http://www.bbcazeri.com

29 İyun, 2010 - Published 12:22 GMT

"Yerin görünür, Tofiq Bəhramov"

"Yerin görünür, Tofiq Bəhramov". Amerikada çıxan qəzetin redaktoru belə yazır.

"1993-cü ilin oktyabrında aparıcı London qəzetlərinin səhifələrində Azərbaycan Futbol Federasiyasının təqaüddə olan baş katibinin vəfatı barədə kədərli nekroloqları dərc etdilər.

Dünyanın qalan yerlərində bu elə də böyük bir xəbər deyildi.

Onda hələ çoxları bilmirdilər ki, dünyanın xəritəsində balaca bir nöqtə olan bu ölkə Sovetlərdən qoparaq müstəqil olub".

Bunları Amerikanın Oreqano ştatında çıxan gündəlik "Daily Astorian" qəzetinin redaktoru və futbol hakimi Pətrik Ueb yazır.

"Tofiq Bəhrəmovun ölümü onun yaşında olan hər bir ingilis üçün kədərli xəbər idi.

Əgər onun haqqında heç eşitməmisinizsə, - yazır Ueb, - Google-da "Russian linesman" ifadəsi üçün axtarış verin.

O yazır ki, "Bəhrəmov, təbii ki, admiral Nelson, Velinqton Hersoqu və ya Çörçildən sonra İngiltərənin milli qəhrəmanı sayılırdı.

1966-cı ilin futbol üzrə dünya çempionatının finalında, Uembli stadionunda hesabın 2-2 olduğu bir vaxtda İngiltərə komandası mübahisəli qol vurdu.

Top qapının çatına dəyərək zərblə yerə qayıtdı və kənara sıçradı.

Almaniyanın qapıçısı Hans Tilkovski çaşqınlıqla başını yırğalayır, İngiltərə hücumçusu Hörst isə artıq vurduğu "qol"u bayram edirdi.

Bəs görəsən top qapı xəttini keçmişdimi", - deyə Pətrik Ueb sual edir?

Bu çox mühüm an idi. İsveçrəli hakim Qotfrid Denst yan xətt hakimi ilə məsləhətləşirdi.

44 ildən sonra həmin ana videoda baxanda Bəhramovun başını təsdiqlə tərpətdiyi görünür.

Və bundan sonra Denst qolu elan edir.

„Bu qolun hesaba alınması İngiltərə yığmasına o qədər qol-qanad verdi ki, hazırda kraliçadan cəngavərlik titulu almış ser Cofri və o zamankı mərkəz hücumçusu Hörst əlavə vaxtda 4-cü qolu vurdu".

"Bütün bunlar-yazır Pətrik Ueb, - Şekspir demişkən, xəyalın gerçəkləşməsi idi".

Bundan sonra isə Patrik Ueb indiki dünya çempionatında baş verənləri yada salır.

İngiltərə komandasının yarımmüdafiəçisi Frank Lampardın vurduğu və qapı xəttini keçməsinə baxmayaraq sayılmayan qolunu.

Bu qolun sayılmamasından sonra almanlar hesabı 4-1-ə çatdırdılar.

„Gəlin açıq danışaq, - yazır Daily Astorianın redaktoru, - İngiltərə yığması FİFA-nın indeksində olduğu kimi dünyanın ən yaxşı səkkiz komandasından biri deyil".

"Lakin belə bir ironiya heç Şekspirin də ağlına gəlməzdi".

"1966-cı ildə Hörstün qolu İngiltərəni ruhlandırdımı? -deyə soruşur Pətrik Ueb, və özü də cavab verir: "Əlbəttə"".

"Bəs 2010-cu ildə Lampardın sayılmayan qolu idman tarixini dəyişə bilərdimi?"- deyə o təkrar sual edir.

"Bəlkə də…"

"Lakin "bəlkə də" üçün xal vermirlər"- deyə redaktor kinayə edir.

"Göz yaşlarımı silə-silə Tofiq Bəhramovu xatırlayıram, yazır Pətrik Ueb, - yerin görünür".

Daily Astorian qəzetinin redaktoru məqaləsini maraqlı bir sonluqla bitirir: "Belə deyirlər ki, guya ölüm yatağında ondan soruşanda ki, 1966-cı ildə sayılan qol doğrudandamı qol idi, hələ ikinci dünya müharibəsində almanların törətdiklərini unutmayan nəslin Sovet hakimi bircə kəlmə deyib: Stalinqrad".