Belçika: Yumurta qalmaqalına rəğmən 10 min yumurtadan nəhəng omlet hazırlanacaq

Nəhəng omlet Fotonun müəllifi AFP
Image caption Nəhəng omlet dünyanın bir sıra ölkəsində hazırlanır. Fransa (Aprel, 2014)

Yumurtalarda zəhərli fipronil maddəsinin aşkar olunması ilə bağlı qalmaqala rəğmən Belçikanın Malmedi şəhərində 10 min yumurtanın istifadəsilə ənənəvi nəhəng omlet hazırlanacaq, təşkilatçılar bildirir.

Belçikanın əsasən fransız dilində danışan cənub-şərq bölgəsində nəhəng omlet bişirmək ənənəsi 22 ildir ki, təsis olunub.

Fipronil həşərat əleyhinə istifadə olunan kimyəvi maddədir. Onun ərzaq şəbəkəsində istifadəsi qadağan edilib.

Ərzaq təhlükəsizliyi rəsmilərinə əsasən yumurtalarda aşkar edilmiş bu maddənin həcmi o qədər cüzidir ki, insanlara zərərli ola bilməz.

Maddə yumurtalara Hollandiyada yol tapıb. Daha sonra isə onun izlərinə Honq-Konq kimi uzaq ölkələrdə rast gəlinib. Fipronilin izləri 18 ölkədə tapılıb.

Hollandiya Avropanın ən iri yumurta istehsalçılarındandır.

Dünya boyunca milyonlara yumurta məhv edilib. Şübhə doğuran yumurta qutuları supermarket rəflərindən yığışdırılıb.

Dəyərləndirmələrə görə bu istehsal və satış şəbəkələrinə 177 milyon dollara başa gəlib.

Fipronil qalmaqalından sonra Hollandiyada iki şübhəli şəxs saxlanılıb.

Bu arada 180 toyuq ferması müvəqqəti bağlanılıb.

Malmedidəki tədbirdə istifadə edilən yumurtalar ciddi yoxlanışdan keçib, Belçikanın RTL kanalı bildirir.

Lakin təşkilatçılar ehtiyat edir ki, tədbir iştirakçıları yumurta, göy-göyərti və bekonun istifadəsilə hazırlanmış omletdən imtina edə bilər.

"Baxaq görək necə gedəcək, çünki çoxlu şayiələr dolaşır, insanlar qorxduğunu bildirir", "The World Fraternity of Knights of the Giant Omelette" tədbirinin təşkilatçılarından Robert Ansenne deyib.

Malmedi şəhərinin mərkəzində 4 metr radiusu olan tavada hazırlanan omlet ictimaiyyətə pulsuz təklif olunur.

Nəhəng qayğanaq hazırlamaq ənənəsi Fransa, ABŞ, Kanada və Argentina kimi ölkələrə yayılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş