Daha yaxşı rəqəmsal həyat üçün səkkiz günlük bələdçi

Smartfon Fotonun müəllifi Getty Images

Sizin proqramlarınız, axtarış sistemləriniz və sosial şəbəkələriniz haqqınızda ən yaxın dostunuzun belə bilmədiyi qədər çox şey bilirlər. Bunun dərəcəsini müəyyənləşdirmək üçün Sophia Smith Galer Data Detox (Məlumat Detoksu) adlı proqramı sınaqdan keçirib.

Data Detox haqqında ilk dəfə oxuduqda şübhə ilə yanaşmışdım. Bir növ hesablarımdan çıxmağa bənzəyirdi.

İşimə görə demək olar ki, həmişə internetdə olmağa məcburam.

Hesablardan çıxmaq isə professional sui-qəsd olardı. Lakin bu səkkiz günlük proqramın məqsədi o deyil. O, bir növ rəqəmsal həyatınızı tanımaq və qaydasına salmaq üşündür.

Proqram qeyri-kommersiya qrupları Mozilla və ekran arxasında məlumatlara nə baş verdiyini görmək üçün Londonda təşkil edilmiş The Glass Room (Şüşə otaq) layihəsinin təşkilatçısı Tactical Technology Collective tərəfindən yaradılıb.

Onlar bizim illərə dayanan internet davranışımızı dəyişə bilməycəyimizi anlayır və əvəzində, gələcəkdəki seçimlərimiz üçün daha məlumatlı olmaq üçün Detox-u təklif edirlər.

"Səkkiz gün olmaqla gün ərzində yarım saatdan da az bir müddətdə insanlar internet alışqanlıqlarını asan və praktik addımlarla azalda bilərlər," The Glass Room layihəsinin kuratorları mənə dedilər.

"Ümid edirik ki, Data Detox Təchizatı (Kit) insanların məlumat haqqında fərqli düşünməsinə kömək olacaq."

Bundan həvəslənərək onu sınamaq qərarına gəldim və siz də buradan edə bilərsiniz.

Beləliklə, nəyi öyrənmiş oldum?

Fotonun müəllifi Ramon Paris/Mozilla/Tactical Technology Collective

1-Cİ GÜN: TAPINTI

Bir sözlə ilk gün sizə axtarış proqramlarında nə qədər uzun müddət vaxt keçirdiyiniz izah olunur. Onlayn jurnalist kimi həyatımın əsas hissəsi internetdə keçir və bununla həmişə qane olmuşam.

Axtarış tarixçəsini silərək özünüzü yad birisi kimi Google-da axtara bilərsiniz. Bu halda sizi internetə bağlayan müxtəlif şəkil və linkləri görmək olur.

Öz nəticələrimdən razı qaldım, çünki məzmunun böyük hissəsini özüm oraya yerləşdirmişdim.

Alternativ axtarış sistemindən istifadə edənə qədər hər şey normal görünürdü.

DuckDuckGo qeyri-kommersiya səhifəsi, Google-dan fərqli olaraq sizin axtarış tarixçənizdəki məlumatlarda maraqlı deyil və ya sizə uyğun nəticələr göstərmir.

Bununla belə, Yahoo, Bing və Yandex kimi digər mənbələrdən istifadə edərək sizin cümlələrinizi avtomatik tamamlamağa çalışır. Google mənim axtarışımı 'Sophia Smith Galer BBC' kimi tamamladığı halda, DuckDuckGo 'Sophia Smith Galer liberal' təklifini verdi.

Kimin bu cür axtarış edə biləcəyi haqqında düşünməyə başladım: işlədiyim şirkətmi, yazdığım məqalələrmi, Reddit-dən hücuma məruz qaldığım məsələmi?

Kim bilir. Amma bu, başqa insanların haqqımda necə düşündükləri barədə mənə ipucu verdi.

Fotonun müəllifi Ramon Paris/Mozilla/Tactical Technology Collective

2-Cİ GÜN: HƏR ŞEY BİR YERDƏ

'Google sənin ən yaxın rəfiqəndirmi?' Data Detox tez-tez sual edir. Bura bax, bilirəm ki, internetdə çox zaman keçirirəm, amma internetdən kənar bir həyatım da var, çox sağ ol.

Amma sən demə, Google həqiqətən də mənim ən yaxın rəfiqəm imiş.

Detox Google-da paylaşdığın informasiyanı soruşur və sonra həmin informasiyan ən yaxın dostunla bölüşüb-bölüşməyəcəyini sual edir. Mən Chrome, Docs, Gmail, Translate, YouTube və Maps-dən istifadə edirəm.

Bu o deməkdir ki, - dərin nəfəs almağa dəyər - Google-a harada olduğumu, hansı alətdən istifadə etdiyimi, nə ilə maraqlandığımı, nə üzərində işlədiyimi, bilmədiyim dillərdə danışan insanlara e-mail vasitəsilə nə göndərdiyimi, nəyə qulaq asmağı xoşladığımı, keçmişdə harada olduğumu, oraya nə qədər tez-tez baş çəkdiyimi və səyahətlərimi söyləyirəm.

Ən yaxın rəfiqəm haqqımda çox şey bilir, amma bu qədərini yox.

Android telefondan istifadə etmirəm və əgər siz edirsinizsə, bilin ki, səsyazma ilə etdiyiniz axtarışlar da qeydə alınır. Beləliklə, Google sizin səsinizi də tanıyır.

Google-dakı fəaliyyəti silmək mümkündür və Detox sizə bunun yolunu izah edəcək.

Fotonun müəllifi Ramon Paris/Mozilla/Tactical Technology Collective

3-CÜ GÜN: FACEBOOK SİZİ NƏ QƏDƏR YAXŞI TANIYIR?

Bu gün daha maraqlı idi, çünki əvvəlki qədər Facebook-da paylaşım etmədiyimin fərqinə varmışdım.

Məzmun çöküşü bu sosial media şirkətini keçən il narahat etməyə başlayıb.

Yəni mən nəyi və harada paylaşacağımdan əmin olduğum halda, 12 yaşımda dostlarım da, mən də divarımızı etdiyimiz hər şeyi haqqında şəkil və məlumatlarla doldururduq.

Artıq ötən gecə və ya bu səhər yediklərim haqqında yeni şəkilləri Instagram-da bölüşürəm və xəbər məqalələri və ya təhlillərimi Tvitterdə paylaşıram.

Bir çoxumuz üçün Facebook profili uşaqlıq postları və şəkilləri ilə dolu məzarlığa çevrilib.

Özünüzü etiketdən çıxarmağın və ya dostlarınızdan bəzi şeyləri silsinlər deyə xahiş etməyin vaxtı çatıbmı?

Fotonun müəllifi Ramon Paris/Mozilla/Tactical Technology Collective

4-CÜ GÜN: AXTARIŞ VƏ SÖRFİNQ

Hər dəfə Facebook və ya Tvitterdə nəyisə "Bəyənərək" üçüncü şirkətləri baş çəkdiyiniz səhifələr, basmağı xoşladığınız məlumatlar və İP ünvanınız barədə xəbərdar edirsiniz.

Bunlar bildiyiniz izaxtaranlardır. Sizin onlayn davranışınızı izləyən yüzlərlə gizlin ləpirçilər də var. Əgər hansısa şirkətin çox sayda saytlarda izçiləri varsa, demək ki, sizin axtarış vərdişlərinizi asanlıqla aşkarlayacaqlar.

Sizin başlanğıc gizlilik ayarlarınız da çox güman ki, bir o qədər də gizli deyil.

Buna görə də Detox həmin ayarları necə düzəltməyi və ya axtarış rejiminizi Gizliyə çevirməyi öyrədir.

Əlavələr (add-ons) və ya intişarlar (extensions) da izçiləri azdırmaq üçün yaxşı vasitələrdir. URL-ı 'http' əvəzinə 'https' ilə başlayan səhifələrdə də kommunikasiyanızın şifrələndiyini bilmək olar.

Lakin Detox bir xəbərdarlıq da edir: "Gizli/Şəxsi (Private/Incognito) sizin müəyyən şeyləri izçilərdən sirr kimi saxlmağınıza kömək olur. Sizi internetdə anonimə çevirmir!"

Fotonun müəllifi Ramon Paris/Mozilla/Tactical Technology Collective

5-Cİ GÜN: BİRLƏŞDİRMƏ

"Telefonunuzun bir funksiyası da istənilən açıq kanalın varlığını sizə diktə etməkdir: 'Mən burdayam! Burda! Bu mənəm!' və sizi mümkün qədər ötürdüyü siqnallara bağlamağa çalışır," Data Detox Kit deyir.

Telefonlarımız dayanmadan wi-fi və Bluetooth şəbəkələri axtarışındadır.

Əgər telefonunuzu "John-un Telefonu" kimi adlandırmısınızsa, təsəvvür edin neçə nəfər sizin isminizi biləcək? Bununla da telefonunuzun adını dəyişməyə marağınız artacaq.

Başqa bir narahatlıq mövqe məlumatıdır; ehtiyacınız olmadığı müddətcə wi-fi və Bluetooth-ı söndürmək işə yaraya bilər.

Beləcə pulsuz məlumat yığıcılarını da yayındırmış olacaqsınız.

Telefonunuzun mövqe xidmətlərindən yararlanaraq, istənilən kəs harada yaşayıb və ya işlədiyiniz, boş vaxtınızda haraya getdiyiniz və ən vacibi həyat tərziniz barədə məlumat əldə edə bilər.

Bunun mümkün nəticələrini təsəvvür etmək heç də çətin deyil.

İlk olaraq qoşulduğunuz istənilən wi-fi şəbəkəsi keçmişdə istifadə etdiyiniz bütün şəbəkələri görə bilər.

Məntiqdə hazırkı müdiriniz ona rəqib bir şirkətdə iş görüşməsinə getdiyinizi anlamağa qadirdir. Bəs görüşdüyünüz adam və ya yoldaşınız necə?

Fotonun müəllifi Ramon Paris/Mozilla/Tactical Technology Collective

6-CI GÜN: TƏMİZLİK

Datadan çox istifadənin ilkin göstəricisi mobil telefonunuzda olan applikasiyaların sayıdır.

40-dan artıq applikasiyanız varsa, narahat olmağa dəyər. Və data pəhrizinə başlamaq üçün ən sadə yol, istifadə etmədiyiniz proqramları silməkdən başlayır.

Amma elə applikasiyalar da var ki, onlarsız yaşaya bilməyəcəyinizi düşünürsünüz.

Mənim üçün belələri sosial media proqramlarıdır ki, onların da gizlilik ayarlarını haradasa idarə etmək olur.

Eyni zamanda, sizin məlumatlarınızdan pul qazanmayan və eyni xidməti göstərən başqa applikasiyalar haqqında heç düşünmüsünüzmü? Detox buna misal olaraq Skype-ın adını çəkir.

Jitsi Meet və Signal kimi başqa proqramlar da eyni üsulla əlaqə qurmaq imkanı yaradır, lakin çatlarınızı qeyri-kommersiya, sərbəst və açıq şəkildə qurmaq şansı verir.

Fotonun müəllifi Ramon Paris/Mozilla/Tactical Technology Collective

7-Cİ GÜN: SİZİN KİMLİYİNİZ BARƏDƏ NƏ DÜŞÜNÜRLƏR

Facebook və Google sizin kimliyiniz barəsində düşüncələrinə əsaslanaraq, profilinizi elə formalaşdırır ki, sizə reklam sata bilsinlər və siz bu profillərə Reklam Seçimləri (Ad Preferences) bölməsində nəzər sala bilərsiniz.

Google yaşımı bilir, vəssalam (ya da ki, mənə elə gəldi). Facebook da məni düşündüyümdən yaxşı tanımırmış. Reklam seçimlərində yanılsa da, Facebook hansı alətlərə sahib olduğumu çox yaxşı bilir və zənn edir ki, texnologiyaya çox tez alışıram və 'alış-veriş aşiqiyəm'.

Bu da Facebook-a qarşınıza reklam kimi nə çıxartmaq lazım gəldiyini göstərir - buna görə də istər yeni iş, yeni partnyor və ya yeni uşaq olsun, Facebook-da həyatınızda baş verən hadisələri qeyd edərək - onlara xərc vərdişlərinizin dəyişəcəyi məlumatını ötürürsünüz.

Bu məlumat toplamaq qara təbiətə malikdir. Psixrometrik profil kimə səs verəcəyiniz və ya cəmiyyətin müəyyən simaları haqqındakı fikirləriniz barədə məlumatları da toplayır.

Facebook reklamçıların 'Yəhudi Düşmənlərinə' və ya irqi ayrı seçkilik edən istifadəçilərə çatmasında kömək olub.

2016-cı ildə Admiral avtomobil sığorta şirkəti, insanların istifadə etdiyi nida işarələrinin sayı əsasında sürücülük tərzini müəyyənləşdirən applikasiya üzərində işləyirdi.

Bəlkə gələn dəfə 'Mən razıyam' düyməsinə sıxmamışdan öncə bir az daha fikirləşəsiniz?

8-Cİ GÜN: YENİ BİR SƏN YARATMAQ

Əgər köhnə vərdişlərinizə qayıtmaq istəmirsinizsə, Detox özünüz üçün həftəlik və ya aylıq məqsədlər müəyyənləşdirməyi təklif edir.

Parollarınızı dəyişdirmək üçün xatırlatmalardan istifadə edə bilər, axtarış tarixçənizi silə bilər və sosial mediadan istifadənizi qiymətləndirə bilərsiniz. Onlar həmçinin alternativ proqram əlavələri siyahısı təqdim edirlər.

Yaxud rəqəmsal həyatınızın müxtəlif hissələrinə uyğun olaraq fərqli e-mail ünvanlarından istifadə də işə yaraya bilər.

Data Detox-dan faydalanmaq istəyən hər kəs buraya basa bilər.

"Dostlarınız və ailənizi də məlumatlandırın," Detox deyir.

"Yeni rəqəmsal həyat tərzinizin işləkliyi çox mühümdür və burada onların da onlayn hərəkətləri rol oynayır.

Hər nə qədər ehtiyatlı olsanız da, hər dəfə onlar sizi şəklə etiketləyəndə, adınızı çəkəndə və ya haqqınızda məlumat yükləyəndə sizin informasiya məlumatlar yığınınıza bit qat əlavə etmiş olurlar."

Əlaqəli mövzular

Bu barədə daha geniş