Atmosferdə karbon qazı bu il ən yüksək həddə ola bilər

  • Matt McGrath
  • Ətraf aləm müxbiri
qlobal CO2

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı,

CO2-nin miqdarı əsasən ABŞ, Çin və Avropa səmasında artır

Atmosferdə CO2-nin səviyyəsi böyük dərəcədə artıb və "bir çox nəsillər" boyunca bundan aşağı düşməyə bilər.

Bəşər tarixində ilk dəfə 2015-ci ildə dünya miqyasında milyonda 400 hissə ilə ölçülən hədd pozulub.

Amma Dünya Meteorologiya Təşkilatının (DMT) məlumatına görə, 2016, ehtimal ki, karbonun ən yüksək həddinin mövcud olduğu il olacaq.

Yüksək göstəricilər qismən güclü El Nino cərəyanı [ Sakit okeanda qlobal iqlim dəyişiminə təsir edənisti iqlim dövrü] ilə əlaqəlidir.

2014 və 2015- ci illərdə insan tərəfindən atmosferə atılan CO2-nin miqdarı kifayət qədər statik qalarkən, güclü El Nino hava fenomeni atmosferdə qaz səviyyələrində sıçrayış yaradıb.

Bu ona görədir ki, tropik bölgələrdə El Nino tərəfindən yaranmış quraqlıq şəraiti bitki örtüyünin karbon qazını daha az mənimsəməsinə səbəb olub.

Quru hava şəraitinə görə yanğınlar da havaya əlavə CO2 buraxılmasına gətirib.

Dünya Meteorologiya Təşkilatı deyir ki, bu şərait CO2-ın səviyyəsinin son on il ərzində orta həddən yuxarı qalxmasına səbəb olub.

Mütəxəssislər deyirlər ki, son dəfə 3000-5000 il əvvəl CO2 səviyyəsi milyonda 400 hissədən yuxarı olub.