İran azarkeşlərindən futbol oyununda mərsiyə demək tələb olunub

Tehranda yas mərasimi Fotonun müəllifi AP
Image caption Tehranda yas mərasimi

Tehranda futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində İranla Cənubi Koreya arasında keçiriləcək qarşılaşma müqəddəs günə təsadüf etdiyindən azarkeşlərdən dini şüarlar səsləndirmək tələb olunub.

Azadi stadionunda qara bayraqlar qaldırılacaq və mərsiyə deyənlər üçün yer ayrılacaq.

Futbol qarşılaşması Şiə kalendarında qeyd olunan iki yas günündən birinə təsadüf edir.

Cənubi koreyalı azarkeşlər isə hörmət əlaməti olaraq qollarına qara lent bağlayacaqlar.

Bəzi din xadimləri oyunu təxirə salmağı təklif etsələr də, daha sonra qərara alınıb ki, 100,000 yerlik stadionda yas mərasimi həyata keçirilsin.

Bu arada, İran rəsmiləri Cənubi Koreyanın kapitanının Tehranı böyük həbsxanaya bənzətməsindəm şikayət ediblər.

İngiltərənin Swansea klububunun yarımmüdafiəçisi Ki Sung-yueng həmçinin bildirib ki, onlar Tehrana üzlərində çirkli havaya qarşı maskalarla gəldiklərində bəzi İran azarkeşləri onun komanda yoldaşlarına butulka və digər əşyalar atıblar.

Təhlil

Kasra Naji, BBC Fars xidməti

Cümə axşamı Şiə müsəlmanlar Tasua gününü qeyd edirlər. Bu, İmam Hüseynin Kərbəla döyüşündə "şəhid edildiyi" Aşura günündən bir gün əvvəldir.

Onun 72 davamçısı və ailəsinin üzvləri də döyüşlərdə həlak olub.

Həmin bu iki gündə İranda kişilər bir yerə toplaşaraq sinə döyürlər. Bəziləri isə zəncirlə kürəklərinə vururlar.

Onları izləmək üçün izdiham toplaşır. Din xadimləri isə məscidlərdəki kürsüdən tarixi hadisəni xatırlayan moizə edirlər.

Radio və televiziya isə yalnız yas musiqisini səsləndirir. Həmin günlər kinoteatrlarla yanaşı, dövlət idarələri və dükanlar da bağlı olur.

Əlaqəli mövzular