100 Qadın: Qadınların sükan arxasında olması təcavüzün qarşısını alırmı?

Woman behind the wheel Fotonun müəllifi AFP/Getty Images
Image caption İordaniyada qadın taksi sürücüsü: mühafizəkar müsəlman cəmiyyətində nadir bir hadisə

Dünyada bir çox qadın və qızlar ictimai yerlərdə təcavüzə uğrayıblar və ya bu təcrübəni yaşayacaqlar.

Statistika göstərir ki, ictimai nəqliyyat fit çalmaqdan tutmuş vulqar atmacalar, toxunuş və təhqirlər də daxil olmaqla bütün oxşar həmlələrin baş verdiyi əsas yerdir.

Problemi həll etmək üçün dünya üzrə müxtəlif üsullar tətbiq olunub: qatarlarda ayrı vaqonlar, qadın sərnişinlər üçün "çəhrayı taksilər", ictimai nəqliyyat şəbəkələrində baş verən bənzəri hadisələr haqqında məlumat vermək üçün kabinələr və fərqli maarifləndirmə kampaniyaları.

Bakıda yalnız qadınlara xidmət göstərən taksi

Bəs sükan arxasındakı qadınlar bu işdə necə kömək ola bilərlər?

100 Qadın layihəsi çərçivəsində avtobus, qatar, metro və taksilərin qadın sürücüləri, ictimai fəallar və siyasət mütəxəssislərinə bu sual ilə müraciət etdik.

Fotonun müəllifi PATRICK KOVARIK/AFP/Getty Images
Image caption Dünyadakı qatar maşinistlərinin əksəriyyəti kişilərdir

'Ətrafımdakı digər qadınların mənim köməyimə ehtiyacı olmamalıdır'

Hannah Merrin, 32 yaş, on ildir ki, qatar maşinisti və müəllimi işləyir. O, İngiltərədə yeni Crossrail xəttinin sahibi Honkonqun nəhəng dəmiryolu şirkəti MTR üçün çalışır. Crossrail maşinistlərinin 13%-i qadınlardır. Bu rəqəm, sənaye üzrə ikiqat artıq göstərici deməkdir.

Dəmiryol sənayesini atam sayəsində seçmişəm, o da burada işləyib. Mən işə başladıqda 80 maşinistdən yalnız ikisi qadın idi. Bu qorxunc idi.

Onların əksəriyyəti ilə problemim yox idi. Sanki qayğıma qalan çoxlu əmilərlə işləyirdim. Amma aralarında bir neçəsi qadınlarla işləməyi bəyənmirdi.

Özüm də menecerimizin təhqirlərinə tuş gəlmişəm. O, açıq-aydın buranın qız üçün iş yeri olmadığını mənə demişdi. Üstəlik inkişafımın qarşısını almaq niyyətini də gizlətməmişdi.

Qadın sərnişinlərin qatardan təcavüz qurbanı şəkilində düşdüklərinin dəfələrlə şahidi oluram. Platformada onların qayğısına qalacaq birini görməyincə qatarı hərəkət etdirmirəm.

Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Hindistan Dəmir Yolları qadın sürücüləri işə götürür

Bəzən içkili və ya gec saatlarda təkbaşına səyahət edən qadınlar olur. Bilirəm ki, kişilər üçün bu ən asan fürsət olur adətən.

Ona görə də çalışıram ki, gözümü həmin qadınlardan ayırmayım. Qatarlarda belə hallarda nə etmək lazım gəldiyini göstərən heç bir rəsmi sənəd yoxdur. Sadəcə özümü o qadınların yerinə qoyuram və ona uyğun davranıram.

Sükan arxasında qadının varlığı qadın sərnişinlərə nə dərəcədə kömək olur bilmirəm... Amma inanıram ki, təcavüzlə mübarizə aparmağın yeganə yolu bunu edən kişilərə qarşı çıxmaqdır... Ətrafımdakı digər qadınların mənim köməyimə ehtiyacı olmamalıdır.


Daha yaxşı sürücülər

Doris Muthoni Vanjira, 38 yaş, Nayrobi - Keniyada "matatu" və ya mini-avtobus bələdçisidir. Onun sərnişinlərin biletlərini yoxlayarkən qucağında uşaqla şəkili, bu yaxınlarda internetdə geniş yayılmışdı. Şirkət bu hərəkətinə görə onu bir həftəlik işdən uzaqlaşdırır və böyük ictimai qınağa səbəb olur.

Əgər xaç atanız, kişi qohumunuz və ya tanışınız yoxdursa, qadın kimi nəqliyyata minmək çox çətindir. Özlərinə yer tapmaq üçün qadınlar üç dəfə daha artıq əziyyət çəkməlidirlər.

Fotonun müəllifi TONY KARUMBA/AFP/GETTY IMAGES
Image caption Bu bəzəkli mikroavtobuslar Nayrobidə əsas nəqliyyat vasitələrindən biridir

Bələdçi işinə müraciət edən qadınlardan bəzi avtobus sahibləri [işə və ya maaşa olan ehtiyacı ucbatından] istifadə edirlər. Matatudakı qadın sərnişin və sürücülər də əziyyət çəkirlər: onlara təcavüz olunur və bir çoxu bizim "fahişə" olduğumuzu düşünür.

Bəzi qadın bələdçilərlə kişi sərnişinlər çox pis davranırlar. Pulu ödəmədikləri üçün onlara nə isə dedikdə həm təhqir olunur, həm də fiziki təcavüzə məruz qalırıq.

Bununla belə, mənə elə gəlir ki, insanlar bizi bu cür işlərin başında görməlidirlər. Bu yolla peşə seçimində cinsi ayrıseçkilik aradan qalxar və digər qadınlar üçün ümid yeri olar.

Matatu sənayesində apardığımız bu mübarizə, digər qadınları da ürəkləndirir və sözün düzü, qadınlar kişilərdən qat-qat yaxşı sürücülərdir.

Ola bilsin ki, maşını aşağı sürətlə idarə edirik, amma mənzilə çatırıq və bir çox qadın sərnişinlər bizimlə səyahət etməyi xoşlayırlar. Çünki biz, onların avtobusa minməyi və ya düşməyini asanlaşdırırıq və onlarla çox yaxşı davranırıq.

Fotonun müəllifi DORIS MUTHONI
Image caption Doris Muthoni uniformasında (solda) və uşağını işə gətirdiyi foto

Təcavüzə uğrayan qadın gördükdə onu müdafiə etməyə çalışıram. Heç kimin buna haqqı yoxdur. Ürəyindən necə geyinmək keçirsə, elə də geyinməlisən və bu, qadınların haqqıdır.

Bizi müdafiə etmək üçün həmkarlar ittifaqına, peşə təhlükəsizliyinə ehtiyacımız var. Özünümüdafiə üçün bizə təlimlər keçilməlidir, bizim üçün mübarizə aparan hüquqşünaslar olmalıdır. Özümüzü təhlükəsiz hiss etməliyik və bizə hörmət olunmalıdır.


Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Pakistanda yalnız qadınlar üçün nzərdə tutulmuş taksi xidməti

Rahat yer və anlayış

She Drives Us (Sürücümüz Qadındır) Çilidə yenicə istifadəyə verilən tətbiqetmə proqramıdır. Məqsəd gender əsaslı nəqliyyat yaratmaqdır. Şirkətə "Qadınlar üçün Uber" adı verilib və onun 2500 qeydiyyatdan keçmiş üzvü və təxminən 900 sürücüsü var.

"Bu proqram qadın sərnişinlərə qadın sürücülər ilə səyahət etmək imkanı verir və onların hər ikisinin təhlükəsizliyini təmin edir," She Drives Us ilə işləyən 30 yaşlı sürücü Macarena Oyarce deyir.

"Qadınlar özlərini rahat hiss edirlər və sükan arxasındakı şəxs onlara qarşı anlayışla davranır."

"Təcavüz xəbərləri bizi alternativ biznes modeli qurmağa sövq etdi və nəticədə belə bir sistem yaratdıq," xidmətin üç qadın təsisçisindən biri Esteban Torres deyir.

"Əgər statistikaya nəzər salsanız, dünyanın başqa yerlərində olduğu kimi Çilidə də vəziyyətin ürəkaçan olmadığını görə bilərsiniz."

