100 Qadın: Söz atan, göz zilləyən, fit çalan, siqnal verən, arxanızca düşən, sizə toxunan kişilər...

Woman listens to headphones on the train. Fotonun müəllifi Getty Images

Heç qadınların kişilər tərəfindən edilən təcavüz ucbatından nə qədər vaxt və enerji sərf etdiyini düşünmüsünüzmü?

Durham Universitetindən tədqiqatçı doktor Fiona Vera-Gray, son beş ilini seksual təcavüz və zorlanma səbəbindən davranışlarını dəyişmək məcburiyyətində qalan qadınlarla işə həsr edib.

Bu ilin 100 Qadın Çağırışının bir hissəsi kimi o, məsələnin həllini bu haqda mümkün qədər çox danışmaqda görür.

Ötən beş ildir ki, mən Birləşmiş Krallıqda (BK) yaşayan qadınlarla onların ictimaiyyətdə seksual təcavüz təcrübəsi haqqında danışıram. 18 və 68 yaş arası qadınlar ilə etdiyim söhbətlərdə onlar kişilərin həyatlarına müdaxilə etmələrini dilə gətiriblər.

Günün günorta çağı dükanda masturbasiyadan tutmuş, uşaqsalmadan sonra əhvalını pozmamaq kimi tələblərə qədər - hər şey.

Özüm də bunu yaşamışam. İlk dəfə yadımdadır ki, məktəbdən ən yaxın rəfiqəm ilə evə gələrkən başıma gəlib belə hadisə.

Bir kişi yolumuzu kəsdi və hələ o zaman dayanmayıb yolumuza davam etmək gərəkdiyini, bunu heç kəsə deməməli olduğumuzu və gülünc bir xatirə kimi yadda saxlamaq lazım gəldiyini bilirdik.

Bəs siz necə? Əgər bunu oxuyursunuzsa və qadınsınızsa, tanımadığınız kişi tərəfindən ilk dəfə nə vaxt müdaxilə ilə rastlaşmısınız? Söz atan, göz zilləyən, fit çalan, siqnal verən, arxanızca düşən, sizə toxunan kişiləri deyirəm.

Bəs "bəlkə də" dediyiniz neçə hal yadınızda qalıb? Sizə zillənən bir cüt kişi gözü olub, amma yenə də bundan əmin olmamısınız.

Özünəvurğun biri kimi görünmək istəməmisiniz. Paranoyak adlandırılmaq istəməmisiniz. Ya da fikirləşmisiniz ki, qoy burada oturum, avtobusa minim, başqa qadına yaxın oturacaqda əyləşim, ya da ki, sürücüyə yaxın. Növbəti qatara minim, təki problem məndən uzaq olsun.

"Doğru miqdarda" qorxu yaşamaq

Bəlkə də 20 yaşlarındakı qaradərili britaniyalı qadın Delilah kimi diqqət cəlb etməmək üçün qırmızı geyinməyəsiniz. Ya da 30 yaşlarındakı Asiya əsilli britaniyalı Shelley kimi olduğunuzdan güclü görünmək üçün acıqlı baxışlarla baxasınız ətrafa.

Yaxud yeniyetmə ağdərili britaniyalı Lucy kimi enerjisi bitən telefonunuzu yalandan qulağınıza qoyub kiməsə zəng edən şəkildə göstərəsiniz özünüzü. Və ya 20 yaşlarındakı latviyalı qız Ginger kimi qulaqcıqları qulağınızdan çıxarmayasınız ki, musiqi dinləməyib, ətrafdakıların danışığını eşidəsiniz.

Bunlar mənim söhbət etdiyim qadınlardan cəmi bir neçəsinin yaşadığı şeylərdir. Avropada seksual təcavüz üzrə aparılan ən böyük tədqiqatlardan biri göstərib ki, sorğuda iştirak edən 42 min qadından demək olar ki, yarısı gender əsaslı zorakılıq ucbatından hərəkət azadlıqlarını məhdudlaşdırmaq məcburiyyətində qalırlar.

Fotonun müəllifi Getty Images

Bu qədər geniş yayılmasına baxmayaraq, təhlükəsiz qalmaq üçün gündəlik seçimlərimiz və ya uğrunda etdiyimiz dəyişikliklər haqqında heç fikirləşmirik.

Qadınlara qarşı zorakılıq üzrə dünyanın aparıcı sosioloqlarından biri Liz Kelly, bunu bir termin ilə ifadə edir, "təhlükəsizlik işi" - qadınların ictimaiyyət arasında yaşadıqları təcrübələrə qarşı vərdiş strategiyası.

Biz təhlükəsizlik işini adətən düşünmədən, vərdişlərimizin bir hissəsi kimi işə salırıq.

Dünya üzrə kişilərin qadınlara qarşı təcavüzü müxtəlif formalar və tezliklərdə olsa belə, qadınlar daim bunun üzərində işləyirlər. Daim. Və bu iş də bizim azadlığımızı məhdudlaşdırır.

Fotonun müəllifi Handout
Image caption Tələnin içində qalaraq, azadlığımızdan vaz keçərək, istənilən halda günahkar çıxarıldığımızı bilərək özümüzü xəfifcə, yavaş-yavaş dəyişirik, deyir Dr Fiona Vera-Gray

Bu işin böyük hissəsinin məqsədi önləyicidir. Biz çox vaxt müdaxilənin müdaxilə olduğunu vəziyyət kəskinləşənə qədər hiss etmirik: gözünü sizə dikən kişi sizinlə birgə yolu keçir, artıq baxmır, toxunur.

Əgər təhlükəsizlik işi pozulursa, yaşanan hadisənin fonunda uğur ərşə çəkilir.

Hamımız çox yaxşı bilirik ki, bu həmişə işləmir və işləyə də bilməz. Buna görə də qadınlar iki daş arasında qalıblar: təcavüzün qarşısını almağa mükəlləf olmaqla yanaşı, təhlükəsizlik işinin nə vaxt işə yaradığını da müəyyənləşdirmək.

Londonda söhbət etdiyim Katie-Lou adlı qadının dediklərini unutmaram. Qadınlar gündəlik həyatda "doğru miqdarda" qorxu yaşamaq məsuliyyəti daşıyırlar.

"Bu mesajları daha da qəlizləşdirir, elə deyilmi? Öz qayğına qalmalısan, amma kiminsə sənin üçün təhlükə olduğunu təsəvvür etsən, olursan axmaq qadın. Yəni, işinin adı qorxunu belə, doğru miqdarda yaşamaqdır."

Axı qorxunun "doğru miqdarı" necə olar bilər ki?! Ya həddən artıq olar, ya da kifayət qədər olmaz. Və bunda nə vaxt haqlı olduğumuzu bilmədiyimizə görə susmağı öyrənmişik.

Tələnin içində qalaraq, azadlığımızdan vaz keçərək, istənilən halda günahkar çıxarıldığımızı bilərək özümüzü xəfifcə, yavaş-yavaş dəyişirik.

Şansı və vərdişləri məhdudlaşdırmaq üçün əl atdığımız xırda dəyişikliklər də çox keçmədən itir. Özümüzü təhlükəsiz hiss etmək üçün hələ nə qədər iş görməliyik. Diqqət mərkəzinə düşməmək üçün hələ nə qədər iş görməliyik.

Bəs özümüzü təhlükəsiz hiss etmək üçün qurban verdiyimiz azadlıq haqqında danışmağa başlasaq necə? Böyük qərarlardan yox, kiçik, gözə görünməyən vərdişlərdən deyirəm.

Qadınların yaşadığı seksual təcavüzün növləri və miqyasını artıq dinləməyə başlamışıq.

Bəs ictimaiyyətdə tətbiq etdiyimiz təhlükəsizlik işləri haqqında danışmaq şansı verməyə nə deyirsiniz? Danışmağa sözünüz olmazmı?

Dr Fiona Vera-Gray Durham Hüquq Məktəbində tədqiqatçıdır və qadınlara qarşı zorakılıq istiqamətində ixtisaslaşıb.

BBC-nin 100 Qadın layihəsi hər il dünyanın müxtəlif yerlərindəki nüfuzlu qadınların adlarını açıqlayır. Layihə çərçivəsində qadın problemlərinə dair müxtəlif yazılar dərc edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş