http://www.bbcazeri.com

07 Yanvar, 2010 - Published 14:49 GMT

Naxçıvanın Bənənyar kəndində əcaib hadisələr baş verir

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənənyar kəndinin bir qrup sakini BBC-nin Bakı ofisinə müraciət edib.

Onlar hazırda kənd sakinlərinin polis tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.

Amma hüquq –mühafizə orqanları və Naxçıvan Muxtar Respublikasının rəsmiləri bu xəbərlərin şişirdilmiş olduğunu , polislə vətəndaşlar arasında hər hansı insindentin baş vermədiyini deyirlər.

Bakı studiyamızın qonağı olan Kəmalə Xəlilova Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənənyar kəndindən Bakıya təzə gəlib.

O, Aşura günü dekabrın 27-də özünü yandırmış Yusif Xəlilovun bacısıdır.

Onun dediyinə görə, Bənənyar kəndində baş verən qalmaqal Aşura günü kənddə şahsey - vahsey gedən Kəmalə Xəlilovanın atası və bir neçə ağsaqqalın polis tərəfindən saxlanılmasından sonra baş verib.

Beləki, polis əməkdaşları zəncir vurduqlarına görə, Kəmalə Xəlilovanın atasını ağaca bağlayıb və möhkəm döyüblər.

Bunu görən qardaşı Yusif Xəlilov atasına kömək edə bilməyəcəyini görüb polisləri üstünə benzin töküb yandıracağı ilə hədələyib. Polislər bu hədəyə məhəl qoymayıb və oğlan dediyini edib.

Kəmalə Xəlilovanın sözlərinə görə, hazırda qardaşı İran İslam Respublikasında müalicə olunur.

Amma Bənəyar kənd sakinlərinin sözlərinə görə, kəndin əsil müsibəti bundan sonra başlanıb və hazırda da davam edir.

Beləki, hazırda kəndə daxili qoşun hissələri yeridilib, insanlar zorla evlərindən çıxarılır döyülür, soyuq otaqlarda saxlanılır, telefonlar dinlənilir, kəndə gediş-gəlişi dayandırılıb.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən jurnalist və hüquq müdafiəçisi Məlahət Nəsibova da kəndlilərin dediklərini təsdiqlədi.

O dünən Bənənyar kəndinə getməyə cəhd etdiyini , amma özlərini təqdim etmək istəməyən mülki geyimli şəxslər tərəfindən kəndə buraxılmadıqlarını bildirdi.

Məsələ ilə bağlı Culfa Rayon Polis İdarəsinə zəng vurmağa çalışdım.

Lakin rabitə qovşağının adını bildirməyən əməkdaşı polis idarəsinin nömrəsini verməkdən çəkindiyini və bunun ancaq Naxçıvan Muxtar Respublikasının rabitə xidməti rəhbərinin səlahiyyətində olduğunu dedi.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə Naxçıvan daxili İşlər nazirliyi ilə əlaqə saxladığını və kənd sakinlərinin dediklərinin şayədən başqa bir şey olmadığını bildirdi.

Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin rəhbər əvəzi Həsən Hacıyev də məsələnin kənd sakinləri tərəfindən şişirdildiyini dedi.

Amma artıq bir neçə gündür ki, Bənənyar kənd sakinlərinin müdafiəsi ilə bağlı döymədiyi qapı qoymayan hüquq müdafiəçilərinin monitorinq qrupunun üzvü Səadət Bənanyarlı bildirir ki, od olmayan yerdə tüstü olmaz.

Hüquq müdafiəçisi həqiqətin kimin tərəfində olduğunu aydınlaşdırmaq üçün daxili işlər nazirinə jurnalist və hüquq müdafiəçilərini Bənənyar kəndinə buraxmaq xahişi ilə nüraciət etdiyini əlavə etdi.

Bənənyar kəndində baş verən hadisə ilə bağlı kənd sakinləri ombudsman aparatı və ATƏT-in Bakı ofisinə müraiciət ediblər.