Britaniyada qızlar özlərini daha bədbəxt hiss edir - araşdırma

güzgüyə baxan qız Fotonun müəllifi Thinkstock

Britaniyada yeniyetmə qızlar özlərini daha bədbəxt hiss edir, Uşaqların Cəmiyyəti təşkilatının illik hesabatında deyilir.

Qurum deyir ki, 10-15 yaşında qızların 14 faizi ümumilikdə həyatlarından narazıdır, 34 faizi isə görünüşünü xoşlamır.

Qızlar özlərini çirkin və dəyərsiz hiss edir, araşdırmaçılar deyir.

2013-14-cü illərdə aparılmış araşdırma İngiltərə, Uels və Şotlandiyada bədbəxtliyin 5 il öncəkilə müqayisədə kəskin artdığını göstərir.

Oğlanlarda isə əksinə, xoşbəxtlik hislərilə bağlı nəticələr beş il öncə olduğu kimidir.

Görünüşdən narazılıq

Uşaqların Cəmiyyəti və York Universitetinin 2009-10-cü illərdə apardıqları araşdırmaların nəticələrinə görə, həm qızların, həm də oğlanların 11 faizi özünü xoşbəxt hiss etmir. 2013-14-cü illərdə isə özünü bədbəxt hiss edən qızların sayı 3 faiz artıb.

Cəmiyyətdən Lucy Capron BBC Radio 5 Live-a deyib ki, bu yeniyetməlik dövründə hormonal dəyişiklərlə bağlı deyil. "Bunu daha ciddi qəbetməli və diqqətdə saxlamalıyıq."

Qızların görünüşlə bağlı narahatlıqları 4 faiz artıb. 5 il əvvəl qızların 30 faizi görünüşlərindən narazı idi. Oğlanların görünüşləri ilə bağlı rəyləri isə dəyişməz qalıb - 20 faiz.

Fotonun müəllifi Thinkstock
Image caption Qızlar sosial mediada daha çox vaxt keçirdiyindən ruhi sağlamlıqları zəifləyir, hesabatda deyilir

Yeniyetmələr təzyiq altında

Qızlardan bəziləri BBC Radio 5 Live-a danışıb. 12 yaşlı Megan deyib ki, "İnsanlar məni qınayanda xoşbəxt olmuram. Məktəbdə uşaqlar sosial mediada nələrsə paylaşır və hamını onların mükəmməl olduqlarını düşünmələrini istəyirlər."

"... artıq mən belə şeyləri görmək istəmirəm, çünki əsəblərimə toxunur".

15 yaşlı Natalia deyib: "Kimə baxırsan, sanki tanınmışlardır: arıq, sarışın və ya gözəl dişlər, gözəl saçlar, gözəl gözlər, qaşlar. Bu dəhşətdir, elə hiss edirəm ki, mən də belə olmalıyam - hərçənd bilirəm ki, bütün bunlar saxtadır".

Natalianın sözlərinə görə, bəzən insanların nə düşündüyünə fikir vermir, bəzənsə onların dedikləri onun özünü pis hiss etməsinə səbəb olur. Lakin 15 yaşlı gənc nə üçün özünü dəyərsiz hiss etdiyini izah etməyin çətin olduğunu qeyd edir.

"Çox vaxt xoşbəxt hiss edirəm, amma dostlarım deyəndə ki, "mən bu geyimdə həqiqətən də çox gözəl görünürəm" - o zaman dözə bilmirəm," 13 yaşlı Caitlyn deyib.

Xanım Capron deyir ki, yeniyetmələrdə belə fikirlərin mövcudluğu normaldır, lakin narahat olmalı məsələ oğlanlarla qızlar arasında olan fərqdir.

Onun sözlərinə görə, bunun səbəblərindən biri odur ki, qızlar oğlanlara nisbətən sosial mediada daha çox vaxt - bəzən 3 saat çox keçirir.

Bədən forması

Başqa bir araşdırmada isə deyilir ki, uşaqlar, xüsusilə qızlar gənc yaşda kök və ya çirkin olduqlarına görə çox narahat olurlar.

Professional Uşağa Qayğı və Erkən İllər Assosiasiyası bildirir ki, uşaqlar 3 yaşından görünüşlərinə fikir verir.

10 yaşından aşağı uşaq dayələri bildirirlər ki, onlar tez-tez uşaqlardan aşağıdakı fikirləri eşidirlər:

  • bədən ölçüləri və bədən hissələri barədə narazılıq bildirirlər
  • özlərini və ya başqa uşağı kök adlandırırlar
  • özlərinin başqalarına nisbətən çirkin və ya az qəşəng olduqlarını deyirlər
  • kökəlməmək üçün yeməkdən imtina edirlər

Belə fikirlərin riski odur ki, gələcək illərdə depressiya və qidalanma problemlərinə səbəb ola bilər, Middlesex Universitetinin uşaq inkişafı üzrə mühazirəçisi Dr Jacqueline Harding bildirir.

Onun sözlərinə görə, böyüklərin diyetlər barədə söhbətləri və mediadakı fotolar uşaqlarda bədən görüntüləri barədə mənfi fikirlər yaradır. Mütəxəssis qeyd edir ki, valideynlər uşaqları xarici görünüşə görə deyil, mərhəmətli hərəkətlərinə görə tərifləməlidir.