Seks olmadan yaşamağın verdiyi kədər

Man in city Fotonun müəllifi Getty Images

Bu yaxınlarda 60 yaşlı "Josephin" 37 yaşına qədər cinsi münasibətdə olmadığı barədə yazısı ilə bağlı məqalə təqdim etmişdik. O, buna görə peşman olduğunu dilə gətirirdi. Həmin məqaləni oxuyan bir çox oxucular onun önə çıxardığı bir məqama xüsusi diqqət ayırıblar: cəmiyyət tənha insanları qəribə və ya qeyri-normal kimi təqdim edərək problemi şişirdir. Bu insanlar mövzunun onların həyatı ilə həmahəng olduğunu dilə gətirirlər.

E-maillərdən bəzilərini sizə təqdim edirik.

Robert: 61 yaşım var, hələ də gözləyirəm və bəlkə də artıq çox gecdir. Həmişə gülünc görünəcəyimə və ələ salınacağıma görə narahat olmuşam. 30-lu yaşlarımda bir fahişə həvəsimi öldürdükdən sonra, bu cür heç nəyə nail ola bilməyəcəyim qənaətinə gəldim.

Xüsusilə də "Nə qədər çox şey itirdiyini bilmirsən", "Heç vaxt sınamadığın bir şeydir, sınamağa dəyər", "Heç vaxt qadınla olmamısan! Bəlkə geysən?" kimi şərhlərə nifrət edirəm. İndi mümkün olduğunu bilsəm belə, qadını necə tapmağı və ya bir qadına necə yaxınlaşmağı bacarmaram. Bakirliyimi itirmək istəsəm də, əsas itirdiyim şey fiziki məhəbbətdir.

Joy: Məqaləni oxuyarkən bir çox hisslər yaşadım. Özümü gördüm, çünki bu bir çox mənada mənim həyatımın hekayəsidir. Bir fərqlə: mən qadınam və 35 yaşım var. Həyatımda heç bir oğlanla öpüşməmişəm, hətta görüşməmişəm. Sözüm ondadır ki, mənim kimi insanlar heç də bilindiyi kimi az deyil. Hər kəsin sevgi həyatı olması ilə bağlı ümumi qavrayış ola bilər, amma bu doğru deyil. Bir də qeyd etməyi özümə borc bilirəm ki, heç kim "Salam, mən 30 yaşındayam və hələ də öpüşün nə olduğunu bilmirəm" deyə-deyə gəzmir. Halbuki sevgilisi olan və ya mütəmadi şəkildə görüşdüyü şəxs olan insanlar adətən bu haqda açıq-aydın danışırlar. Bu isə adamlarda hər kəsin görüşdüyü təəssüratını doğurur. Məqalədə özümə yaxın hiss etdiyim başqa bir məqam da var ki, o da utanc hissidir. Əvvəllər insanların heç vaxt sevgilim olmadığını öyrənəcəkləri qorxusu ilə yaşayırdım. Özümü pis və qaranlıq bir sirrin daşıyıcısı kimi hiss edirdim. Amma yaşa dolduqca insanların düşüncələrinə önəm verməməyə başladım.



Alex: "Bakirliyimi" - (qadın bakirəliyini itirir, kişi isə ilk dəfə üçün həyəcanlı seks yaşayır, amma bu özü başqa bir mövzudur) 47 yaşımda bir fahişə ilə itirmişəm. Josephin ilk seks təcrübəsini anlayıram - narahatedici və qeyri-qənaətbəxş yox, əksinə çox yaxşı idi.

Təminatlı və intim ailə həyatı, eləcə də övlad sahibi olmaq şansımı darmadağın edən zəifliyimə görə əziyyət çəkmişəm və hələ də çəkirəm. Şübhə etmirəm ki, sevgi utancaqlığı real haldır və heç də təkcə sosial narahatlıq pozuqluğunun bir hissəsi deyil. Mən bir çox sosial vəziyyətlərdə son dərəcə cəsarətli ola bilirəm, amma söhbət xoşum gələn birinə yaxınlaşmaqdan gedirsə karıxıb qalıram. Sanki hansısa bir güc beyin və istəklərini ələ keçirib və dayandığın yerdən, yəni təklik və tənhalıqdan başqa tərəfə keçməməyini istəyir.

Joseph-ə görə isə sevinirəm, ən azından o, utancaqlığını aradan qaldıra bilib və həyatının qalan hissəsindən ləzzət alıb. Bir çoxları buna nail ola bilmir.

Fotonun müəllifi Getty Images

Ian: Mən 35 yaşlı və ağdərili kişiyəm. Bakirliyimi 31, demək olar ki, 32 yaşımda itirmişəm. Bu nadir hallarda toxunduğum, hələ də barəsində çox az danışdığım bir mövzudur. Aradabir hansısa qız dostum mənimlə vaxt keçirməyə çalışsa da, o qədər çaşqın vəziyyətə düşürəm ki, onunla aramda məsafə qoymağa başlayıram. Kimsə utancımın üstünü açacaq deyə qorxuram. Bir dəfə bir dostum mənimlə yaxınlıq etməyə can atırdı və ayrı qala bilmək üçün onun yer fıstığına qarşı olan allergiyasından istifadə edərək özümlə Snickers şokoladı gəzdirib, ona göstərirdim. Özümü aseksual kimi qələmə verməyə başlamışdım.

Mənimlə nişanlanmağı seçən qadına isə seksual vəziyyətim haqqında bir neçə dəfə cinsi əlaqədə olduqdan sonra söyləmişdim. O qədər qəribə söhbət idi ki. Hələ də həmin təcrübə məndə özümü bacarıqsız, qeyri-cəlbedici, sevilməyən, istənməyən və istənilən münasibət üçün vəd etməyə bir şeyi olmayan hissi bağışlayır.

K: Bu hekayə mənə bərk təsir etdi. 32 yaşlı bir qadınam və hələ də bakirəyəm. Bu kişinin hekayəsindəki o qədər şey mənə tanışdır ki. Amma digər yandan çox vaxt tək həyatımdan həzz alıram. Adətən cinsi əlaqə yaşamaq haqqında "normal" görünmək üçün vasitə kimi fikirləşirəm. O səddi aşım, olsun-bitsin. Ki o, Böyük Məsələ statusundan çıxsın, çünki çox gözlədikcə daha Böyük Məsələyə çevrilir. Həqiqətən bakirəliyimi itirib-itirməyəcəyimdən hələ də əmin deyiləm. Boynuma alıram ki, mövzu məni depressiyaya salır... ona görə də çox vaxt bu haqda düşünməməyə çalışıram.

Kədərli qəlb: Kaş ki, mən də bakirliyimi 37 yaşımda itirərdim. 54 yaşındayam və hələ də heç vaxt hiss etməyəcəyim bir şeyi gözləyirəm. Təxminən 10 il əvvəl dostlarımla bir görüşdə söhbət bakirliyi itirməkdən düşmüşdü və növbə mənə çatanda yadımdadır ki, otaqdan sürətlə çıxmışdım. Onlardan bir neçəsi arxamca gəlmişdi və pis təcrübə yaşadığımı düşünmüşdülər. Ağıllarına gəlməmişdi ki, yada salmağa heç bir təcrübəm yoxdur. Həyatda istədiyim yeganə şey həyat yoldaşı və atalıq hissini yaşamaq olub.

Lennart: Artıq 60-dan çox yaşım var və təqaüdçüyəm. Heç zaman bir qızı öpməmişəm və cinsi əlaqədə olmamışam. İllər ərzində bəyəndiyim qızlar/qadınlar olub və bəzi uğursuz cəhdlər də yaşamışam. Mənə qarşı istəyi olduğunu sandığım qadını da özümdən uzaqlaşdırmışam. Əlimdən heç nə gəlmirdi. Həyatım boyu qaçdığım bir şeyin həsrətini çəkmişəm. Və buna görə qətiyyən qadınları günahlandırmıram.

Bir qadınla çox yaxın olmuşam. O da 30 il əvvəl olub. Məndən təxminən 10 yaş kiçik idi və vaxtaşırı dost kimi görüşərdik. Bir dəfə divanda oturub söhbət edirdik və qolumu boynuna saldım və o, buna etiraz etmədi. Elə bildim yuxu görürəm. Belə şey ola bilməzdi. Amma o, mənə elə gözlə baxmırdı deyə dost kimi qaldıq.

Chris: 42 yaşımdayam və hələ də bakirəm. Mənə deyirlər ki, (adətən zarafatla) bunu pul ödəyərək də etmək mümkündür. Qoy başına gəlsin. Amma mənim üçün məhəbbət çatışmır, heç bir emosional səmimilik yoxdur, hətta adi qayğı yükü belə daşımır. Ən azından həmin qayğını hiss etmək istəyərdim. Özümü digərlərindən fərqli hiss edirəm. Xaric edilmiş. Bunu bilən insanlar məni tez-tez lağa qoyurlar. Loru dildə desəm, bəzən özümü canavar kimi hiss edirəm. İşləyirəm və könüllü işdə də çalışıram, dərnəklər və maraq qruplarına gedirəm, amma məni qəbul edən, adicə söhbət etmək üçün görüşmək istəyən bir kəslə rastlaşmıram. Özümü son dərəcə tənha və deyərdim ki, bu dünyada unudulmuş kimi hiss edirəm.

David: Mənim 45 yaşım var və bakirəm. Bu faktı çox səsə salmadığıma görə bilən azdır. Yəqin ki, bu yaşa qədər bakir qaldığımı düşünən də çox olmaz. 40-Yaşlı-Bakir filmi təqdim olunan zaman dəli olmuşdum. O zaman hələ 30-lu yaşlarımda idim. Filmin reklam və treyleri (filmə tam heç vaxt baxmamışam) onun vacib bir iş olduğu təəssüratını yaradırdı.

Mən Josephin 15-20 il təmassız həyat yaşamaq hissini anlayıram. Mənim üçün təmas əl sıxmaları və səmimi dostlarımı qucaqlamaq deməkdir. Ən yaxın qohumum məndən 500 kilometr uzaqda yaşayır. Ailəmlə ildə bir və ya iki dəfə görüşürük. Mənə elə gəlir ki, bəzi qadınlar (bəlkə də əksəriyyəti!) 45 yaşıma qədər evlənməmişəmsə, problemin məndə olduğunu düşünür. Bəzən özüm də belə fikirləşirəm.

İkram: Tanış hekayədir. 35 yaşındayam və qızlarla ünsiyyət qurmağa çətinlik çəkirəm. Hələ də bakirəm, lakin son vaxtlar bu baryeri aşıb, bir neçə qıza yaxınlaşmağa çalışmışam. Lakin hər dəfə qəti rədd cavabı alıram. Bilmirəm niyə. Bu da məni başqa bir problemə salır - heç kim məni istəmir. Sonra isə özümə təsəlli verirəm: "Heç nə olmaz... Mənə heç kəs lazım deyil." Etnik mənsubiyyətimi, dinimi günahlandırıram, onlar olmasa belə, problemi çəkim və xarici görünüşümdə görürəm. Heç kim tərəfindən istənməmək asan iş deyil.

David: 58 yaşım var və əl tutmaqdan o yana keçməyən bir neçə platonik təcrübi dostluqları saymasaq, heç vaxt sevgilim olmayıb. Yeniyetməlik illərində, 20-li və 30-lu yaşlarımda bu məni son dərəcə küskün və tənha hala salırdı. Daha yetkin yaşda öyrənə biləcəyim bacarıqlar kimi görünürdü hər şey və əgər nəyinsə ucbatından o bacarıqlara yiyələnə bilməsən, münasibət anlayışı yad dünyaya çevrilir. Bəzən vəziyyəti balıq akvariumuna baxmaq kimi görürəm.

Taleyin istehzası kimi də bütün karyeram qadınların üstünlük təşkil etdiyi professional mühitdə keçib. Qadınlarla işləməyi xoşlayırdım və onların qabiliyyətlərinə (ki, çox zaman məndən üstün olurdu) böyük hörmətim var idi. Demək olar ki, hər biri ilə də yaxşı münasibətim olurdu. Bununla belə, heç kimdə yaxınlıq istəyini görmürdüm. Vəziyyətimi açıq bildirirəm və bu, adətən təəccübə səbəb olur. Bir və ya iki dəfə bu səmimiliyim qadınları məndən uzaqlaşdırıb. Yaşa dolduqca münasibət qurmağın çətinliyi daha da artır. 70-li yaşlara nisbətən yeniyetmə sayılsam da, potensial partnyorlarımın bir çoxu yəqin ki, 40 yaşına qədər bu təcrübəni yaşayırlar.

Eric: Demək olar ki, 40 yaşım var və ilk sevgilimlə cəmi altı ay əvvəl tanış olmuşam. Qadın sarıdan bəxti gətirməyən kişilərə qarşı internetdəki davranışı çox narahatedici qəbul edirəm. O qədər istehza və rişxənd mövcuddur ki, istənilən uğursuzluq kişinin bu və ya digər şəkildə fərsizliyinə yozulur. Bu həzzi yaşayan insanların onsuz ki, küskün və seks, qayğı və ya şəxsi münasibət yaşamayan birinə qarşı qəddar rəftarını anlaya bilmirəm.

Matt: Yenicə 26 yaşıma qədəm basmışam və universiteti bu yaxınlarda bitirmişəm. Özümü yaxşı formada və savadlı hiss edirəm, lakin eyni zamanda əks cinslə münasibətim sıfıra bərabərdir. Heç vaxt qız əli tutmamışam, öpüşməmişəm və ya cinsi əlaqədə olmamışam. Me Too və Incel hərəkatları geniş yayıldıqdan sonra, partnyor axtarışı ilə kiminsə şəxsiyyətinə toxunmaq arasındakı fərqi anlaya bilmirəm. Incel hərəkatı sonrası məndə belə bir fikir formalaşıb ki, münasibət yaşamayan bakir olduğum haqqında söz açmağım, yalnızlıqdan doğan qəzəbi püskürmək kimi yozulacaq. Bilirəm ki, nə isə yolunda getmir, lakin bunun nə olduğundan əmin deyiləm. Vaxt keçdikcə özümü daha çox köməksiz və ümidsiz hiss edirəm.

Mənim kimi insanların sayı heç də az deyil. Onlar inanırlar ki, cəmiyyət üçün üz qarasıdırlar. Bu damğanı şəxsən yaşamışam və mənə bir nəfər də dəstək olmayıb. Əksəriyyət irəli çıxıb, hekayəsini və təcrübəsini bir-biri ilə bölüşməkdən utanır. Incel hərəkatı kimi hallarda isə insanlar digərlərinin də əziyyət çəkməsini istəyirlər. Xəbərlərdə isə bu cür hallara geniş yer verilir, çünki asanlıqla sensasiya yaratmaq olur. Bu da insanların ümumi fikrini icmalara qarşı çevirir. Bəlkə də bu vəziyyəti aşa bilən bir nəfərin hekayəsi işıqlandırılsa, digərləri özlərini tapmaq və ya yaxşılaşdırmaq yolunda güc əldə edərlər.

Bu barədə daha geniş