Brexit-dən sonra dizayner paltarlar Britaniyada "ucuzdur"

Şəklin mənbəyi, China Photos
Əgər dizayner çanta və paltar axtarışındasınızsa, bunun üçün ən sərfəli yer Britaniya ola bilər, Wall Street Journal dərgisində bu həftə çap olunan yazıda deyilir.
İyunda Brexit-ə səs verəndən sonra funtun dəyəri 17 faiz düşüb. Nəticədə xaricdən gətirilən çaxır, cihazlar və bəzi maşınlar bahalaşsa da, dizaynerlər hələ qiymətlərini artırmayıb.
WSJ bunu həmin şirkətlərin yüksək marjaları ilə əlaqələndirərək yazır ki, Britaniya "birdən birə bahalı mallar üçün dünyanın ən ucuz yerinə" çevrilib.
Bu cür malların satışı avqust ayında Birləşmiş Krallıqda 36% artıb. Fransada eyni tipli malların satışı 20%, İtaliyada isə 11% azalıb, WSJ Global Blue şirkətinin rəqəmlərinə istinadən yazır.
"İndi dəqiq daha ucuzdur", Berlində mənzillənən iş adamı Dirk Hamann Londondakı Velentino dükanından çıxarkən WSJ-a deyib. O, burada iki pencək və sviter alıb.
ABŞ və Asiyadan gələn alıcılar bu cür bazarlıqlarını Londonda edərək xeyli qənaətlər edirmiş.
Louis Vuitton markalı "Speedy 30" çantası Londonda £645 (cümə gününün məzənnəsinə görə $802) satılır. Parisdə həmin çantanın qiyməti to €760 ($850), New Yorkda $970, Çində isə 7450 Yuandır ($1150), WSJ üçün Deloitte tərəfindən aparılan araşdırma göstərir.
Louis Vuitton məsələ ilə bağlı "şərh vermək istəməyib".
Bu tendensiya Brunello Cucinelli sviterlərində də müşahidə olunub. Bu dizaynerin sözçüsü deyib ki, qiymətlər "yeni kolleksiyanın buraxılışında təyin edilir".
Onun sözlərinə görə, paltarların qiymətləri hər ölkənin valyutasına görə müəyyən edilir və məzənnənin dəyişməsilə bağlı dəyişdirilir.
WSJ yazır ki, Londonun bahalı otellərində qalanların sayı da artıb.