Məhkəmə oğullarını evdən çıxarmaq istəyən valideynləri dəstəkləyib

Michael Rotondo

Şəklin mənbəyi, CBS

Şəklin alt yazısı,

Michael Rotondo deyir ki, valideynlər ona evdən çıxmaq üçün kifayət vaxt vermək istəmirlər

ABŞ-da məhkəmə öz oğullarının evdən çıxmasını tələb edən valideynlərin müvafiq iddiasını dəstəkləyib.

Məhkəmə sənədlərinə görə 30 yaşlı Michael Rotondo valideynlərinin New York ştatındakı evində qaldığı üçün kirayə haqqını ödəməyib.

Valideynləri onun ev üzrə işlərdə iştirak etmədiyini və başqa yerə köçmək barədə yazılı şəkildə tələblərə məhəl qoymadığını deyirlər.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Christina və Mark Rotondo məhkəmə dinləmələrində

Syracuse şəhərində keçirilən dinləmələr vaxtı Michael Rotondo deyib ki, qanuna görə evdən çıxmaq tələbindən 6 ay öncə əvvəl bildiriş verilməlidir.

Onun sözlərinə görə belə bir xəbərdarlıq almadığına görə evi tərk etmək üçün kifayət qədər vaxtı olmayıb.

Michael Rotondo evdən çıxmaq üçün tələb etdiyi 6 aylıq möhləti "yardıma möhtac olan" bir şəxs üçün məntiqli bir müddət adlandırıb.

"Mən başa düşmürəm ki, evdən çıxmağım üçün bir qədər də niyə gözləmək istəmirlər", - Michael Rotondo prosesdə bəyan edib.

Şəklin mənbəyi, Google Maps

Şəklin alt yazısı,

Michael Rotondo-nun Syracuse şəhərindəki yaşadığı evi

Bu təklifi dinləyərkən gülümsəyən hakim Donald Greenwood Michael Rotondo-ya valideynləri ilə danışmağı və evdən könüllü şəkildə çıxmağı tövsiyə edib.

Cənab Rotondo bu təklifi rədd edəndə isə hakim "Mən sizin o evdən çıxmağınızı istəyirəm" deyib.

Christina və Mark Rotondo ilk dəfə oğullarının evdən çıxmasını fevral ayının əvvəlində tələb ediblər.

Onların vəkilinə əsasən bu barədə dəfələrlə edilən müraciətlərin nəticəsiz başa çatması ardınca valideynlər məhkəməyə üz tutmaq qərarına gəliblər.

Cənab Rotondo deyir ki, 8 il əvvəl işini itirəndən sonra valideynlər ona evə qayıtmağı təklif etmişdilər.

O, hazırda işlədiyini əlavə etsə də, bununla bağlı suallar cavab verməkdən imtina edib.