2016-ci il "çox güman ki" dünyanın ən isti ili olacaq

quraqlıq Fotonun müəllifi Getty Images
Image caption Qrenlandiya buz örtüyü isə bu ilin əvvəlində vaxtından çox tez əriməyə başlayıb.

Bu ilin doqquz ayının nəticələrini təhlil edən alimlər 90 faiz əmindir ki, 2016-cı il dünyada ən isti il kimi qlobal rekordları qıracaq.

Bu il yanvar ayından sentyabradək havanın hərarəti sənayeləşmə-öncəsi səviyyəsindən 1.2 dərəcə artıq olub.

Dünya Meteorologiya Təşkilatı (DMT) deyir ki, havanın hərarəti ilin sonunadək yüksək olaraq qalacaq.

Sakit Okeandakı El Nino tsikli buna səbəb olsa da, temperaturu yüksəldən əsas səbəb karbon tullantılarıdır.

"Növbəti il. Növbəti rekord. 2015-ci ildə gördüyümüz yüksək hərarət rekordu 2016-cı ildə qırılacaq", DMT baş katibi Petteri Taalas deyib.

"Arktik Rusiyanın bəzi hissələrində temperatur uzun müddətli orta səviyyədən 6-7 dərəcə artıq olub. Rusiyanın digər Arktik və sub-Arktik regionlarında, Alyaska və şimal-qərbi Kanadada orta səviyyədən 3 dərəcə çox olub", o bildirib.

Arktik Dənizin buzu əhəmiyyətli səviyyədə əriməkdə dava edib, Qrenlandiya buz örtüyü isə bu ilin əvvəlində vaxtından çox tez əriməyə başlayıb.

Ekspertlər inanır ki, El Nino hava fenomeni 2015-2016-cı illərdə rekordları qıran isti temperaturlara əsas səbəblərdən biridir.