Başı qapalı emoji 15 yaşlı səudiyyəli qız tərəfindən təklif edilib

Yeni emoji təklifi
Şəklin alt yazısı,

Təklif olunan yeni emoji dizaynı

Almaniyada yaşayan 15 yaşlı səudiyyəli qız başı qapalı emoji yaratmaq təklifini edib.

15 yaşlı Rayouf Alhumedhi təklifini yeni emojiləri nəzərdən keçirən və inkişaf etdirən qeyri-kommersiya cəmiyyəti olan The Unicide Consortium-a göndərib.

İdeya onlayn müzakirə forumu olan Reddit-in həmtəsisçisi Alexis Ohanian-ın dəstəyini qazanıb. Təsdiq ediləcəyi təqdirdə emoji 2017-ci ildə istifadəyə veriləcək.

Təklif Avropada müsəlman örtükləri ilə bağlı qızğın müzakirələrin və mübahisələrin getdiyi bir vaxt irəli sürülüb.

Müzakirələr din azadlığı, qadın bərabərliyi, dünyəvi ənənələr və hətta terror təhlükəsi ilə bağlı mövzuları əhatə edir.

"Emojilər hər yerdədir"

Rayouf Alhumedhi BBC-ə bildirib ki, sosial media vasitəsilə dostları ilə söhbət edərkən anlayıb ki, onu, təmsil edəcək bir emoji yoxdur.

Emoji dizaynı ilə bağlı məqaləni oxuduqdan sonra o, ideyası ilə bağlı Unicode-a məktub yazıb.

Bundan sonra Unicode-un alt komitəsi məktuba cavab yazaraq ilkin versiyanın hazırlanmasında qıza kömək təklif edib.

"Bu yaşda təmsil olunmaq çox əhəmiyyətlidir," Rayouf layihə barədə danışarkən deyib.

"İnsanlar tanınmaq və qəbul olunmaq istəyirlər, xüsusilə də texnologiya dünyasında. Bu bir mesajdır. Emojilər hər yerdədir.

"Dünyada baş örtüyü geyinən xeyli müsəlman qadın var. Bu mənasız görünə bilər... lakin klaviatura arxasında özünü görəndə hər şey dəyişir. Bir dəfə yoxlayandan sonra onun əla bir şey olduğunu görürsən".

Təklifin son versiyasının noyabr ayında təqdim olunacağı gözlənilir.