə naziri Dmitri Yazov "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, qeyri-formal birləşmələrin fəaliyyəti ucbatından Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır".

Bununla belə nazir qoşunların Bakıya guya tətil edən əhalinin zorla işə çıxarılması üçün göndərildiyi barədə iddiaları rədd edib. O deyib ki, qoşunlar qanunsuz birləşmələri tərksilah etmək üçün bölgəyə göndəriliblər.

 General-leytenant Dubinyak elan edib ki, vəziyyət yaxşılaşsa, Bakıda kommendant saatının müddəti qısaldılacaq. O ümid etdiyini bildirib ki, Bakıda yerləşdirilmiş 17 minlik qoşun gələn ayın ortalarınadək şəhərdən çıxarıla bilər
 
İndependent qəzeti, 1990

“Financial Times” xatırladırdı ki, ikicə gün əvvəl Dmitri Yazov Sovet qoşunlarının Bakıya Xalq Cəbhəsinin strukturunu dağıtmaq üçün göndərildiyini söyləmişdi.

“İndependent” qəzeti özünün 2 fevral 1990-cı il nömrəsində yazırdı: "General-leytenant Dubinyak elan edib ki, vəziyyət yaxşılaşsa, Bakıda kommendant saatının müddəti qısaldılacaq. O ümid etdiyini bildirib ki, Bakıda yerləşdirilmiş 17 minlik qoşun gələn ayın ortalarınadək şəhərdən çıxarıla bilər".

Qəzet yazırdı ki, bu arada Azərbaycan Kommunist Partiyası MK-nın üzvü Əfrand Daşdəmirov ilk dəfə olaraq etiraf edib ki, hazırda respublika əhalisinin əksəriyyəti Xalq Cəbhəsini dəstəkləyir.

Qəzet yazırdı ki, Cəlilabad və Lənkəran şəhərlərində Sovet hakimiyyəti faktiki olaraq yıxılıb.

Cənab Şevardnadze Bakıya hücumun heç bir siyasi məqsədi olmadığını bildirib.

Və nəhayət “İndependent” qəzeti 1990-cı il fevralın 10-da yazırdı: "Yüz metrlərlə məsafə gül-çiçək divarları ilə müşaiyət olunur. Şəhidlər Xiyabanı kimi tanınan bu yerdə 100 minlərlə qırmızı qərənfillər döşənib. Sovet tankları Bakıya üç həftə əvvəl giriblər, lakin o gecəki ölümlərin yarası hələ də göynəyir. Bütün evlərin balkonlarından qara bayraqlar asılıb. Avtomobillərin hamısına qara lentlər bağlanıb”.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik