"İş tapmaq üçün mən teatrların qapısında yatmalıyam" - Gənc azərbaycanlı aktyorlar şəkillərdə

Musiqi Fotonun müəllifi Gülər Abbasova

"Anam ağır xərçəng xəstəsi idi. Atam onun dərmanlarını almağa pul çatdıra bilmirdi. Mənsə aktrisa kimi işləyib, ayda 100 manat məvacib almağa razı idim", - 23 yaşlı Fəridə Məmmədova danışır.

Fəridə ADMİU-də musiqili teatr rejissorluğu ixtisası üzrə təhsil alıb. O 2015-ci ildə universiteti bitirdikdən sonra çox az bir müddətdə ixtisası üzrə çalışa bilib. Fəridənin sözlərinə görə sonra demək olar ki, teatrların qapısı onun üzünə bağlı olub.

"Diplom işi üçün fransızca, V. Hüqonun "Notre dame de Paris cathedral" müziklini hazırlamışdım. Tamaşamla qastrola getdim, kiçik məbləğdə qonorar aldım.

Qısa müddətdə İrəvan Dövlət teatrında, sonra şəhərdəki liseylərin birində məktəblilərlə layihə üzərində çalışdım. Layihədən sonra liseydə qalıb uşaqlarla işləməyi təklif etdilər.

Amma mən teatrı istəyirdim deyə təklifi qəbul etmədim. Sonradan maddi çətinliklə üzləşəndə başa düşdüm ki, səhv etmişəm.

Dövlət teatrında bir aya 140 manat alırdım, lisey isə mənə 400 manat verirdi. Mən "pəmbə" xəyallarımdan vaz keçmirdim…"- gənc rejissor həyat təcrübəsini bölüşür.

Fotonun müəllifi Gular Abbasova

Fəridə uğurlarından, təcrübələrindən sonra istənilən teatrın ona qapılarını açacağını düşünüb. Amma gözlədikləri olmayıb. Hər yerdən ona "iş yoxdur" cavabı verilib.

Nəhayət gənc rejissor az məvaciblə Bakı Uşaq Teatrında aktrisa kimi işə başlamağa qərar verib. Amma məlum olur ki, ştata düşüb, məvacibi almağı üçün o, uzun müddət gözləməli olacaq.

Anasının xəstəliyi isə gözləmirdi. On beş gün işlədikdən sonra Fəridə teatrdan ayrılır və son günlərini yaşayan xəstə anasına evdə qulluq etməyi üstün tutur.

Fotonun müəllifi GularAbbasova

"Anama qulluq edərkən "Adagio" kitabı üzərində işləyirdim. Orta məktəblərin birində "Son zəng" tədbirindən qazandığım və atamın verdiyi yol xərcliyini toplayıb kitabımı nəşr etdirdim, sonra da təqdimatını keçirdim. Bu həm də anamın arzusu idi. "- o danışır.

Fəridə indi işsizdir, təkcə atasından maddi dəstək alır. Dediyinə görə peşəsini unutmamaq üçün incəsənət universitetinin tələbələrinə səhnə qurmaqda könüllü yardım edir.

"Bizdə elə təfəkkür formalaşıb ki, istənilən sahəyə 25-26 yaşında biri gəlsə heç bir şey edə bilməyəcək. Mütləq yaşlı biri olmalıdır. Mən də anladım ki, teatrda 70 yaşında bir rejissor ölməsə onun yerinə keçə bilməyəcəm."- Məmmədova deyir.

Fotonun müəllifi Gular Abbasova

"İncəsənət Universitetində oxumaq üçün yeddi il sənəd vermişəm. Dörd il universitetdə oxuyanda içimdə olan istəkləri səhnədə göstərmişdim. Bəlkə gələcəkdə yenə teatra qayıdaram.

Amma bu o zaman olacaq ki, mən öz biznesimi quracam və əlavə gəlirim olacaq. O zaman 200 manat maaşa razı olaram." - 30 yaşlı gənc aktyor Bayram Ağamalıyev danışır.

Ağamalıyev ADMİU-nun "Dram teatrı və kino aktyorluğu" ixtisasi üzrə təhsil alıb. Tələbəlik illərində ona dövlət teatrlarından təklif gəlsə də veriləcək maaşın məbləğindən razı olmadığından işdən imtina edib.

"Universitetə qədər həvəskar aktyor kimi pul qazanırdım. Düşünürdüm ali təhsildən sonra daha artıq qazancım olacaq, istedadlı gəncə dəstək olacaqlar. Amma filmə çəkiliş üçün dəvət edəndə elə qonorar təklif edirlər ki, aktyor utanır o məbləğlə razılaşmağa." - Ağamalıyev bildirir.

Fotonun müəllifi Gular Abbasova

Gənc aktyor universitet illərindən animator kimi çalışaraq pul qazanır. Kloun, cizgi film qəhrəmanlarını canlandırmaq və uşaqlarla işləmək ona daha çox zövq verir.

"Azərbaycanda bir gəncin normal yaşayışı üçün aylıq qazancı minimum 500-600 manat olmalıdır. Demək olar ki bu pulu qazana bilirəm. İşsiz deyiləm.

Bundan başqa şəhərdəki mədəniyyət mərkəzində ocaqçı kimi çalışıram. Deyirlər aktyor kimi işə götürmək üçün hələ ki imkan yoxdur", - Ağamalıyev deyir.

"Biz indi daha həvəsliyik, ideyalarla doluyuq, işləməliyik. Dövlət teatrlarında isə bizə deyirdilər ki iş yoxdur", - ADMİU-nun başqa bir məzunu Nigar İsa qeyd edir.

25 yaşlı gənc aktrisa deyir ki, universitetin ilk illərində tələbələr həvəsli olsalar da sonradan bu həvəs tükənir. Səbəb isə tələbələrdən təkcə dərsə davamiyyətin tələb olunmasıdır.

Fotonun müəllifi Gular Abbasova

"Birinci kursda oxuyanda bizə "xalq artisti" deyirdilər. Sonra marağımız qalmadı. Çünki sadəcə dərslərə hazırlaşırdıq. Əslində biz səhnədə olmalı idik", - Nigar deyir.

Onun fikrincə dövlət teatrları istedadlı gənclərə daha çox diqqət ayırmalıdır ki teatrlarda yenilik, dəyişiklik olsun.

"Məşhur olmaq istəsəydim seriallara çəkilərdim. Xarici görünüşümə görə filmə dəvət ediblər, imtina etmişəm. Aktrisa kimi özümü o rollarda görmürəm. Mən düşünürdüm savadımı, istedadımı nəzərə alıb rol verəcəklər", - Nigar bildirir.

Aktrisa hazırda müstəqil teatrlarla könüllü işləməyi daha üstün tutur. Dediyinə görə teatra gəlir mənbəyi kimi yox, adrenalin vasitəsi kimi baxır.

"Universitet illərindən sonra çalışmamışam. Ailəmin dəstəyi mənə yetir. Müstəqil teatrlarla əlaqə saxlayıb bildirirəm ki, yeni nəsə olsa mənə xəbər etsinlər. Teatr mənim üçün mənəvi qidadır",- o bildirir.

Fotonun müəllifi Gular Abbasova

"İş tapmaq üçün mən teatrların qapısında yatmalıyam. Teatrlar isə deyir maliyyə yoxdur, vakansiya olsa xəbər edərik", - 28 yaşlı Şəhriyar Vəlizadə deyir.

Vəlizadə 2013-cü ildə ADİMU universitetinə qəbul olsa da, bir neçə ildən sonra təhsilini dondurub ailəsi ilə birgə İstanbula köçür.

"İstanbulda teatr üzrə təhsilin Azərbaycanda güclü olduğunu düşünürlər. Orada teatr, rejissorluq sahəsində iş tapmaq, təcrübə qazanmaq üçün imkanlar çoxdur.

Hər bələdiyyənin öz teatrı var, bundan başqa çoxlu özəl teatr atelyeləri fəaliyyət göstərir. Onlardan bir neçəsi ilə əməkdaşlıq etmişdim. Azərbaycandakı teatrlardan fərqli olaraq İstanbulda teatrların qapıları üzümüzə açıq idi", - o əlavə edir.

Vəlizadə İstanbulda bir müddət özəl teatrlarda çalışsa da sonra işindən ayrılmalı olur.

"Təəssüf ki, böhrana görə çalışdığım atelyenin gəlirləri az idi, mən az məbləğdə qonorar ala bilirdim. Sonra başqa teatrda könüllü çalışırdım ki, gələcək üçün əlaqələrim geniş olsun.

Əgər İstanbulda qalsaydım bələdiyyə teatrlarına işə düzələ bilərdim. Dövlət teatrlarında məvacib çox yüksəkdir", - o deyir.

Vəlizadə bir müddət ailəsinin maddi xərclərini qarşılamaq üçün restoran, kafelərdə administrator kimi çalışıb. Sonra isə təhsilinə davam etmək üçün Bakıya qayıtmağa qərar verib.

"Bakıda internet klubda növbətçi, restoranda administrator kimi çalışmışam. Belə işlər isə qısa müddətli olur. Öz ixtisasım üzrə iş yoxdur. İndi təkcə universitetdə oxuyuram, işsizəm. Ailədə təkcə həyat yoldaşım çalışır".

Bu barədə daha geniş