Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 25 Mart, 2010 - Published 16:48 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Facebook gündəliyi
 
Facebook
Facebook gündəliyində sosial medianın yaratdığı dəyişiklərdən danışırıq
BBC-nin mart ayı boyunca hazırladığı Superpower proqramlar mövsümü davam edir. Bu proqramlarda biz İnternetin gücündən, onun insanların həyatını necə dəyişməsindən danışırıq.

Şəxsi münasibətlərdən tutmuş biznes işlərinədək İnternet insanların həyatında böyük dəyişiklər yaradıb. Yeni media yalnız jurnalistika üçün yol açmayıb, həmçinin auditoriyanı və sivil cəmiyyəti azad söz və sosial aktivliyə ruhlandırıb.

Sosial mediadan geniş istifadə olunması dünya boyunca mədəni və siyasi dəyərləri də dəyişib. İnsanlar danışmaq, iştirak etmək və fikirlərini bölüşməyə həvəslidirlər.

BBC Azərbaycan xidmətinin İnternet mövsümü çərçivəsində hazırladığı yeni online layihə "Facebook gündəliyi" adlanır.

Bu layihənin iştirakçıları olanlar hər gün sosial media saytları olan Facebook-u və Twitter-i izləyəcəklər və öz müşahidələrini saytımızın oxucuları ilə bölüşəcəklər.

Facebook gündəliyimizin ilk hissəsi "Sosial media və münaqişələrin həlli" adlanır.

Müşahidələr üçün əsasən Facebook-dan istifadə etməyimizdə məqsəd bu yeni sosial medianın öz istifadəçilərinə təklif etdiyi imkanlar və ondan bir fikir platforması kimi istifadə olunmasıdır.

Sosial media Ermənistan və Azərbaycanın sülh fəallarına hansı imkanlar yaradır? Yeni media vasitələri hazırkı vəziyyəti dəyişməyə qadirdirmi? Millətçilər yeni mediadan "düşmənə" hücum üçün istifadə etməkdə ikən sosial medianın zərərli effetkləri nə ola bilər?

Bu suallara "Sosial media və münaqişələrin həlli" mövzusunda gündəliyi yazanlar, Azərbaycandan Arzu Qeybullayeva və Ermənistandan Onnik Krikorian cavab verəcəklər.

Arzu Qeybullayeva Bakıda yaşayan regional təhlilçi və bloqçudur.

Arzu Qeybullayeva

Arzu Qeybullayeva

3. Birlikdə daha güclüyük

Ötən yay iki gənc fəal, Emin Milli və Adnan Hacızadə həbs ediləndə, mən unikal bir halın şahidi oldum. Emin və Adnan azərbaycanlı olsalar da, onların azad edilməsi uğrunda başlamış geniş dəstək hərəkatına Ermənistandakı fəallar da daxil olmuşdular. Hətta onların həbsi xəbəri əsas mətbuat qurumları tərəfindən işıqlandırılmazdan əvvəl belə həm Ermənistan, həm Azərbaycanda bloggerlər baş vermiş hadisə barədə mütəmadi yenilikləri çatdırır və Twitter və Facebook statuslarını təzələşdirirdilər.

Tamamilə tanımadıqları adamların sosial şəbəkələr vasitəsilə onlar barədə suallar verməsi, hadisəni işıqlandırması və mənəvi dəstək vermələrini görmək inanılmaz hisslər oyadırdı.

Treninq zamanı bu hadisə haqda söhbət edən erməni gənclərin gözlərindəki coşqunluq və kədəri gördüyüm üçün özümü xoşbəxt sayıram. Onlar öz məyusluqlarını bizimlə bölüşdülər və mən onların səmimiyyətinə zərrə qədər də şübhə etmirəm.

Bax biz “azərbaycanlılar” və onlar “ermənilər” beləyik, əslində eyniyik. Biz bənzər pop və ya rok musiqisinə qulaq asırıq, eyni videolara baxırıq, xaricdə təhsil almaq təcrubəmizlə bölüşürük və daha yaxşı gələcəyə ümid edirik.

Mənim yadıma ilk erməni dostumla söhbət etməm düşür. Biz tələbə mübadiləsi zamanı Amerikada görüşmüşdük. İkimiz də eyni musiqini, eyni qrupları və bənzər kitabları sevirdik. Mən onunla bir neçə il sonra görüşdüm, o zaman da dəyişmədiyimizi hiss etdim.

Bir neçə il sonra mən ermənistanlı jurnalist Onniklə işləmək imkanı əldə etdim. Biz ikimizə xas olan bir dəyər hiss etdik. Bloqlar, Facebook və Twitter kimi yeni sosial media vasitəsilə stereotipləri sındırmaq.

Vaxtaşırı haqqımda mənfi şərhlər oxusam da, elədiklərimə inamım sarsılmazdır və ümid edirəm ki, hələ bundan da çox işlər görəcəyəm.

25 mart, Bakı

2. Mənfi məqamlar

Biz Facebook-dan hər kəsin istifadə etdiyi bir imkan kimi danışırıq, amma təəssüf ki, o bəzən müharibə zonasına çevrilir. Mən indi sizə bir neçə həftə əvvəl öz Facebook-umda Yerevanda baş vermiş insidentlə bağlı yayımladığım linkdən sonra aparılan diskussiyadan danışacağam.

Məqalənin linki budur: http://unzipped.blogspot.com/2010/02/armenia-police-in-action-against.html

Bunu mən öz Facebook divarımda yerləşdirdikdən sonra erməni dostum Edgar kədər işarəsilə şərh verdi və sonra mənə həmin hadisənin videosunu göndərdi.

Amma çox uzun çəkmədi ki, gənc azərbaycanlı oğlan belə bir şərh yazdı: “Amma mən hər iki xalqa azadlıq arzulamıram… Yaxşısı bizə, pisi onlara…əsas məsələ bizim azadlığımızdır...”

Edgar cavab vermək qərarına gəldi və bunu yazdı: “Araz can, sən mehriban gözləri və dostyana təbəssümü olan gənc oğlana bənzəyirsən. Sənə məsləhətim budur: ürəyindəki nifrətə qalib gəlməyə çalış, heç zaman insan ölçüsü olan məsələlərə siyasi məsələ kimi yanaşma. Unutma ki, demokratiya mütləq kateqoriyadır və heç bir millət və sərhəd tanımır. Regionda demokratik rejimlər çox olsa, müharibə imkanı daha az olar. İnsanlıq tarixinə iki demokratik ölkə arasında hər hansı müharibə düşməyib”.

Cavabında Araz bunları yazdı: “Əvvəla, mənə “can” demə... mən sənin dostun deyiləm... ikincisi, bəli mənim dostyana təbəssümüm var, amma bu yalnız öz xalqım üçündür – TÜRKLƏR üçün...Mən heç zaman sənin ölkənə və xalqına təbəssümlə baxmayacağam...Mən Ermənistana və ermənilərə nifrət edirəm....mənim indi istədiyim Qarabağda mənim vətəndaşlarımı öldürən və bir gecədə qadınları və uşaqları (Xocalıda) öldürən bütün erməniləri öldürməkdir....niyə öldürdülər?? Dostluq üçünmü?)) Siz insan kimi yaşaya bilməyən və müharibə edə bilməyən millətsiniz...Tarixdə türklər qadınları və uşaqları müharibə zamanı öldürməyiblər...yalnız sənin xalqın və faşist əsgərləri bunu edib....Mənə demokratiya və dostluq barədə məsləhətlər vermə...Qarabağ və İrəvanı azad edəndən, ən azı 30 min erməni əsgəri öldürəndən sonra, vaxtım olarsa...mən demokratiya və dostluq barədə düşənəcəyəm...”

Təəssüf ki, bu söhbət heç hara aparıb çıxarmadı. Mən həmin gənc oğlana izah etməyə çalışdım ki, yeni bir müharibə və belə mənfi yanaşma heç nəyi dəyişməyəcək. Əlbəttə ki, o bunu mənim görə bildiyim tərzdə görməsi üçün çox gəncdir, ümid edirəm ki, onun fikri dəyişəcək və Facebook-da nifrətdən daha çox müsbət mesajları bir-birinə göndərən daha real və virtual dostluqlar var.

24 mart, Bakı

1. Müsbətə köklənərək

Arzu Qeybullayeva

Facebook-da yenilənən statusları izləyərkən, bir azərbaycanlı dostumun oz statusunda belə bir linki yaydığının şahidi oldum:


Bu linkə qoyulmuş şərh də ruhlandırıcı idi: “Bu tədbirin təşkilatçısı mənim dostum, mets ashkhatavor (tərcüməsi: böyük işçi) Georgi Vanyandır!”

Bu, indi milyonlarla insanın istifadə etdiyi ən populyar sosyal şəbəkələrdən birində – Facebook-da yayımlanan çoxsaylı nümunələrdən biridir. Yeni fenomenin – yeni social medianın bir hissəsi olan Facebook, həm azərbaycanlılar, həm də ermənilər üçün öz oxşarlıqlarını və fərqlərini bölüşdükləri, siyasət, mədəniyyət, həyat, incəsənət və s. haqqında danışdıqları bir platformaya çevirilib.

Facebook, Twitter və bloqlar Qafqazda, xüsusilə də Ermənistan və Azərbaycanda yaşayan gənclər üçün yeni imkanlar açıb.

Mən Facebook-a 2005-ci ildə qoşulmuşam. O zaman Facebook yalnız Böyük Britaniyada, Avropada və Amerika Birləşmiş Ştatlarında təhsil alan və yaşayan tələbələr üçün açılmışdı. O zaman mənə desəydilər ki, bir neçə il içərisində mən Facebook kimi yeni social media haqqında treniqlər keçəcəyəm, çox güman ki, belə bir ideyanı qəbul etməzdim və bu mənə gülməli görünərdi.

Ancaq 5 il sonra, mən Azərbaycan, Ermənistan və Gürcüstandan olan gənclərə bu barədə danışanda öz həyəcanımı gizləyə bilmirəm və öz müsbət təcrübəm barədə bölüşürəm, ölkələr arasında dialoqun qurulması üzrə apardığım işə aldığım müsbət reaksiyalardan sitat gətiriəm.

Nəticədə mən bir çox istedadlı gənc ermənilərlə tanış olmuşam. Həmçinin Gürcüstanda azərbaycanlıların məskunlaşdığı bir kəndə Yerevandan olan journalist Onnik Krikoryanla birlikdə gözlənilməz bir səfər etmişəm.

Daha sonra biz bu səfərimizlə bağlı öz təcrübəmizi İnternetdə Facebook, öz şəxsi bloqlarımızda və əlbəttə ki, Twitter vasitəsilə bölüşmüşük.

Aldığımız müsbət reaksiyalar ağlasığmaz dərəcədə çox idi, bu isə onun göstəricisidr ki, hadisələr müsbət yöndə dəyişə bilər və həm azərbaycanlılar, həm də ermənilər nəinki bir yerdə işləyə, həm də bir yerdə mövcud ola bilərlər.

23 mart, Bakı


Onnik Krikorian Global Voices Online-nın Qafqaz üzrə regional direktorudur. O, hazırda Yerevanda yaşayır, journalist və fotojurnalist kimi fəaliyyət göstərir.

Onnik Krikorian


Onnik Krikorian

3. Düşüncələr

Tbilisiyə səfər edən bir bakılı dostum dünən mənə zəng etdi. Adətən, mən bu qızla Skype vasitəsilə danışıram, bu səbəbdən də zəng etməsinə təəccüb elədim. O da zəng etməsinin qeyri-adi olmasını dərk edirdi. “Günlərin bir günü”, dedi o, “sənə öz evimdən zəng edə biləcəyimə ümid edirəm.” Əslində, çox qəribə idi. Bəli, bu onun səsi idi, amma eyni zamanda onunla bu cürə, adamların çoxu kimi, telefonla danışmaq fərqli hisslər yaradırdı.

Bəli, Skype heyrətamiz vasitədir və böyük imkanlar açıb. Amma o ünsiyyətə qoyulan məhdudiyyətlərdən yan keçmək üsuludur, həmin məhdudiyyətləri birdəfəlik yox etmək aləti deyil. Facebook, bloqlar və Twitter haqda da eyni şeyi demək olar. Düzdür, onlarsız mən Azərbaycanda bu qədər adamla ünsiyyətdə ola bilməzdim, amma yenə də bu vasitələr şəxsi təması əvəzləyə bilmir.

Əlbəttə, belə hallar da imkan daxilində baş verir. Amma bu gün mən Yerevandakı dostumdan başqa bir xəbər eşitmişəm. O da Azərbaycanda adamlarla əlaqə saxlayır, imkan olanda görüşür və hətta Bakıda sevdiyi oğlanı da var. Lakin, divarların da qulaqları var və bu yaxınlarda bəzi qeyri-rəsmi dairələr bu qızı sorğu-sual ediblər.

Hökumət qurumları yox, amma elə dairələr var ki, kifayət qədər stereotip və dözümsüzlüyə malikdirlər və buna görə də o qızın həyatına ciddi ziyan vura bilərlər. Təəccüblü deyil ki, o narahatdır, əslində narahat edilməməlidir.

Ermənistan vətəndaşlarını azərbaycanlılarla ünsiyyətdə olmasını heç bir qanun qadağan etmir. Onsuz da iki ölkə arasında rəsmən müharibə elan edilməyib. Buna baxmayaraq, demokratik ölkələrin çoxunda cəmiyyətin çox hissəsi anlayır ki, müharibə edən dövlətlərdir, xalqlar yox. Xalq belə müharibələrdə çox zaman qurbana çevrilir və sadəcə məqsədə çatmaq üçün bir vasitəyə çevrilir.

Azadlıq radiosunun Ermənistan xidmətindən Elina Çilinqaryan ermənicə danışan azərbaycanlı oğlandan Tbilisidə IWPR layihəsi üçün mühasibə alır© Onnik Krikorian / Oneworld Multimedia

Müəyyən mənada, məhz buna görə rəsmi kanallar və yerli mətbuat tərəfindən bu qədər mənfi təbliğat aparılır. İki ölkəni ayıran çatın tərəflərindəki bütün siyasi qüvvələr asanlıqla adamlara bu yolla manipulyasiya edə bilirlər. Məhz bu səbəbdən sosial media oyunun qaydalarını dəyişdirib. Təbii ki, burada da təhlükələr yox deyil.

Həqiqətən, internetdə şəxsin özəl həyatı və şəxsi təhlükəsizliyini istifadəçilər ciddi qəbul etməlidirlər. Ələxüsus o adamlar ki, Facebook-dan tam istifadə edə bilməyiblər və üstəlik öz təhlükəsizliklərinə barmaqarası yanaşıblar. Kiməsə öz Facebook səhifənə daxil olmaq imkanı versən, təkcə özünü yox, bir çoxlarını da xüsusi marağa malik gözlərin qurbanına çevirirsən.

Buna görə də mən öz səhifəmin təhlükəsizliyini ümdə sayıram. Düzdür, orada 600-dən çox dostum var. Lakin gündəliyimin bugünkü, son hissəsi üçün ideyalar axtaranda bir şey gözümə sataşdı. Erməni və azərbaycanlılar nəinki açıq şəkildə bir-birilə danışırlar, bəziləri eyni şeyi “müxalif tərəfin” başqa səhifələrində də edirlər.

Hər hansı düşmənçilik etmədən və ya aranı qızışdırmadan, deməliyəm ki, hər hansı bir xəbərlik material tapmadım. Elə bil ki, bütün regionda əmin-amanlıq bərqərar olmuşdu.

Əlbəttə, bu belə deyil. Reallıq mənim şəxsi “Virtual Qafqaz” idealımdan xeyli fərqlidir. Bundan başqa, bizim hamımız təhlükələrdən agah olsaq da, onlara məhəl qoymamağı qərara almışıq. Hər hansı müsbət dəyişiklik olsa, əgər dinc yanaşı yaşamaq üçün əsl mühit yaransa, bunun mənbəyi sadə insanlar olmalıdır. Mən inanıram ki, sosial media buna nail olmaqda yardımçı ola bilər.

Əslində qeyri-mümkün sayılan artıq baş verib. Bu yeni vasitələrin nəticəsində mətbuatda da dəyişib, mülki cəmiyyət də, dəyişməyən hökumətlərdir.

Əslində hətta BBC Azərbaycan Xidmətinin bu silsilə bloqları sosial medianın təsirinin nəticəsidir. Məhz sosial medianın sayəsində mən indi Yerevanda oturub Azərbaycan, Gürcüstan və başqaları ilə Tbilisidə gələn ay keçiriləcək görüşü səbrsizliklə gözləyirəm. Birdən birə Qafqaz daha zəngin və müxtəlif olub. Ən vacibi isə ümidin yaranmasıdır.

Bax mən və Arzu, Ermənistan, Azərbaycan və Gürcüstandakı başqa dost və həmkarlarım bütün il boyu buna nail olmaq istəyirdik. Ona görə də düşünürəm ki, bu silsilənin sonuna yaraşan bir keçid olmalıdır. Əgər yeni və sosial medianın neqativ stereotiplərin üstələnməsində və adamları bir yerə gətirməkdəki potensialını görmək istəyirsinizsə, niyə də aşağıdakı linklərə getməyəsiz?





Yeri gəlmişkən, buradakı materialların əksər hissəsi ingilis dilində olsa da, bəzisi azərbaycancadır. Yenə də sosial mediyanın sayəsində. Biz bir dəst texnoloji alətdən danışa bilərik, amma başqa alətlər də var ki, kollaborativ tərcüməyə imkan verir. Əslində bu materialların bir çox dillərə tərcümə edilməsində könüllülər iştirak ediblər. Onlardan biri də mənim Bakıdakı sevgilimdir…

Ah, Bakıda bir qız sevdiyimi deməmişəm hələ? Elə onunla da ilk dəfə Facebookda tanış olmuşam.


25 mart, Yerevan

2.Dəyişiklik ili: Qorxulara baxmayaraq, İnternetdə alternativ səslər də peyda olur

Bir il əvvəl təsəvvür etməzdim ki, Yerevanda oturub gələn ay Tbilisidə yeni və social medianın münaqişələrin həllində rolu ilə bağlı Arzu Qeybullayeva ilə birlikdə keçirəcəyimiz təqdimata hazırlaşacağam.

Bu, Facebook-da əlaqə yaratmağımızdan əvvəl email vasitəsilə başladı, offline dosluğa və etnik ermənilərin və azərbaycanlıların münaqişə zonasından kənarda birgə mövcud ola bildiyi və olduğuni göstərən

çevrildi.

Bizdən daha əvvəl bir çox ermənilər və azərbaycanlıar bir-birilə əlaqə yaradırdılar, amma düşünmürəm ki, heç birimiz bütün bunların bu qədər tezliklə və ən mühümü bu qədər asanlıqla baş verəcəyini gözləyirdik. Bir də ki, heç vaxt təsəvvür etməzdim ki, azərbaycanlı bloqqerlər və jurnalistlərlə əməkdaşlıq edəcəyəm. Amma ötən il bunu etdik, fotolar, məqalələr, podkastlar və videolar bloqlar və social şəbəkə saytları vasitəsilə yayıldı.

Əlbəttə ki, heç də hamı belə addımların alqışlanmalı və irəli çəkilməli olduğuna inanmır. Təəssüf ki, ermənilər və azərbaycanlılar arasında açıq kommunikasiya ilə bağlı qorxular üstünlük təşkil edir.

Məsələn, ötən ay Twitter-də Azərbaycandan qısa bir mesaj yayımlandı: “Media report: Police & NatSec detains Baku resident for chatting with Armenians in Internet forums“ (Media xəbəri: Polis və Milli Təhlükəsizlik Nazirliyi İnternet forumlarında ermənilərlə danışan Bakı sakinini tutublar ). Xəbərlə bağlı heç bir link yayımlanmasa da, bu, ermənilərin onu yenidən Twitter-də yayımlamasının qarşını almadı. Və nəhayət məsələnin əsli ortaya çıxanda onun deyiləndən fərqli olduğu göründü.

soba
Azərbaycanlı və gürcü fəallar Gürcüstanın rayonlarında uzun və soyuq günün sonunda əllərini sobanın istisində qızdırırlar© Onnik Krikorian / Oneworld Multimedia 2009

Məlum oldu ki, iki azərbaycanlı forumda ermənilərlə bağlı mübahisə ediblər və məsələni “şəxsən müzakirə etmək” üçün görüşüblər. Emosiyaların yüksək olduğu Qafqazda bundan sonra nəyin baş verdiyini güman edə bilərsiniz.

İctimai yerdə dava düşüb və polis müdaxilə edib. Məsələni Bakıdakı jrunalist dostumla dəqiqləşdirdim, məlum oldu ki, onların heç birini Milli Təhlükəsizlik Nazirliyi sorğu-sual etməyib.

Bir çox ermənilərin və azərbaycanlıların belə bir yanlış xəbərə niyə inandığı başa düşüləndir. Bəs ermənilərin və azərbaycanlıların yaxınlaşmasından danışan müsbət xəbərlər barədə necə? Niyə hər kəs mənfi xəbərin üzərində dayanmaq istəyir? Nə üçün saysız-hesabsız səslər yerli mediadakı az tolerant insanlar tərəfindən susdurulur və yaxud onlara məhəl qoyulmur? Bir jurnalist kimi deyim ki, indi İnternet mənə belə əhəmiyyətli səsləri dinləmək imkanı verir.

Bir neçə ay öncə, bloqlarımdan bəzilərini oxuyan bir azərbaycanlı qaçqın mənə email yazdı. Bir neçə həftə sonra isə mən ondan başına gələnləri danışmasını xahiş etdim. Onun sözləri təsiredici və ən azı düşünməyə vadar edən idi.


“Ailəm Ermənistanı 1988-ci il köçləri zamanı tərk edib. Mənim o zaman 4 yaşım vardı, bilmirəm, xoşbəxtlikdən, ya bədbəxtlikdən, mən arxada qoyub gəldiyiklərimin hamısını xatırlamıram.
Evimiz, bağçamız, oyun meydançası, dostlarım, alma ağacım və xoruzum – bunların hamısını çox sevirdim. Bura gələndən sonra evimizi çox arzulayırdım, amma birdən, hansısa məqamda təsvirlər xəyalımda zəifləməyə başladı.
Uzun illər boyunca biz alışa bilmədik, bu isə mənim psixologiyama çox təsir edirdi. Sən təsəvür edə bilməzsən ki, qaçqın olmaq necə dəhşətli bir hissdir. Mən evimiz üçün çox darıxıram və ümid edirəm ki, ölməzdən qabaq onu yenidən görəcəyəm.
Bu müharibə məni sülh yaradana çevirdi. Mübarizəm çox mürəkəbbdir, amma bununla bir tərəfdən mən münaqişədə olanlara, digər tərəfdən isə özümə kömək edirəm”.

