Britaniya mətbuatı: Fransa prezidenti fransız dilini… ingiliscə təbliğ edir

Macron Fotonun müəllifi Getty/ LUDOVIC MARIN

"The Telegraph" yazır ki, Fransa prezidenti Emmanuel Macron çərşənbə axşamından fransız dilinin "dünya dili" kimi təbliğatı kampaniyasına başlayıb.

O, frankofon və ya fransızdilli ölkələri ingilis dilinə müqavimət göstərməyə çağırıb.

"Fransa bu gün öz ana dilində öyrənən, yazan və oxuyan bir ölkə kimi fəxr etməlidir. Fransız dili sabahın dünyasını quran bir dil olmalıdır", - deyib Macron Fransız Dili Akademiyasındakı çıxışında.

Bu dövlət qurumu artıq illərdir ki, fransız dilinə ingilis sözləri axınının qarşısını almaq uğrunda çarpışır.

Lakin Fransa şərhçiləri bir qədər də kinayəli şəkildə vurğulayırlar ki, özü ingiliscə çox səlis danışan Emmanuel Macron öz nitqində də tez-tez ingilis ifadələri işlətməkdən xoşlanır və bu vərdişini hətta fransız dilini təbliğ edərkən də unuda bilmir.

O, fransız dilinin qüdrətindən danışarkən "France is back" (Fransa qayıdır) və ya "start-up nation" (startap ölkə) kimi ingilis ifadələrindən istifadə edir.

Əslində ingiliscə müsahibə verməyə çox həvəsli olan ilk Fransa prezidenti olan cənab Macron bu kimi ittihamları rədd edir.

O deyir ki, fransız dilini təbliğ etmək Fransanın qapılarını dünyaya bağlamaq demək deyildir. Əksinə o mülahizə yürüdür ki, ingilis və fransız dilləri beynəlxalq dillər kimi "dinc yanaşı yaşaya bilərlər".

Bütün dünyada Fransanın beynəlxalq çəkisinin artmasına çalışan cənab Macron işarə edir ki, Britaniyanın Avropa İttifaqından çıxması və ya Brexit, habelə ABŞ-ın özünütəcrid etməsi meydanı fransız dilinə buraxır. O fransız dilinin Afrikada bir nömrəli dilə çevrilməsini istəyir.

Fransız dili hazırda dünyanın ən çox danışılan 6-cı dilidir. Üstəlik fransız dilində danışanların sayı xaricdə Fransanın özündə olduğundan çoxdur.

Söhbət xüsusilə də keçmiş Fransa müstəmləkəsi olmuş Afrika ölkələrindən gedir. Macron Afrika ölkələrini ingilis dilini qəbul etmiş və 2009-cu ildə Britaniya Birliyinə qoşulmuş keçmiş Belçika müstəmləkəsi Ruandadan nümunə götürməməyə çağırır.

Buna baxmayaraq Fransanın özündə şəhər və qəsəbələrin küçələri boyunca düzülmüş mağaza və restoran adları "Şekspir dilinin" hələ də hücumda olduğunu göstərir.

Fransada bu adların milliləşdirilməsi üçün xüsusi kampaniya aparılır. Brend adları ixtira edən Bénéfik konsaltinq firmasının rəhbəri Cyril Gailard bildirir ki, onun təşkilatı əsl adqoyma bürosudur.

Xanım Gailard deyir ki, "biznes adamları nədənsə müasir ingilis sözlərini işlətməkdən həzz alırlar".

"Onlar düşünürlər ki, fransız dili dəbli dil deyil" - deyir xanım Gailard.

Dilçi Jean Maillet isə Fransa biznesinin "kapitalist dilini" (ingiliscədən) getdikcə daha çox işlətməsindən narahatdır.

"Bu məsələdə bir növ laqeydlik yaranıb. Bəzən mənə belə gəlir ki, biz fransız dili uğrunda arxa cəbhədə mübarizə aparırıq" - deyib alim.

Dünyanın sonuncu şimal ağ kərgədanı ölüb

Fotonun müəllifi Getty/ TONY KARUMBA

"The İndependent" yazır ki, dünyanın ən sonuncu erkək şimal ağ kərgədanı ölüb və bu heyvan növünü bütün dünyada indi yalnız iki dişi kərgədan təmsil edir.

Təbiəti mühafizə fəalları da bu növü kökünün kəsilməsindən xilas etmək üçün ümidlərini bu iki dişi kərgədana bağlayıblar.

Dünyanın sonuncu erkək şimal ağ kərgədanı - Sudan adlı bu "zərif nəhəng" Keniyadakı Ol Pejeta qoruğunda yaşayırdı.

Onu, degenerativ xəstəlikdən yaranan ağrıları dəhşətli və dözülməz şəkil aldıqdan sonra, həkimlər zəhər vuraraq öldürüblər. Ondan sonra qızı və qız nəticəsi qalıb.

Buna görə də ağ kərgədan növünü bərpa etmək istəyən alimlər Sudanı eftanaziya etməzdən əvvəl bu heyvandan genetik material toplayıblar.

Alimlər ümid edirlər ki, ""mütərəqqi hüceyrə texnologiyalar" və süni mayalandırma yolu ilə bunu etmək mümkün olacaq.

Şimal ağ kərgədanı müstəmləkəçilik dövründə nəzarətsiz və amansız ovçuluq, müstəqillik dövründə isə geniş yayılmış brakonyerçilik nəticəsində tamamilə qırılıb.

45 yaşlı Sudan əslində 1970-ci illərdə öz növünü qırılmaqdan xilas edib. Onu Çex Respublikasındakı Kral zooparkına aparmışdılar.

Burada böyüdükdən sonra Sudanı təkrar Afrika qoruğuna qaytarmışdılar.

Ol Pejeta qoruğunda, "Avropada tərbiyə edilmiş" Sudan özünü "güclü və alicənab" bir heyvan kimi tanıtmış və sevdirmişdi.

"Ona zərif nəhəng deyirdilər. Onun ecazkar şəxsiyyəti və iriliyinə yaraşmayan zərifliyi vardı. Lakin təəssüf ki, onu eftanaziya etməkdən başqa çarə qalmırdı" - deyib Ol Pejeta qoruğunun nümayəndəsi Elodie Sampere.

Baytarlar qrupu bildirir ki, vəziyyəti həftəsonu çox ağırlaşan Sudanı xilas etmək mümkün olmayıb. Onun dərisi yaralarla dolu idi. Kərgədan ayaq üstdə dayana bilmirdi və iztirab çəkdiyi görünürdü.

"Burada, Ol Pejetada bizim hamımız Sudanın ölümündən kədərlənmişik, - deyib qoruğun başçısı Richard Vigne, - O öz növünün böyük elçisi idi və öz ölümü ilə başqa növlərin xilası üçün edilən cəhdlərin nə qədər mühüm olduğunu isbat edib və insan üçün agahlıq siqnalı verib".

İndi ümid Sudanın gənc nəticəsi Najinə və ya onun qızı Fatuya qalır. Sudanın spermləri bu iki kərgədana köçürüləcək.

Bu barədə daha geniş