Parisdə çılpaqlar üçün park planlaşdırılır

Bois de Boulogne
Image caption Parisdəki iki əsas meşəlikən biri olan Bois de Boulogne nudistlər üçün yerin ayrılacağı mümkün ərazilərdən biridir

Gələn yay nudistlər və ya naturalistlər Parisdə onlar üçün ayrılmış ərazidə tamamən soyuna biləcəklər.

Şəhər rəhbərliyi Parisin parklarından birində və ya meşəlik ərazidə eksperimental nudist ərazinin açılması üçün planı təsdiq edib.

Belə bir təkliflə çıxış etmiş Yaşıllar Partiyası bildirib ki, Fransa naturalistlərin ən çox ziyarət etdiyi yerdir və onun paytaxtında naturalistlərin yığışa biləcəyi bir yer olmalıdır.

Lakin şəhər məclisinin üzvlərindən biri ideyanı "ağılsız" adlandırıb.

O deyib ki, paytaxtın mərkəzində nudistlər üçün yerin ayrılması provokasiya kimi qəbul edilə bilər, xüsusən də "burkini" mövzusunun aktual olduğu bir vaxtda, BBC müxbiri Hugh Schofield xəbər verir.

Lakin bu addımı dəstəkləyənlər bildirir ki, geyimisiz çimərliklərin və sanatoriyaların olduğu ölkədə naturalistlər üçün də yer ayrılmalıdır.

"Fransada iki milyon nudist yaşayır və bu rəqəm yay aylarında ziyarət edənlərlə ikiqat artır," şəhər şurasındakı ekoloji qrupun həmsədri David Belliard deyib.

"Onlar üçün Paris başlıca turist məkanlarından biridir və burada onların gedə biləcəyi heç bir ictimai məkan yoxdur. Biz nudistlərin sərbəst soyuna biləcyi bir istirahət zonası yaratmaq haqqında düşünürük".

Paris merinin müavini Bruno Julliard bildirib ki, o da mer Anne Hidalgo ilə yanaşı bu planı bəyənib.

Onun sözlərinə görə naturalistlər üçün ən uyğun məkan Parisin iki əsas meşə ərazisindən biri ola bilər.

Əlaqəli mövzular