http://www.bbcazeri.com

08 Yanvar, 2011 - Published 12:20 GMT

Azərbaycan İslam Partiyasının lideri həbs olundu

Bakıda Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov və bu partiyanın daha üç üzvü həbs ediliblər.

Onlar cümə günü axşam saat 7 radələrində partiya qərargahını tərk edərkən həbs olunublar.

Tutulanlardan Mirhüseyn Kazımov, Elçin Həsənov və Vaqif Abdullayev barəsində inzibati qaydada on günlük həbs cəzası tətbiq edilib.

Bəzi mənbələr onlarla birlikdə Bakıda qonaq olan bir Türkiyə vətəndaşı da həbs olunduğunu xəbər verirlər.

Turan agentliyinin verdiyi xəbərə görə onlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar.

Maraq doğuran budur ki, xəbərlərə görə bu şəxsləri təhlükəsizlik qüvvələri deyil, Nərimanov rayonun polisləri həbs ediblər.

Həbsin səbəbləri barədə heç bir rəsmi açıqlama verilməyib, lakin Azərbaycan İslam Partiyasının sözçüsü Turana bildirib ki, cənab Səmədovun həbsi siyasi motivlərlə bağlıdır.

Sözçü deyib ki, partiyanın üzvlərinə qarşı bundan əvvəllər də cinayət işləri qaldırılıb.
O bildirib ki, partiyanın mövqeyi hicab məsələsində xeyli barışmaz olub.

“Yeni Müsavat” qəzeti isə yazır ki, Azərbaycan İslam Partiyasının həbs olunan sədri və üzvləri barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə təqsirli biliniblər.

Bu barədə “Qafqazinfo”ya partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli deyib.

Onun sözlərinə görə, partiya rəhbərliyi polisə tabesizlik göstərməkdə ittiham olunur.

A. Heydərlinin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyində saxlanılan Mövsüm Səmədovun vəkillə təmin olunması üçün hazırda danışıqlar gedir: “Əslində polisə tabesizlik məsələsi olmayıb. Amma onları yol polis xidməti saxlayıb, sonra da bu maddə ilə ittihamı irəli sürüblər”.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Səmədov partiyanın bir neçə gün öncə keçirilmiş qurultayında hakim elitanı kəskin tənqid etmiş və hətta milli mənsubiyyət məsələsinə işarə vurmuşdu.