Britaniya mətbuatı: Hansı kişilər daha vəfalıdır: pullular, yoxsa ağıllılar?

Kişilər Fotonun müəllifi Getty/ Keystone

Kim evlənməyə daha meyillidir: pullu kişilər, yoxsa ağıllı kişilər?

"The İndependent" yazır ki, məhəbbət doğrudan da qəliz məsələdir.

Bir adam başqa bir adamın gözündə dünya gözəli ola bilər, amma başqa birisi bu gözəlliyə heç məhəl də qoymaz.

Amma yenicə aparılmış elmi araşdırma kişilərin intellektual səviyyəsinin onların evlənməsinə və bu evlilikdə hansı müddətə qala biləcəyinə təsir etdiyini göstərib.

Helsinkidəki Hanken İqtisadiyyat Məktəbinin və Aalto Universitetinin, habelə Philadelphia-dakı Temple Universitetinin alimləri kişilərin zehni qabiliyyətlərinin onların evlilik perspektivlərini necə təsirləndiyini öyrənməyə çalışıblar.

Jaakko Asparanın rəhbərlik etdiyi alimlər qrupu bu məqsədlə Finlandiya silahlı qüvvələrinin, Finlandiyadakı Əhalinin Qeydiyyatı Mərkəzinin və vergi nazirliyinin sənədlərini təhlil ediblər.

Ümumilikdə alimlər 190 min kişinin İQ dərəcəsini, maaş və sosial statusunu nəzərdən keçiriblər.

Kişiləri zehni qabiliyyət və ya İQ göstəricisinə görə üç qrupa ayırıblar: ifadə, məntiq və riyazi intellekt.

İfadə intellektuallığı deyildikdə informasiya və problemlərin həllində dil qabiliyyətindən istifadə nəzərdə tutulur.

Məntiqi intellekt adından göründüyü kimi problemlərin həllinə məntiqi yanaşma qabiliyyətini nəzərdə tutur.

Üçüncü, riyazi intellektuallıq isə, yenə də adından göründüyü kimi məsələlərə riyazi mövqedən yanaşmanı göstərir.

Nəticədə bəlli olub ki, dil, danışıq və ifadə qabiliyyəti olanlar gələcəkdə evlənməyə və evli qalmağa daha çox meyillidirlər.

Lakin ən maraqlı nəticə budur ki, pullu kişlər evlənməyə sözü gedən üç qrupun hamısından daha çox meyillidirlər.

Burası da var ki, evlilikdə daha uzun müddətə, sədaqətlə qalmaqda dil qabiliyyəti olanlar pullulardan daha üstündürlər.

Fotonun müəllifi Getty/ ALEXEY NIKOLSKY

Avropa Putinin qələbəsinə münasibətdə parçalanıb

"The Guardian" yazır ki, Vladimir Putinin təkrar prezident seçilməsinə Avropada münasibət birmənalı olmayıb.

Bəzi siyasətçilər Moskva ilə pozulmuş münasibətləri qaydaya salmağın vaxtı çatdığını bildirirlər, digərləri isə deyirlər ki, Putin Qərbin liberal dəyərlərindən geriyə dönməyəcək şəkildə uzaqlaşıb.

Amma Putinin qələbəsini bayram edən üçüncü - populist siyasətçilərin qrupu da var.

Avropadan kənarda, uzaq Çin və Venesuelada, habelə İran və Yaponiyada siyasi rəhbərlik Putini qələbə münasibətilə təbrik edib. Amma Avropada bu seçki qələbəsinə münasibət o qədər də birmənalı deyil.

Bu ziddiyyət ötən bazar ertəsi Almaniya kansleri Angela Merkellə Rusiya siyasətinin ən kəskin tənqidçisi olan Polşa hökuməti arasında keçirilmiş görüşdə üzə çıxıb. Merkel Putinin qatı tənqidçisi olsa da, Moskva ilə işgüzar münasibətlərin saxlanması tərəfdarıdır.

Varşavanın mövqeyi tamamilə fərqlidir. Polşa xarici işlər nazirinin müavini Konrad Szymański Almaniyanı Rusiya ilə müştərək Şimal axını-2 qaz kəməri tikintisini ləğv etməyə çağırıb. Bu boru xətti Ukraynadan yan keçərək Baltik dənizinin dibi ilə Almaniya və Avropaya çatmalıdır.

Merkelin muttəfiqləri isə bu çağırışı "nəzakətlə" rədd ediblər və bildiriblər ki, qiyməti 11 milyard dollar olan bu 1225 kilometrlik boru kəməri özəl layihədir və ondan imtina edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Merkelin müşavirləri bildiriblər ki, əksinə bu əməkdaşlıq Rusiya ilə Ukrayna arasında münasibətlərin tənzimlənməsinə kömək edə bilər.

Buna baxmayaraq ötən həftə Ukraynaya səfər etmiş Avropa xarici işlər komissarı Federica Mogherini bəyan etmişdi ki, Rusiya üzərinə qoyulmuş sanksiyaların yumşaldılması hazırda mümkün deyil.

Merkel protokola uyğun şəkildə Vladimir Putini seçki qələbəsi münbasibətilə təbrik etsə də, vurğulayıb ki, Moskva və Berlin arasındakı fikir ixtilafları narahatlıq doğurur.

Almaniyada keçirilmiş rəy sorğuları göstərir ki, Rusiya ilə yeni dialoqa meyl güclüdür. Söhbət xüsusilə də sağ təmayüllü AfD partiyasının tərəfdarlarından gedir.

Almaniyanın keçmiş xarici işlər naziri Heiko Maas deyib ki, Rusiyada keçirilmiş prezident seçkisinin ədalətli olduğunu qəbul etmək mümkün deyil və Rusiya çox çətin partnyor olaraq qalacaq.

O xüsusilə də Ukraynadan ilhaq edilmiş Krımın Rusiya prezident seçkisinə daxil edilməsindən narazılıq bildirib və bunu "qeyri-məqbul" adlandırıb.

"Bild" qəzetinə müsahibə verən Almaniya müdafiə naziri Ursula Van der Leyen daha "balanslı" mövqe tutaraq deyib ki, Putin bundan sonra partnyor ola bilməz, lakin eyni zamanda Moskvaya qırmızı xətlərin qoyulması da məsləhət deyil.

Almaniyanın sosial-demokrat partiyasından olan keçmiş xarici işlər naziri Sigmar Gabriel hesab edir ki Rusiya üzərinə qoyulmuş Avropa sanksiyaları qaldırılmalıdır, lakin bunun əvəzində Putin Ukraynaya BMT sülhməramlılarının yerildilməsinə vadar edilməlidir. Hərçənd bu qüvvələrin mandat və vəzifəsinin nədən ibarət olacağı məlum deyil.

Gabriel deyib ki, "Almaniyanın səsi daim məntiqli olmalıdır".

Fransada da Putinin seçki qələbəsinə münasibət çoxmənalı olub.

Putinin Avropa İttifaqına qarşı populist siyasətindən bezikən Fransa prezidenti Emmanuel Macron bununla yanaşı bir müddət əvvəl Putinə Versalda sammit keçirməyi təklif etmişdi.

Lakin o vaxtdan bəri Macronun Moskvaya münasibəti sərtləşib. Buna səbəb Putinin Suriyada Əsəd üzərinə təzyiq göstərməkdən imtina etməsidir.

Macron deyib ki, kimyəvi silahdan istifadə edilməsi Paris üçün qırmızı xətt olaraq qalır.

Lakin bu məsələdə ABŞ-dan etibarlı hərbi dəstək almayan Macron hesab edir ki, Əsəd kimyəvi silahdan istifadə məsələsində qırmızı xətti keçib və bu hərəkətdə Rusiya ona BMT səviyyəsində dəstək verib.

Fransa-Rusiya münasibətlərində ticarət də mühüm rol oynayır. Macron may ayında Sankt Peterburqa yollanacaq böyük biznes nümayəndə heyətinə başçılıq edəcək.

Bundan başqa fransızların Rusiyaya ənənəvi münasibəti belədir ki, Moskvaya hörmət göstərildikdə Kreml buna müsbət reaksiya verə bilər.

Lakin Avropada Rusiyaya münasibətdə ən böyük dəyişiklik İtaliyada baş verib.

Orada seçki qələbəsi qazanmış 5 Ulduz Hərəkatı Vladimir Putinin Vahid Rusiya partiyası ilə rəsmi müttəfiqdir.

5 Ulduz Hərəkatı Rusiyanın Suriyaya müdaxiləsini alqışlayıb, NATO-nu pisləyib və Qərbi, Ukraynada Maydan hərəkatını qızışdırmaqda ittiham edib.

Qısa adı M5S olan partiya Rusiyaya qarşı Avropa İttifaqı sanskiyalarının qaldırılmasına çağırır.

Avropa İttifaqından kənarda isə Putinə qarşı müqavimət daha güclüdür. Gürcüstan prezidenti Giorgi Margelaşvili ABŞ-ı, Londonu və Avropa İttifaqını Rusiyadan bütün ölkələrə gələn təhlükəni unutmamağa çağırıb.

Bu barədə daha geniş