Rasim Əliyevin atası: Cavid Hüseynovun buraxılmasına "hədsiz pis oldum"

Cavid Hüseynov Fotonun müəllifi TOFIK BABAYEV/ Getty
Image caption "Qəbələ" futbol klubunun hücumçusu Cavid Hüseynovun cəzası 1 il 2 aya endirilib və o, məhkəmə zalından azadlığa buraxılıb

Mərhum jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev futbolçu Cavid Hüseynovun azadlığa buraxılmasından "hədsiz pis olduğunu" deyir.

Çərşənbə günü Bakı Apellyasiya məhkəməsində Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim, vəkil Adəm Məmmədovun müdafiə etdiyi Cavid Hüseynov barəsində bəraət hökmü verilməsi vəsatətini qismən təmin edib və futbolçunun cəzası 1 il 2 aya endirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Rasim Əliyevin atası bu xəbəri zəng vasitəsilə eştidiyini deyir və "hədsiz pis olduğunu", bu barədə "deməyə söz tapmadığını" bildirir.

Mərhum jurnalistin valideynlərinin hüqüqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumatın gözlənilməz olduğunu bildirib.

O, futbolçunun azadlığa buraxılmasını "əvvəlcədən razılaşdırılmış" adlandırır.

"Bir neçə gün əvvəl mətbuatda Cavid Hüseynov barəsində apellyasiya məhkəməsinin ilkin iclas qərarından kasassiya şikayətinin geri götürüldüyü barədə məlumat çıxdı. Elə fikir yarandı ki, bu nahaq yerə baş verməyib. Bu şikayət hansısa məqsədlə verilib və götürülməsində də məqsəd olub", o izah edir.

Vəkilin sözlərinə görə, şikayətin geri götürülməsindən 2 gün sonra Apellyasiya Məhkəməsinin tələsik qərar qəbul etməsi bu prosesin "əvvəlcədən razılaşdırılmış akt" olduğunu göstərir.

Cənab Mustafayev Cavid Hüseynovun işində Rasim Əliyevin valideynlərinin zərərçəkmiş kimi tanınmadığını bildirərək qeyd edir ki, tərəf olmadığı üçün jurnalistin valideyn və vəkilləri hüquqi müstəvidə heç nə edə bilməz.

"Valideynlər ölkə başçısına müraciət edə bilərlər", deyə o əlavə edir.

Jurnalist Rasim Əliyev ötən ilin avqust ayının 8-də Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, bir gün sonra aldığı "çoxsaylı bədən xəsarətlərindən" vəfat edib.

Futbolçu da daxil olmaqla bibisi oğlu Elşən İsmayılov və daha 4 nəfər, 2015-ci il avqustun 11-də həbs olunub.

Bir müddət sonra Cavid Hüseynovla bağlı maddə ayrıca icraata götürülüb.

Digər 5 nəfər cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, insan ölümünə səbəb olma və qrupun iki üzvü əlavə olaraq, oğurluq maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilədək azadlıqdan məhrum ediliblər.

Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş