U2 solisti Bono "İlin Qadınları" siyahısına salınıb

Bono

Şəklin mənbəyi, Getty

Glamour dəb jurnalı hər il hazırladıqları "İlin Qadınları" siyahısına ilk dəfə olaraq bir kişini əlavə etdiyi üçün tənqid olunur.

Bu İrlandiyanın rok qrupu U2-nin solisti Bono-dur.

ABŞ-da nəşr olunan jurnal bildirib ki, Bono-nu qadın haqları üçün apardığı kampaniyalara görə siyahıya əlavə edib.

Bono isə bildirib ki, "əminəm siyahıya düşməyə haqqım çatmayıb" - amma gender bərabərliyi üçün kişilər də qadınlar qədər mübarizə aparmasa "hədəfə çatmaq çox çətin olacaq".

Jurnalın bu qərarı sosial mediada geniş müzakirə edilib.

Yumorist Travon Free "Glamour Bono-ya partiarxallığa qarşı mükafat vermənin məsələnin məqsədinə zidd olduğunun fərqindədir?" deyə sual edib.

Başqa bir Twitter istifadəçisi Stephanie Peat isə yazıb: "Bono ilin qadını siyahısında. Doğurdan da cəmi 3,7 milyard qadın içində mükafata layiq adam tapmaq yəqin çətin olub".

Jurnalın redaktoru Cindi Leive illərdir siyahıya bir kişi əlavə etmək üzərində müzakirələr getdiyini bildirib. Amma vaxt keçdikcə bu, "hadisələrə geri fikirli kimi baxmağa" oxşadı. "Qadınlar üçün əla işlər görə çox kişi var. Bono da onlardan biridir", o qeyd edib.

Siyahıda ABŞ-lı müğənni Gwen Stefani, aktrisa Zendaya və Olimpiya gimnastı Simone Biles də var.

Bono ötən ilin iyununda Monrealda verdiyi konsertdə azərbaycanlı siyasi məhbuslar - Emin Hüseynov, Xədicə İsmayıl, Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin adlarını çəkərək və onların fotolarını nümayiş etdirərək onlara azadlıq istəyib.