Rusiyanın Suriyada İD-dən təmizlədiyi ərazi nə boydadır?

Fotonun müəllifi RIANovosti
Image caption Sergey Şoyqu bildirib ki, Rusiya Suriyada 500 000 kvadrat kilometr sahəsi olan ərazini azad edib.

İddia: Suriya Ordusu Rusiyanın havadan dəstəyilə sahəsi 500 000 kvadrat kilometr olan ərazini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan təmizlədiyini bildirib.

BBC Reality Check-in rəyi : Bu, mümkün deyil - çünki bu rəqəm Suriya ərazisinin sahəsi rəqəmindən xeyli çoxdur.

"Sahəsi 503 223 kvadrat kilometr olan ərazi, o cümlədən, 998 şəhər, qəsəbə və kənd azad olunub. Silahlıların çoxu məhv edilib", - Müdafiə naziri Sergey Şoyqu oktyabrın 24-də Filippinə səfəri zamanı deyib.

Lakin Suriyanın ümumi ərazisinin sahəsi yalnız 185 000 kvadrat kilometrdir.

Şoyqunun səsləndirdiyi rəqəm isə Suriya ərazisinin sahəsindən təxminən 2,5 dəfə artıqdır.

Reality Check Şoyqunun səsləndirdiyi rəqəmlə bağlı izahat almaq üçün Rusiya Müdafiə Nazirliyinə müraciət edib, lakin bu məqalə sayta qoyulanadək, qeyd edilən sorğuya cavab verilməyib.

Rusiya Müdafiə Nazirliyinin Suriyada azad olunan ərazilərin sahəsinə dair bundan əvvəl açıqladığı rəqəmlər daha həqiqətə uyğun olub.

Misal üçün, iyunun 30-da Şoyqu həmin tarixədək keçən bir ay müddətində 12 000 kvadrat km sahənin azad olunduğunu bildirmişdi.

Suriyada keçirdiyi əməliyyatlar barədə Rusiyanın bəyanatları tez-tez xaricdə araşdırma mövzusuna çevrilir.

Sentyabr ayında Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidəxanası Rusiyanı cəmi 72 saat ərzində 69 nəfərin ölümünə bais olmaqda ittiham edib.

Fotonun müəllifi AFP
Image caption Suriya hökümət qoşunlarının əməliyyatları Rusiyanın havadan dəstəyi şəraitində keçirilir.

Bundan əvvəl, Sərhədsiz Tibb İşçiləri təşkilatı Rusiyanın, 2016-cı ilin fevralında Suriyanın İdlib vilayətində tibbi obyekti bombaladığını iddia etmişdi.

Moskva bu iddianı rədd edərək həmin hadisəyə görə ABŞ rəhbərliyi altında fəaliyyət göstərən İD əleyhinə koalisiyanı ittiham etmişdi.

Rusiya Suriyada 2015-ci ilin sentyabrından əməliyyatlara başladığı andan, havadan, dediyinə görə, İD hədəflərinə bomba zərbələri endirir.

Lakin Suriya müxalifətinin bildirdiyinə görə, Rusiya əslində zərbələri mülki obyektlərə endirir.

ABŞ ordusu isə bildirib ki, Rusiyanın hava zərbələrinin əksəriyyəti İD mövgelərindən uzaqda yerləşən və Əsəd əleyhinə üsyan edənlərin yerləşdiyi İdlib vilayətinə endirilib.

Suriyada hərbi əməliyyatlara dair iddiaların çoxunu yoxlamaq çətin olsa da, Rusiya Müdafiə Nazirliyinin İD-dən "azad olunan" ərazilərin sahəsinə dair təqdim etdiyi rəqəmi dərhal yoxlamaq mümkün olub.

Bu barədə daha geniş