Fotonun müəllifi MACARENA OYARCE
Image caption Macarena Oyarce She Drives Us xidmətində işləyən 900 qadın sürücüdən biridir

"Bunun faydası isə ikiqatdır: qadınlar təhlükəsiz səyahət üçün bizi seçə bildikləri kimi, tam ştat işləyə bilməyən qadınlar da sürücü qismində fəaliyyət göstərə bilərlər."

Sürücülər də bundan məmnundurlar.

"Əlbəttə ki, sükan arxasındakı qadınların cinsi təcavüzə qarşı mübarizəsi üçün əla çıxış yoludur," 34 yaşlı sürücü Carmen Gloria Urrutia deyir.

"Statistik göstəricilərə əsasən, qadınlar daha yaxşı sürücü olurlar və daha az qəza törədirlər. Üstəgəl statistika göstərir ki, qadının qadına cinsi təcavüzü çox aşağı səviyyədədir," Torres deyir.

"Mənim də qızım var və əgər o, tək harasa getmək istəsə, qadın sürücü ilə səyahətinə üstünlük verərəm."

Fotonun müəllifi FILIPPO MONTEFORTE
Image caption İzdihamlı ictimai nəqliyyat: təcavüz üçün uyğun mühit

'Bir də fikirləş, təcavüz olduğundan əminsən?'

Tamara De Anda meksikalı jurnalist və bloqçudur. O, özünü təhqir edən taksi sürücüsünü polisə şikayət etməsi ilə tanınır. Sürücü cərimə ödəməli olmuşdu. Bu, Meksika şəhərində nadir hal sayılır. O həm də gender bərabərliyi uğrunda mübarizənin siması kimi məşhurdur.

Biz sükan arxasında daha çox qadın görməliyik, əlbəttə ki. Amma bu nəqliyyat siyasətində də əks olunmalıdır.

Çünki kişilər belə təcrübələr yaşamırlar və onlar üçün məsələ o qədər mücərrəddir ki, bəzən heç anlamaq istəmirlər.

Buna görə də inkişaf görmək üçün qərarverici məqamlarda qadınların olması vacibdir.

Fotonun müəllifi Andrew Burton / GETTY IMAGES
Image caption Sadəcə sürücülər deyil: bizim həmçinin daha çox qadın bələdçiyə ehtiyacımız var, qadın fəal Tamara De Anda deyir

Nəqliyyat şəbəkəsində rəhbərə ən yaxın sima sürücü və ya bələdçi olur. Və bu işləri icra edən çox az qadın var.

Çox güman ki, buna səbəb işəgötürənlərin kişi olmasıdır və qadın sürücülərə qarşı mənfi rəy böyükdür. Burada mənfi rəy o qədər yüksəkdir ki, məsələn deyək, taksi sifariş edən şəxs sürücünün qadın olduğunu görsə, onu rədd edə bilər.

Meksikada stansiya bələdçiləri və polislərinin böyük əksəriyyəti kişilərdir və təcavüz məqsədli müraciətləri ört-basdır edirlər.

Onlara yaxınlaşanda bir çoxu deyir ki, "bir də fikirləş, təcavüz olduğundan əminsən?"

Bu, adamı ruhdan salır.

Fotonun müəllifi YOUTUBE
Image caption Mexiko şəhəri ictimai nəqliyyatındakı bu kampaniya geniş müzakirələrə səbəb olub. "Penis oturacaq"la Mexikonun ictimai nəqliyyatında qadınların üzləşdiyi cinsi zorakılıq əks olunur

Təkcə sürücü deyil

Sade Agboola, 35 yaş, bu yaxınlarda Londonun cənubunda fəaliyyətə başlayacaq yalnız qadın sürücüləri işə götürən Annisa Cars adlı özəl şirkətin əsasını qoyub.

Biz qərara aldıq ki, işə yalnız qadın sürücülər götürək. Bu isə məsələnin həlli yox, baş verənlərə münasibətdir. Yəni, həll etməli olduğumuz problemə müraciət.

Biz kişilərə qarşı ayrıseçkilik salmaq istəmirik, nə də bizə müraciət edən kişilərin günahkar olduğunu demirik.

Amma problemə müraciət etmək məcburiyyətindəyik. Bir uşaq anası olaraq mən özüm taksilərdən çox istifadə etdiyimə göə sürücü ilə təkbaşına özümü narahat və gərgin hiss edirəm.

Fotonun müəllifi Sade Agboola
Image caption Sade Agboola özünün şəxsi avtomobil kirayəsi şirkəti üçün qadın sürücüləri işə götürür

Yalnız qadın sürücülərdən ibarət taksi xidməti qadınların gücünə güc qatmağın bir yoludur. Bəziləri evlərini tərk edəndə artıq narahatlıq keçirirlər.

Ölçüsündən asılı olmayaraq, təcavüzlərin nəticəsi eyni olur: normal həyata qayıtmağın bir yolunu tapmalısan.

Zənnimcə, təcavüzə məruz qalan qadınlar kifayət qədər dəstək görümürlər. Son dərəcə travmatik bir təcrübə yaşayan qadınlara əvvəlki inamın qayıtması üçün kömək etmək məcburiyyətindəyik.

Bizim sürücülərimiz təkcə sürücü deyil, həm də qadınların özünü təhlükəsiz hiss etməsi üçün bir növ keşikçidir. Heç kəs özünü narahat hiss etməməlidir.

Fotonun müəllifi Sean Gallup / GETTY IMAGES
Image caption Bəzi qadınlar üçün taksidə kişi sürücü ilə tək olmaq narahatedici ola bilər

"Cinsi ayrıseçkiliyin başqa bir forması"

Holly Kearl amerikalı fəal və Stop Street Harassment (Küçə Təcavüzünə Son) adlı qeyri-kommersiya təşkilatının qurucusudur. O həm də Stop Street Harassment: Making Public Places Safe and Welcoming for Women (Küçə Təcavüzünə Son: İctimai Yerləri Qadınlar üçün Daha Təhlükəsiz və Rahat Etmək) adlı kitabın müəllifidir və 2012-ci ildə keçirilən Beynəlxalq Anti-Küçə Təcavüzü Həftəsinin təşkilində iştirak edib.

Söhbət ictimai nəqliyyatdan gedirsə, adətən basırıq olan bu mühitdə hərəkətə keçmək çox rahatdır: onlara elə gəlir ki, sıxlıqda kimin nə etdiyini heç kim başa düşməyəcək.

Bu zaman sürücünün kişi və ya qadın olması rol oynamır.

Fotonun müəllifi HOLLY KEARL
Image caption "İnanıram ki, sürücü qadın olanda qadınlar özlərini daha rahat hiss edirlər, amma bu tədbirlər cinsi ayrıseçkiliyin başqa bir formasıdır və qadınların çiyinlərindəki yükü bir az da ağırlaşdırır: təhlükəsiz qalmaq üçün daha çox səy göstərmək", Holly Kearl deyir

İnanıram ki, sürücü qadın olanda qadınlar özlərini daha rahat hiss edirlər, amma bu tədbirlər cinsi ayrıseçkiliyin başqa bir formasıdır və qadınların çiyinlərindəki yükü bir az da ağırlaşdırır: təhlükəsiz qalmaq üçün daha çox səy göstərmək.

Bu, qadınlara "başqa" statusu verir və alternativ variant yaradır.

Mən, taksi və nəqliyyat şirkətlərinin sürücülərini təcavüzçü olmaqdan çəkindirmək üçün nə isə etdiyini görməyə üstünlük verirəm. Daha çox qadın sürücü ilə rastlaşmaq da ayrıca müsbət təsir yaradır.

Məktəblərdə tədrisi artırmaq, maarifləndirmə kampaniyalarını çoxaltmaq və icmalarda təlim proqramları təşkil etmək lazımdır ki, təcavüz qurbanları və şahidlər necə davranmaq gərəkdiyini bilsinlər.

Təcavüzün kökündə dayananan səbəblərə köklənmək üçün daha çox təşəbbüslərə ehtiyac var.

Fotonun müəllifi ROMEO GACAD/AFP/GETTY IMAGES
Image caption Bir çox ölkələrdə yalnız qadınlar üçün vaqonlar fəaliyyət göstərir - Cakarta, İndoneziya

Çox da faydalı saymıram

Hanne Bingle, 58 yaş, 2001-ci ildən London Metrosunda maşinist işləyir. Danimarkada doğulan Bingle, hər zaman London Nəqliyyatında qadınların cinsi bərabərliyi uğrunda mübarizə aparb və xidmətlərinə görə 2009-cu ildə Fəxri Ad qazanıb.

İlk dəfə metro maşinisti üçün təlimlərə başlayanda, bəzi kişi maşinistlər arasında laqeydlik hakim idi. Təbii ki, vaxt keçdikcə hər şey dəyişməyə başladı.

Bir-birimizi tanıdıqca komanda olduğumuzu hiss edirdik. Əvvəllər Victoria Xəttində işləyirdim və xəttimiz ən çox qadın maşinistə malik xətt idi.

O vaxtdan bəri davamlı artım olub. Qeyri-ənənəvi rollarda qadınları görmək ürəkaçandır. Bütün işlərin öhdəsindən gələ bildiyimizi görürük. Qadınlar üçün çox yaxşı karyera seçimidir.

Fotonun müəllifi Rob Taggart/CENTRAL PRESS/GETTY IMAGES
Image caption Ann Dodds 1978-ci ildə London Metrosunun ilk qadın maşinisti olub

Qatarı idarə edən şəxsin qadın olmasına qəribə yanaşan insanlar əlbəttə ki az deyil. İşimin başındayamsa, heç kimin mənə nə isə deməyə haqqı yoxdur.

Qadınlara kömək etməyə gəlincə isə əlimdən gələn çox şey yoxdur, çünki qatarı idarə edirəm. Özümü çox da faydalı saymıram bu mənada.

Amma insanlar bizə fövqəladə sistem vasitəsilə müraciət edə bilərlər, bu zaman onların köməyinə ya özümüz, ya da başqa işçilər çatır.

Bir dəfə hətta, cinayətkarın məhkəməyə aparılması ilə nəticələnən hadisə də baş verib. Günorta vaxtı idi və mənə kömək edən sərnişinlərlə birgə onun stansiyada polis tərəfindən həbsinə nail olmuşduq.


Qadınların siyasi iştirakına ehtiyac var

Laura Capobianco BMT Qadınlarının İctimai Yerlərdə Təhlükəsizliyi üzrə Qlobal Müşavirdir.

İctimai nəqliyyatın cinsi təcavüz və qadın və qızlara qarşı şiddətdən azad olması, "təkcə qadınların problemi" kimi qiymətləndirilməməlidir. Və bir tədbirin müzakirəsi ilə azalacağından da söhbət gedə bilməz.

Təhlükəsiz və davamlı nəqliyyat üçün qadınların siyasi iştirakına ehtiyac var. İctimai nəqliyyatda həll yolları haqqında qadınların düşüncəsi nəzərə alınmalıdır: gender və qadınlara qarşı şiddət mövzularında adətən ictimai nəqliyyatın planlaması və təşkili kişilər tərəfindən həyata keçirilir.

Fotonun müəllifi NICOLAS ASFOURI/AFP/Getty Images
Image caption BMT-nin təhlükəsiz nəqliyyat proqramı qadın və kişilərin təlimini də nəzərdə tutur

Bunun üçün qadınların iqtisadi baxımdan güclənməsi də lazımdır. Cinsi təcavüz qorxusundan qadınlar müəyyən ictimai yerlər və ya yollardan qaçırlar və bu da qadınların işə və ya dərsə getmək üçün sərbəst hərəkətliliyini məhdudlaşdıra bilər.

BMT Qadınlarının bu mövzu ilə bağlı proqramlarının bəzilərinə qadın və qızlara qarşı seksual təcavüz, onun necə qarşısının alınması və necə cavab vermək lazım olduğu barədə kişi və qadın sürücülərə (taksi, avtobus, qatar) təlimlər daxildir.

Müəyyən ölkələrdə, təhlükəsiz nəqliyyatı təmin etmək naminə müvəqqəti və ya "fövqəladə" tədbir kimi qadınların təhlükəsizliyi və hərəkətliliyini təmin edəcək yalnız qadınlar üçün və ya qadın sürücülərin idarə etdiyi nəqliyyat da işə yaraya bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş