Alman alimlər: İlan və hörümçək qorxusu təkamül nəticəsində əmələ gəlib

Hörümçək Fotonun müəllifi Reuters

İnsanın məlum fobiyalarını öyrənən bir qrup alim, altı aylıq körpədə belə ilan və ya hörümcək kimi heyvanlarla qarşılaşanda stress yaşandığını müəyyən edib.

Frontiers in Psychology jurnalında dərc olunmuş araşdırmaya görə, bu qorxu, milyonlarla il ərzində insanın həmin zəhərli heyvanlarla birlikdə yaşamasının nəticəsidir.

The Times qəzetində dərc olunmuş bir araşdırmaya əsasən, ilan və hörümçək təsvirindən qorxu hissi keçirən körpələr, kərgədan və ya ayı kimi heyvanların fotoşəkillərinə eyni reaksiya göstərməyib.

Bu qəbildən olan tədqiqatlar bundan əvvəl daha böyük yaşda olan uşaqlar və böyüklər üzərində də keçirilərək oxşar nəticə vermişdi.

İnkişaf etmiş ölkələrdə əhalinin 5 faizədək hissəsi ilan və hörümçək fobiyasından əziyyət çəkir.

Belə ki, həmin insanlar keçirdikləri qorxu hissi səbəbindən, qeyd olunan zəhərli canlıların ola biləcəyi otağa ayaq basmağa belə cürət etmir.

Son zamanlaradək alimlər bu fobiyanın nədən əmələ gəlməsini müəyyən etməkdə çətinlik çəkirdi.

Bir qrup alimə görə, bu hiss həyat təcrübəsinin nəticəsidir, lakin digər elmi qrup hesab edirdi ki, bu hiss insanlarda anadangələmə mövcuddur.

Almaniyanın Max Planck Institutu və İsveçin Uppsala Universiteti alimlərinin altı aylıq körpələr üzərində keçirdikləri tədqiqatın nəticələri göstərib ki, hətta körpələr belə ilan və ya hörümçək təsviri görəndə, qorxu hissi keçirir.

Bu nəticə alimlərə həmin hissin insanda 40 milyon ilə yaxın dövrü əhatə etmiş təkamül prosesi gedişində əmələ gəldiyini iddia etməyə əsas verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş