Müsəlman qadınlar #MəscidMənDə həştəqi ətrafında birləşir

Muslim people performing Hajj ritual Fotonun müəllifi Getty Images

Müsəlman qadınlar #MosqueMeToo - #MəscidMənDə həştəqindən istifadə edərək Həcc və digər müqəddəs yerlərin ziyarəti zamanı üzləşdikləri cinsi zəmində təqib və təhqir barədə təcrübələri ilə bölüşür.

#MosqueMeToo həştəqini yaradan Misir-ABŞ feminist fəalı və jurnalist Mona Eltahavi Həcc ziyarəti zamanı cinsi zəmində təhqir edilməsini ilk olaraq 2013-cü ildə bildirmişdi.

Ötən gündən başlayaraq, həmin həştəqdən müsəlman kişi və qadınlar istifadə etməyə başlayıb və nəticədə, 24 saatdan da az bir müddətdə həmin həştəq 2000 dəfə tvitlənib.

Farsdilli Twitter-də bu həştəq on aparıcı trenddən birinə çevrilib.

Təcrübələrini Twitter-də bölüşən qadınların çoxu əlləndiklərini, yersiz tərzdə onlara toxunulduğunu və ya izdihamda onlara sürtülmələr olduğunu bildirblər.

Təxminlərə görə, hər il iki milyonadək müsəlman Həcc ziyarətində iştirak edir və nəticədə, müqəddəs Məkkə şəhərində nəhəng izdiham yaranır.

İslam dininin söykəndiyi əsaslardan biri qadının təvazökarlığıdır: qadınlara ictimai yerlərdə bədən və saçlarını örtmək və kişilərin diqqətini özünə cəlb etməmək, özlərini şərdən qorumaq tövsiyə edilir.

Müsəlman qadınlarına gənc yaşlarından hicab geyinmək tövsiyə edilir ki, həmin hicab onları mümkün təhqir və təqibdən qorusun.

Bir çoxları hesab edir ki, qadının əyin-başı, onun haralara getdiyi və nələrlə məşğul olduğu təhqir edilməsinə səbəb olar və bundan irəli gələrək, iddia edilir ki, qadının təhqir olub-olunmaması həmin qadının özündən asılıdır.

İran, Səudiyyə Ərəbistanı, Misir və Əfqanıstan kimi ölkələrdə bir çox qadın təvazökar geyim geyinsə də, küçədə cinsi zəmində təqib-təhqirə məruz qaldıqlarını bildirir.

#MosqueMeToo həştəqini dəstəkləyənlər qeyd edir ki, hətta müqəddəs yerlərdə başdan-ayağa hicaba bağlı geyimdə olan və dua edən qadınlar da təhqir oluna bilər.

Twitter şəbəkəsində bir çox iranlı və farsdilli istifadəçi təcrübələrini bölüşməklə yanaşı eyni zamanda hicabın cinsi zəmində təhqir-təqibdən qoruduğu iddiasını da sual altına alıblar.

İranda hicab geymək məcburidir

İranda hər bir dövlət idarəsi və binası üzərində belə bir məzmunda şüara rast gəlmək olar: "Hicab məhdudiyyət deyil, hicab sənin himayəndir".

Son bir neçə həftədə İranda hicabın məcburi olaraq geyinilməsinə etiraz edənlərdən 29 nəfəri rəsmilər həbs edib.

"İniqlab prospektinin qızları" adı verilmiş bu hərəkat Tehranın mərkəzində bir qadın, hicabını çıxarıb bayraq kimi cubuqda dalğalandırdıqdan sonra başlayıb.

Twitter-də #MosqueMeToo həştəqinin yaradılması istifadəçilərinin heç də hamısının ürəyincə olmayıb, bəzi istifadəçilər Mona Eltahavini, bu mövzunu sosial şəbəkəyə gətirdiyinə görə tənqid edib.

Bu barədə daha geniş