Charli Howard: Anoreksiyadan “plus-size” model karyerasına gedən yol

Charli Howard Fotonun müəllifi OVALS PONTON

Britaniyalı model Charli Howard-ın ilk baxışda "plus-size" (böyük ölçülü) model kateqoriyasına aid olduğunu anlamaq bir qədər çətin olur.

Onun geyim ölçüsü "tipik model" ölçüsündən bir qədər iridir, rus ölçüləri ilə bu 44-46-dır. Howard ümumi qəbul edilmiş meyarların heç birinə uyğun olmamasına baxmayaraq BBC-yə necə uğur əldə etməsi barədə danışıb.

"Siz yəqin ki "Vogue" jurnalında rəfiqəniz Janet-i görmək istəməzsiniz. Siz hər zaman təqlid edə biləcəyiniz insanlara baxmaq istərsiniz. Düşünürəm ki, hər birimizə həyatları bizim həyatımızdan daha maraqlı keçən insanlar daha maraqlı gəlir", Charli deyir.

Lakin 26 yaşlı Howard hesab edir ki, modellər adi görünməməlidir (bağışla Janet). O, iddia edir ki, ideal bədən "yalnız bir konkret bədən quruluşu ilə assosiasiya olunmamalıdır".

"Mən Ashley Graham kimi 16 ölçü (rus ölçüsü 50-BBC-nin qeydi) geyən modellərə həsədlə baxıram və ona bənzəmək istəyirəm. Çünki o, çox cazibədardır", -deyə Charli izah edir.

"Qadınları məhz bir və ya digər konkret bədən formasının cəlb etdiyini düşünmürəm, məncə onlar məhz jurnallarda gördüklər qadınların özünə, onların baxışlarına daha çox üstünlük verirlər"- deyə o, iddia edir.

Charli-nin fevral ayında "Misfit" ("Ağ qarğa") adlı kitabı nəşr olunub. Burada o, klassik model parametrlərinə uyğunlaşmağa cəhdi istiqamətində yaşadığı yemək və psixi problemlərlə bağlı açıq danışıb.


Həmçinin oxuyun:


Fotonun müəllifi Getty Images
Image caption Ashley Graham - "plus-size" kateqoriyasına daxil olan ən yüksək ödənişli modellərdən biridir

Hazırda Charli sağlam çəkidədir, lakin əvvəllər o anoreksiya və bulimiyadan əziyyət çəkirdi.

Howard, hələ məktəb vaxtlarından gözəllik standartlarına uyğun gəlməyə çalışdığını söyləyərək, ətrafdakı reallıqdan xilas olmaq üçün model işinə qarşı narahat və qeyri-sağlam asılılığı yarandığını vurğulayıb.

"Karyera baxımından nə istədiyimi bilmirdim, amma sonra agentlər məni izləyərək "model işini sınamalısan" deyirdilər. Mənim üçün Wales-in mərkəzində internat evində yaşayan bir gənc qız üçün bu təkliflər çox cəlbedici idi".

"Ümumiyyətlə, bu kitab ilk əvvəl adekvat olmayan, ideal kiloya çatsam, model elitası tərəfindən qəbul ediləcəyim və nəhayət xoşbəxt olacağım barədədir". Model danışır.

Charli mütəmadi getdiyi kastinqlərdə bu və ya digər müştəri və ya şirkət üçün çox iri bədənli olduğunu eşidirdi, baxmayaraq ki o, hər dəfə öz pəhrizini tamamilə dəyişirdi.

Növbəti rədd cavabı onu Facebook-da fikirlərini yazmağa məcbur etdi. Bu fikirlər moda sənayesini, onun şərtlərini sərt tənqidə məruz qoydu və çox yayıldı.

"Mən sizin gülünc və əlçatmaz standartlara cavab vermədiyim üçün hər gün utanmaq və əhvalımı pozmaq istəmirəm" deyə model yazmışdı.

Məhz bu paylaşım Amerikadakı bir model agentliyinin diqqətini çəkdi. Agentliyin saytına daxil olan Charli onların böyük ölçülü modellərlə də işlədiyini öyrəndi.

Bir neçə gündən sonra Charli agentlə görüşmək üçün Amerikaya yola düşdü və müqavilə imzaladı. Hazırda o daimi olaraq ABŞ-da yaşayır və "plus size"olmasına baxmayaraq model işləyir.

"Mənim büstqalterimin ölçüsü D-dir. Mənim ombalarım var. Mən heç zaman super arıq kateqoriyasına daxil olmayacam. Mən yalnız "dolu xanımlar" üçün nəzərdə tutlmuş kateqoriyada çalışa bilərəm".

O izah edir ki, bu problemin yaranmasına səbəb "kök" və "arıq" kateqoriyası arasında orta bir kateqoriyanın olmamasıdır.

"10-12 bədən ölçülərini (rus 44-46-BBC) nümayiş etdirəcək kimsə yoxdur. Ya çox iri, ya da çox arıq olmalısan. Və mən məhz belə təbii ölçüləri də nümayiş etdirən qızlardan biriyəm. Bu iki kateqoriya arasındakı həddir. Mən deyirəm ki, ölçünün nə olmasından asılı olmayaraq model ola bilərsən."

Charli artıq sağlam çəkidə olsa da keçmişdə anoreksiya və bulimiya kimi hər kəsin anlaya bilməyəcəyi ağır xəstəliklərdən əziyyət çəkib.

Orta sinfin xəstəliyi

2016-cı ildə jurnalist Joan Bakewell anoreksiyanı qərb xəstəliyi adlandırmasına görə tənqidlərə məruz qalmışdı.

"Kifayət qədər qida olmayan ərazilərdə anoreksiya yoxdur. Suriyadakı qaçqın düşərgələrində anoreksiya yoxdur. Zənnimcə bu bir qədər narsissizm (özünə vurğunluq) ilə bağlı xəstəlikdir"-deyə o "Sunday Times"a müsahibəsində qeyd edib.

Daha sonralar Bakewell dediklərinə görə üzr istədi, amma bir neçə köşə yazarı, o cümlədən "Telegraph"dan Angela Epstein və "Spectator"dan Rod Liddle onunla həmfikir oldular. Hansı ki, bunu "ilk növbədə orta sinfin xəstəliyi" adlandırmışdı.

Mən Charli ilə söhbətimdə ehtiyatla bu məsələyə toxunuram. Lakin o məni anladığını qeyd etdi.

"Anoreksiyanın ən ilkin tarixi forması VIII Henry-nin həyat yoldaşlarından birində olduğu qeyd olunub. Bundan daha yuxarı sinif ola bilməzdi"- Catherine Aragon-u nəzərdə tutaraq o bildirib.

"Kasıbların yeməkləri olmadığından belə bir problemlərinin də olmadığını və onların özlərini ac saxlamayacaqlarını bilirik. Mən özümə sual verirəm ki, yemək bolluğu amillərdən biri ola bilərmi? Mənim yeməyim bol olduğundan özümü ondan uzaqlaşdırmaq üçün hədd də qoya bilərəm"-deyə o izah edir və bunun bir qədər paradoksal səsləndiyini qəbul edir.

Charli-nin sözlərinə görə, onu pəhriz saxlamağa vadar edən əsas səbəb ona "çəkisini azlatmaq üçün təzyiq edən cəmiyyət olub".

Əksər insanlar və "plus size" modellərin özləri belə Charli-nin artıq çəkili modellər kateqoriyasına aid olmasını gülünc qəbul edir.

"Məşhur "plus size" modellərin əksəriyyəti mənə deyir ki, sən "plus size" ölçüsünə aid deyilsən. Bu mənə çox pis təsir edir və mən hazırda qadınları geyim ölçülərinə görə deyil başqa kateqoriyalar əsasında birləşdirə biləcək üsullar axtarıram".

"Mən "plus size" ölçülü modellər üçün nisbətən gəncəm, onlar çox zaman 30 yaşdan yuxarı olurlar. Arıq modellər üçün karyeraları çox zaman 25 yaşında, çox şanslı olduqları halda 30 yaşında bitir. Mən bu vəziyyətdə özümü xoşbəxt sayıram".

Charli deyir ki, qəbul edilmiş ölçüdən nisbətən iri olan xanımlar üçün iş çoxdur və xüsusən də ABŞ-da. İngiltərədə bu nisbətən azdır.

"Mən bunu başa düşmürəm" deyən Charli-nin fikrincə, Britaniyada "plus size" ilə bağlı yanlış assosiasiyalar və şübhələr hələ də mövcuddur.

Sosial şəbəkələrin, xüsusən İnstagram-ın məhşurluğu Charli məktəbi bitirdikdən sonra daha da artıb və gözəllik stereotipləri daha da yüksəlib.

"Mən indiki dövrdə yeniyetmə ola bilməzdim. Bu halda mən tamamilə çökmüş halda olardım.", - deyə model bildirir.

"Məhz bu səbəbdən bizə "bodypositive" hərəkatı lazımdır", deyən Howard buna əmindir.


Bu barədə daha geniş