Hindistanda qadınlar "üç dəfə talaq" praktikasına qarşı çıxırlar

Hidnistanda müsəlman gəlinlər Fotonun müəllifi AFP
Image caption Fəallar bildirir ki, minlərlə nikaha üç dəfə "talaq" deməklə son qoyulub.

Hindistanda "üç dəfə talaq" praktikası ətrafında qızğın müzakirələr gedir. İslamda ər üç dəfə "talaq" (ərəbcə "səni boşayıram") deməklə arvadını boşaya bilir.

Müsəlman qadınlar bu praktikaya son qoyulmasını tələb edərək Ali Məhkəməyə göndərdikləri çoxsaylı petisiyalar və müsəlman din xadimlərinin etirazlarından sonra baş nazir Narendra Modi üç dəfə talağın qadınları "məhv etdiyini" dilə gətirib.

BBC-nin Hindi Xidmətindən Divya Arya Hindistanın şimalındakı ucqar bir kənddə 20 yaşlı qadınla söhbət edib. Onun əri üç dəfə "talaq" deyərək onu boşayıb. Üstəlik, o bunu telefonla edib.

Günəşli bir gündə kiçik, qaranlıq otaqda bu utancaq qadınla tanış oluram. Bura onun valideynlərinin evinin ən arxa otağıdır. Ərinin Səudiyyə Ərəbistanından zəng vuraraq telefonda üç dəfə "talaq deməklə Asmanı boşamasından bir neçə həftə keçib. Hələ də gərginlik sezilir.

Asmanın oynamaq istəyən bir yaşlı qızı davamlı olaraq nənəsinin qucağından düşməyə çalışır. Cəmi iki illik evlilikdən sonra qəfil baş vermiş boşanmadan sonra Asma danışmır.

Bu gün o, başını və üzünü örtərək tərəddüd içində danışır. Mən onun nə dediyini çətinliklə anlamağa çalışıram.

Image caption BBC-nin Hindi Xidmətindən Divya Arya Şahnəvaz Hüseynin ailəsilə söhbət edir

O deyir ki, Şahnəvaz Hüseynlə xoşbəxt evliliyi olub. Ancaq bu, bir il əvvələ, yəni qızları doğulana qədər davam edib. Ailə oğlan arzusunda imiş. Hər şey də bundan sonra dəyişməyə başlayıb.

"Əvvəlcə onlar məni oğlan doğmadığıma və cehiz gətirmədiyimə görə sadəcə lağa qoymağa başladılar. Ancaq sonradan bu, fiziki təhqirə çevrildi," - Asma deyir.

O deyir ki, onu çubuqla döyürdülər və çox zaman o, yataqda yatmalı olurmuş. Ancaq hətta onda belə o boşanacağını gözləmirdi.

"Bir aydan bir qədər çox olar, mən valideynlərimin evinə gələndə ərim də sakitcə Səudiyyə Ərəbistanına getdi. Sonra da zəng vurub məni talaq verdi, boşadı," - o danışır.

Ailə zorakılığı

Image caption Asma başını və üzünü örtərək tərəddüd içində danışır

Hüsseynin qonşu kənddə yaşayan ailəsi gəlinlərinə işgəncə verdikləri barədə deyilənləri inkar edir. Onlar iddia edirlər ki, boşanmaya səbəb ərlə arvad arasındakı narazılıqdır.

Onlar Şahnəvazın əlaqə nömrəsini verməkdən də, 'talaq-ul-biddat' üsulu barədə fikir söyləməkdən də imtina edirlər. Şahnəvazın böyük qardaşı Məhəmməd Şah Nəzər deyir: "Biz savadsız və cahilik. Bu məsələ barədə ancaq müsəlman din xadimləri danışa bilər."

Onun sözlərinə görə, onların kəndində və Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatının digər ətraf kəndlərində çox sayda kişi işləmək üçün Yaxın Şərqə gedir.

Yerli sakinlər deyirlər ki, telefonla üç dəfə "talaq" demək praktikası buralarda adi hala çevrilməkdədir.

Fotonun müəllifi AFP

Asmanın işi ərazidə sorğulanan, qınanılan və kənd ağsaqqallarının dəstəkləmədiyi ilk boşanma halıdır.

Bura təhsil səviyyəsinin aşağı olduğu ucqar kənddir. Kişilərdən heç biri "üçlü talaq" praktikasına etiraz üçün Ali Məhkəməyə göndərilən petisiyalar barədə heç nə eşitməyib.

Müxtəlif qadınlar və qadın qrupları tərəfindən göndərilmiş bu petisiyalar müsəlman qadınlara qarşı cinsi ayrıseçkilik məsələsini qaldırır.

Onlar üç dəfə talaq praktikasının "özbaşına boşanma" olduğunu iddia edirlər. Hindistan hökuməti petisiyanı dəstəkləyərək məhkəməyə cavab verib.

Cavabda deyilir ki, üç dəfə talağın "dünyəvi dövlətdə yeri yoxdur". Ancaq hökumətin bu reaksiyası müsəlman din xadimlərinin etirazına səbəb olub.

Ölkədəki müsəlmanlar üçün ən mühüm qərar qəbuletmə orqanı olan Ümumhindistan Müsəlman Şəxsi Hüquq Şurası bəyan edib ki, "məhkəmə azlıqların dini azadlıqlarına müdaxilə edə bilməz."

Hindistan konstitusiyası ölkədəki ən böyük dini azlıq olan müsəlmanların evlilik, boşanma və vərəsəlik kimi məsələləri öz mülki kodeksləri ilə nizamlamasına imkan verir.

Ali Məhkəməyə göndərilmiş petisiyalara cavab verən hökumət indi də onlayn sorğu yerləşdirərək ictimaiyyətin Hindistanda "vahid milli məcəllənin" tətbiq edilib-edilməməsi barədə rəyini öyrənməyə çalışır.

Belə bir məcəllə qəbul olunarsa, o, ölkənin bütün regionlarına, kasta və tayfalarına şamil olunar. Beləliklə, müsəlmanlar və digər azlıqlar ailə məsələlərində öz mülki kodekslərini tətbiq etməklə bağlı mövcud hüquqlarından məhrum olarlar.

Ümumhindistan Müsəlman Şəxsi Hüquq Şurası bu prosesi qınayaraq Modinin hindu millətçi hökumətinin niyyətlərini "şübhəli" adlandırıb.

Məzhəb fərqləri

Image caption Asmanın əmisi məsələni müzakirə etmək üçün din xadimi ilə görüşür

Qadın qrupları uzun zamandır şəxsi hüquqlarla bağlı islahatların aparılmasını, bu hüquqların qadınlara qarşı daha ədalətli olmasını tələb edirlər.

"Talaq" sözünü eyni anda üç dəfə tələffüz etmək praktikasına Hindistanın sünni müsəlman icması arasında daha çox rast gəlinir. Ancaq Sünni islam hüququnun üç məzhəbi artıq bu üsulu düzgün saymır.

Asmanın yaşadığı kənd sünni islamın Diobəndi məzhəbinin qaydalarına əməl etdiyinə görə hələ də eyni zamanda üç dəfə talaq deyilməsi praktikasını düzgün sayır. Buna görə də bu kənddə dəyişikliyə çağırış daha mühüm əhəmiyyət kəsb edir.

Asmanın kəndin başçısı olan əmisi kənd camaatı ilə bu köhnə təcrübənin nə dərəcədə düzgün olması barədə danışır.

Onun evinin həyətində əlliyə qədər adam toplaşıb. Yerli molla da iştirak edir. Qızğın müzakirə gedir. Yekunda, 70 yaşlı kişi adamları sakitləşdirərək mənə onların indicə "üç dəfə talağın qadınlara qarşı ədalətsiz olması" barədə razılığa gəldiyini bildirir.

Məhəmməd İrfan bunu "icma arasında sürətlə yayılan xəstəlik" adlandırır. Biz bunu tezliklə dayandırmasaq, qadınlarımızın taleyi pisləşəcək," - o deyir.

Image caption Məhəmməd İrfan talaqı pisləyir

O, problemin icma arasında yayılmasını onunla izah edir ki, "hətta kişi arvadını ani boşayandan sonra belə, o, Yaxın Şərqdə çoxlu pul qazanandan sonra digər ailələr öz qızlarını həvəslə ona ərə verəcəklər."

Ancaq yerli molla razılaşmır. O deyir ki, Asmanın boşanması qanunidir. O iddia edir ki, kişinin "talaq" sözünü eyni zamanda üç dəfə dilinə gətirməsi, yaxud onu üç dəfə yazaraq bunu istənilən yolla arvadına bildirməsi üçlü talağın düzgün üsuludur.

Ötən illər ərzində müsəlman qadınların Hindistan Məhkəməsinə müraciət edərək, yanlışlıqla üçlü talağa məruz qaldıqlarını bildirdikləri zaman məhkəmə onların xeyrinə qərar çıxarıb.

Onlar bildiriblər ki, islam qanunlarına görə üç dəfə talaq bu sözün 3-6 ay ərzində deyilməsi ilə həyata keçirilir. Buna "talaq-ul-ahsan" deyilir.

Bu zaman qadının islah olunması və cütlük arasındakı fərqlərin həll olunması üçün kifayət qədər vaxt verilmiş olur.

Ancaq bu məlumat nədənsə Hindistanın bütün kəndlərinə gedib çıxmayıb. Hindistanın müsəlman icması şəriətin müxtəlif təfsirlərini, o cümlədən bərabərlik və ədalət ideyalarını anlamaq sınağı ilə üz-üzədir.

Bu barədə daha geniş