İndi biz onunla Facebook dostuyuq və müntəzəm olaraq bir-birimizlə açıq və özəl danışırıq. Hər iki tərəfdə online mövcud olmağın digər nümunələri də var, amma bütün bunlar əsas mediada öz əksini tapmır. YouTube saytına qoyulmuş bəzi video nümunələri buna yaxşı göstəricidir.

Ötən ay, gənc ermənilərdən və azərbaycanlılardan ibarət qrup Tbilisidə qısa kütləvi aksiya keçirdilər və Gürcüstan parlamentinə doğru sülh şəraitində yürüdülər. Onların erməni, azərbaycan, gürcü, alman və fransız dillərində plakatlara yazılmış mesajı çox sadə idi. Bu, Cənubi Qafqazda sülh mesajı idi.

Bəs gənc oğlan və qızın öz ölkələrinin – Ermənistan və Azərbaycanın bayrağına bürünüb Şimali Qafqaz ritmləri altında rəqsinə nə deyirsiniz? Bunun harada çəkildiyi naməlumdur, link isə YouTube saytına yerləşdirilib.

Və yaxud mənim adi mobil telefonla çəkib YouTube- a yerləşdirdiyim öz videom? Tbilisidə yaşayan azərbaycanlı ermənilə qapı qonşudur və etnik qruplar arasında sülh şəraitində mövcud olmaqdan danışır.

Bəli, Ermənistan və Azərbaycan prezidentləri regionda sabitliyi pozmaq təhülkəsi yaradan və onun uzunmüddətli inkişafına mane olan münaqişəyə son qoymaq üçün danışıqlar apardığı bir vaxtda, medianın belə nümunələri obyektiv işıqlandırmasının vaxtı deyilmi?

24 mart, Yerevan

1. İnsan münasibətləri: Ermənilər və azərbaycanlılar arasında online şəxsi kommunikasiya

Onnik Krikorian

İnternet dünya boyunca bir çoxlarının həyatını dəyişib, xüsusilə də xəbər və informasiya əldə etmək baxımından. Amma Cənubi Qafqazda vəziyyət heç də belə deyil. Asta dəyişiklərə baxmayaraq, İnternetdən istifadə bu yaxınlaradək əsas giriş vasitəsi olan dial-up-la mümkündür. Hətta belə olsa da, istifadə xərcləri, xüsusilə də Cənubi Qafqazın hər üç ölkəsində az inkişaf etmiş regionlarda bir çoxları üçün yüksək olaraq qalır.

Siyasi sabitliyə və etnik münaqişələrə - xüsusilə də, mübahisəli Dağlıq Qarabağ regionu ilə bağlı problemə düçar olan ölkələrin İnternetə çıxışı olan sakinləri ondan sülh əldə etməyə çalışmaq yox, müharibəni online davam etdirmək üçün istifadə edirlər.

Buna baxmayaraq, əgər İnternet bir zamanlar hər iki tərəfdən neqativ təbliğatın və bəzən də digər tərəf haqqlnda yanlış informasiyanın yayılması üçün istifadə olunurdusa, indi bunun əksini əldə etməyə imkanlar var.

Telefon xətlərini yoxlaya və yaxud bağlaya bilərlər, amma bir-birilə danışmaq istəyən ermənilər və azərbaycanlıar bunu indi hər gün email, bloqlar və Twitter kimi mikrobloqlar vasitəsilə edə bilirlər. Hətta Skype sayəsində bir-birilə danışa da bilirlər. Əvvəllər obyektiv olmayan və əsasən millətçi mediadan təsirlənən Facebook, hər iki tərəfə digərinin həyatına neqativ stereotiplərdən azad şəkildə baxmaq imkanı verir.

Doğrudur ki, hər iki tərəfdən olan millətçilər eyni vasitələrdən əks məqsədlər üçün istifadəyə davam edirlər, amma onların yayılmış partizan təbliğatı üzərindəki əvvəki monopoliyası indi dağıdılıb, xüsusilə də İnternetdən hər iki ölkədə yayıldığı bir vaxtda.

İlk dəfə biz Arzu Geybullayeva ilə bir il yarım əvvəl online əlaqə yaradanda, aydın oldu ki, online vasitələr informasiya blokadasının yarılmasına və iki tərəf arasında açıq kommunikasiya yaradılmasına gözlənilməz imkanlar verir.

Sosial media haqqında müşahidələr aparmaq üçün yəqin ki, hər kəsin sevimlisi Facebook-dan, həmçinin yeni online körpə Twitter-dən daha yaxşı yer ola bilməz. Baxmayaraq ki, sülhə qarşı çıxanlar Facebook-da saysız-hesabsız nifrət qrupları yaradıblar, onlar şəxsi münasibətlərdə və şəxsi saytlar vasitəsilə kommunikasiyalarda böyük proqresə qarşı çıxmağa müvəffəq olmayıblar.

Eynisini Twitter-ə də aid etmək olar. Burada da alternativ səslər propaqandaçıların səsini batırıb. Amma hər iki hal 1994-cü ildə iki vuruşan ölkə arasında atəşkəs müqaviləsi imzalandıqdan bəri unudulmuş bir reallığı bir-birinə xatırlada bilib. Bu da odur ki, ermənilər və azərbaycanlıların ümumi xüsusiyyətləri çoxdur.

Məsələn, bu həftə sonu Novruz bayramı digər ölkələr kimi Azərbaycanda, İranda və Türkiyədə qeyd edildi. Bayramı qeyd edən şəkilləri və təbrikləri yalnız azərbaycanlılar yox, fars mədəniyyətinin hər iki ölkənin mədəniyyətinə təsirini qəbul edən ermənilər də Facebook statuslarında yerləşdirdilər. Onlardan biri də Liana Ağacanyandır, o iranlı ermənidir və indi ABŞ-da yaşayır.

[...] Erməni olmaq yalnız bir ənənənin müşahidə olunduğu və bir dilin danışıldığı ənənələrdən ibarət bir klubu simvollaşdırmır. Biz müxtəlif qrupların birləşdiyi qədim xalqıq və illər boyunca zəngin və cəlbedici mədəniyyətlərin bizə təsiri olub və hələ də var. Bunu danmaq pis xidmət olardı, deyə o öz bloqunda yazır. “Deməyə çalışdığım oldur ki, müxtəliflik çox yaxşıdır. Ona qollarınızı açın”.

Twitter

Bu şərhin yayımlanmasından sonra bir azərbaycanlı Twitter-də qısa bir söhbət etdi və Novruzla, çox güman ki elə eyni kökdən olan, amma eramızın 301-ci ildə ermənilər xristianlığı qəbul etdikdən sonra kilsə təqviminə uyğunlaşdırılmış Trndezi müqayisə etdi. Bu reallıq Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın 2000-ci ildə dediyi “ermənilər və azərbaycanlılar etnik cəhətdən uyğunsuzdurlar” sözünə yaxşı bir cavabdır.

Bir il əvvəl belə açıq kommunikasiya eşidilməmiş bir şey idi, indi isə bu cür sivil, nəzakətli və dostyana müzakirələri oxşar fikirli fərdlərin bloq postlarında və Facebook səhifələrində görmək olar.

Bu, Arzu və mənim gələn ay Tbilisdə social media konfransında birgə keçirəcəyimiz təqdimatla auditorya ilə bölüşəcəyimiz bir mesaj olacaq.

Amma gözləmirəm ki, bu reallığa iki ölkənin yerli mediası əhəmiyyət versin. Hələlik, belə halları yalnız online görmək olar. Əlbəttə ki, neqativ hələ də öz yerində qalır, bundan da sonrakı yazılarımızda danışacağıq. Sosial medianı müşahidələrimiz davam edir.

23 mart, Yerevan

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik