Musiqinin dadı: musiqi yeddi yolla yeməyimizə dad qatır

musiqi Fotonun müəllifi Getty/ John Bulmer

Yemək Proqramı Musiqi və Yemək: Ləzzətli Qarşılıqlı Əlaqə (The Food Programme Music and Food: Delicious Interplay) son seriyasında biz, biş-düşün sadəliyini Buzzcocks punk qrupunun Ever Fallen in Love mahnısına borclu olduğunu deyən bir aşpazla söhbət etdik.

Bir yazıçı da var ki, Pixies-in Debaser mahnısına qulaq asarkən şeytan adından götürülən Duvel adlı Belçika pivəsini içmək istəyir.

Melodiyalar ilə dad məməcikləri arasındakı valehedici münasibətdən həvəslənərək sizə musiqi ilə yemək arasındakı təəccüblü əlaqəni göstərən yeddi misal təqdim edirik.

1. Musiqi sizi daha çox pul xərcləməyə vadar edə bilər

Sevimli restoranımızda yemək yeyərkən fondakı musiqiyə bir o qədər də diqqət vermirik. Lakin "satış atmosferi" böyük bir biznesdir və araşdırmalar göstərir ki, qulağa zərərsiz gələn musiqi parçaları bizim xərcələyəcəyimiz pulu müəyyənləşdirə bilər.

Leicester Universitetinin alimləri, klassik musiqi janrı qədər bizi çox pul xərcləməyə məcbur edən ikinci bir janr yoxdur iddiasındadırlar.

Dr. Adrian North-a görə, "Klassik janr özündə hər növ sofistikanı, zənginlik və sərvəti ehtiva edir və özümüzü sanballı hiss etməmizə səbəb olur. Bu isə restoranda bizim bir az daha artıq pul xərcləməmiz üçün effektiv bir vasitədir."

2. Aşağı səs səviyyəsi sağlam qidalanmaya həvəsləndirir

Cənubi Florida Universitetindən Dr. Dipayan Biswas, kafelərdəki musiqinin səs səviyyəsinin bizim qida seçimimizə təsir etdiyinə inanır.

Onun araşdırması zamanı müəyyənləşib ki, 55 desibeldən aşağı istənilən sakit musiqi bizi diqqətli olmağa həvəsləndirir və nəticədə daha sağlam seçimlər edirik.

Ancaq 70 desibel və ya daha çox tonlu musiqi bizi 20% daha çox şirin və yağlı yeməklərə meylli edir. Biswas iddia edir ki, yüksək səsli musiqi stress və həyəcana təşviq edən bir stimulyatordur. Bu vəziyyətdə isə şəkər, duz və yağ sağlam qidalardan daha cazibədar görünür.

3. Musiqi şərabın dadını artıra bilər

Bizim dadı qeydə almaq və qavramaq qabiliyyətimizə mühit vəziyyətləri təsir göstərir. Məsələn, musiqi kimi. Oxford Universitetinin eksperimental psixologiya üzrə professoru Charles Spence, yediyimiz qidadan asılı olmayaraq musiqinin dad qavrayışımızı dəyişdiyini aşkarlayıb.

The Food Programme-a müsahibəsində o, musiqinin "heç nədən dad yarada bilmədiyini", amma "insanların diqqətini dad təcrübələrindəki bir şeyə kökləyə" bildiyini vurğulayıb.

Spence müəyyənləşdirib ki, xüsusilə də düzgün seçilən musiqi şərabların dadını dəyişmək iqtidarındadır. Onun müşahidələrinə əsasən, biz bir neçə maraqlı məsləhət toplamışıq.

  • Şirin şərabları "piano musiqisi" və hətta, "ritm, yavaş temp və yüksək pərdə" ilə cütləmək olar. Şopenin 2 nömrəli Valsının 64-cü opusuna qulaq asa-asa Riesling üzümü şərabını yoxlamağa dəyər.
  • Alternativ olaraq, Ulduz Müharibələri (Star Wars) filmlərinin uvertürasının əvvəli Fino şerisinin duzlu tərkibi ilə üst-üstə düşür.
  • Yox əgər qırmızı Cabarnet Sauvignon şərabına üstünlük verirsinizsə, Muse-ün "Exogenesis: Symphony"-sinə qulaq asmağı sınayın. Şaqqıltılı gitara səsində isə ətrin dəyişdiyini də hiss edə bilərsiniz.

4. Şirin və ya acı olan bir şeyin dadı necə dəyişə bilər

Charles Spence-in araşdırması həm də, yüksək pərdəli səslərdə şirin dadın artdığını aşkarlayıb. Eləcə də aşağı tezlikdə acı dad daha da kəskinləşir.

Bu heç də adi elmi nəticə deyil, real həyatda tətbiqi də maraqlı nəticələrə yol açar. Bəzi restoranlar dadına təsir göstərmədən şirniyyat və çörəklərin tərkibindəki şəkər miqdarını azaltmağın yollarını axtarırlar.

Əgər az şəkəri "şirin" musiqi ilə çox kimi hiss etmək mümkündürsə, ləzzətli təamların dadından heç nə itirməmiş olarıq.

5. Yeməyə uyğun musiqi

Aşpaz Heston Blumenthal restoranı The Fat Duck-da canlı ifaya bənzər performans təşkil edir. Bu aşpaz üçün yazılı menyu belə, dada təsir edən faktorların bir hissəsidir. Belə ki, o, sərt şriftlərin turş təamlara marağı artırdığını iddia edir.

Lakin Heston bunu musiqi ilə çulğalayır. Onun saşimisi masaya qulaqlıqla birlikdə təqdim olunur. Müştərilər bu xam dəniz məhsulunun dadına dalğa və oynayan uşaq səslərinə qulaq asaraq baxırlar.

6. Niyə təyyarədə yemək pis dadır

Amma hər səs ağız dadımıza yaxşı göstərməyə bilər. Əlbəttə ki, bəzi səslər yeməyə başlamamışdan öncə dayandırılmalıdır.

Təyyarə mühərrikinin güclü vızıltısı bizim dad məməciklərimizə böyük təsir göstərir. Buna səbəb isə 89 və yuxarı desibel səsin bizim müəyyən dadları hiss etmək qabiliyyətimizi öldürməsidir.

Növbəti təyyarə səyahətinizdə yeməyin dadından ləzzət almaq üçün qulaq qoruyucularını taxmağı unutmayın.

7. Ərzaqlar yetişərkən musiqiyə reaksiya verirlərmi?

İspaniyanın Barahonda meynəliyinin çaxır istehsalçıları musiqinin çaxır hazırlama prosesində təsirinə inanırlar. Onlar monastrell, petit verdot və cabernet sauvignon üzümlərinin qarışığından olan bir qırmızı çaxır növü özünü tutana qədər 60 saatlıq musiqi pleylisti qoyublar.

Buraya tanınmış malili ifaçı Fatoumata Diawara və İslandiyanın məşhur simfonik rokçusu Sigur Ros-un mahnıları daxil olub.

Körpələrin ana bətnində eşitdikləri musiqiyə uyğun formalaşdığı ideyasından təsirlənən Sonia Garcia Barahonda deyir ki, "şərab şüşələrə doldurulduqdan sonra, tanninlərin yumşalıb və şirinləşməsi üçün musiqi səsləndirmək qərarına gəldik."

Bu, bəlkə də bir PR üsuludur, amma növbəti dəfə yemək hazırlayar zaman zümzüməniz altında rəqs etsəniz, şərab kolleksiyanız üçün də bir yaxşılıq etdiyinizi yada salın.

Əlaqəli mövzular

Bu barədə daha geniş