Gürcü oğlan zooparka getmək üçün evdən qaçıb, 130 km yol gedib, zoopark isə bağlı olub

Dato Nozadze nəhayət filləri görüb Fotonun müəllifi Irakli Gedenidze
Image caption Dato Nozadze nəhayət filləri görüb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində zooparkdan bir illik pulsuz giriş əldə edən 10 yaşlı oğlan heyvanları görmək üçün evdən gizlicə çıxaraq qatarla 130 km yol gedib.

Dato Nozadzenin bu kələyi uğursuzluqla nəticələnib, Gürcüstan mətbuatı yazır. O, Tbilisiyə çatanda zooparkın həmin gün bağlı olduğunu görüb.

Daha sonra polis patrulu onun küçədə tək gəzdiyini görüb, valideynləri ilə əlaqə saxlayaraq onu Gürcüstanın mərkəz hissəsində yerləşən Xaşuri şəhərindəki evinə qaytarıb.

Tbilisi zooparkı onun "heyvanlara xüsusi sevgisini" qiymətləndirmək qərarına gəlib.

Növbəti gün eyni polis işçisi Datonun evinə gedib və onu heyvanları görməsi və giriş kartını alması üçün zooparka aparıb, Netgazeti saytı yazır.

Zooparkın direktoru Zura Gurielidze Datoya fərdi tur təşkil edib və o, lemurları, filləri, dəvələri və alpakları yemləyib, Liberali jurnalının saytı yazır.

Gürcüstanın sosial medialarında bir çox insan bu hekayənin təsirli olduğunu yazır. "Kiçik oğlan üçün əsl macəradır. O, kiçik xəyalpərəst və araşdırıcıdır", Facebook istifadəçisi yazır.

Bu barədə daha geniş