Wikileaks yaradıcısı Julian Assange-ın internetə çıxışı yoxdur

Julian Assange səfirliyin balkonunda

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Julian Assange 2012-ci ilin iyununda Ekvadordan sığınacaq istəyib

Beş ildir Britaniyada Ekvador səfirliyində yaşayan Wikileaks portalının yaradıcısı Julian Assange-ın internetə çıxışı yoxdur, Wikileaks Twitterdə bildirib.

"Hökümətlərdən biri Julian Assange-ın internetə çıxışını bilərəkdən bağlayıb. Biz gözlənilməyən belə hallar üçün əvvəldən hazırladığımız plana görə hərəkət etdik."

Oktyabrın 17-də Ekvador prokurorluğu İsveç təhqiqatının maraqları naminə cənab Assange-ın cinsi zorakılıqla bağlı ifadəsini alacaq.

Julian Assange 2012-ci ildən Londonda Ekvador səfirliyinə qalır. İsveçdə ona qarşı iki qadını zorlamaq və seksual təcavüz iddiaları ilə cinayət işi açılıb. Bu iddiaları rədd edən Assange Ekvador səfirliyini tərk edərsə Britaniya höküməti tərəfindən İsveçə veriləcək.

O, 2012-ci ilin iyununda Ekvadordan sığınacaq istəyib, sentyabr ayında isə BMT-ə şikayət göndərib.

Cari ildə BMT-nin işçi qrupu bildirib ki, Britaniya və İsveç Assange-ı səfirlikdə qeyri-qanuni saxlayır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Pamela Anderson cənab Assange-ı Londondakı səfirlikdə ziyarət edib

Bundan başqa, Wikileaks yaradıcısının sağlamlığında problem olduğu güman edilir. Bazar günü onu ziyarət etmiş aktrisa Pamela Anderson onun yaxşı görünmədiyini bildirib.

Wikileaks Pentaqon, Dövlət Departamenti və ABŞ-ın digər dövlət orqanlarının məxfi materiallarının ictimailəşdirilməsinə görə məşhurdur.

Ötən həftə sayt ABŞ-da prezidentliyə namizəd Hillary Clintonun iri bankların nümayəndələri ilə gizli danışıqlarını paylaşıb.