Bu 106 yaşlı baba qədər cəsarətlisinizmi?

Jack Reynolds-un adı Guinness-in Dünya Rekordları 2019 kitabına daxil edilib Fotonun müəllifi Guinnes world records 2019
Image caption 106 yaşlı Jack Reynolds-un adı Guinness-in Dünya Rekordları 2019 kitabına daxil edilib

Aprel ayında iplə sürüşən 106 yaşlı kişi barəsində eşitməmiş olmazsınız.

Onun haqqında yeni bir xoş xəbər var. Jack Reynolds-un adı Guinness-in Dünya Rekordları 2019 kitabına daxil edilib.

Rəsmi olaraq o, iplə gəzintiyə çıxan ən yaşlı insandır.

Əgər xəbəriniz yoxdursa, deyək, bilin. Jack bu il aprelin 6-da tamam olan 106 yaşı münasibətilə fərqli bir şey etmək istəyib.

Sonra isə ITV kanalından bir heyət dəvət edib və Cumbria-da (Birləşmiş Krallıq) yerləşən Grizedale iplə gəzinti parkına yollanıb.

Parkda isə Jack kameraya "izaha ehtiyac yoxdur" deyərək, 400m uzunluqlu və 30m hündürlüklü ip ilə sürüşüb.

İnanılmazdır, elə deyilmi?

Yalan danışmayacağıq, o yaşda 100% son anda belə olsa, fikrimizdən daşınardıq. (Hündürlükdən qorxuruq.)

Xoşbəxtlikdən Jack bizim qədər qorxaq deyil və məhz buna görə də adı rekordlar kitabına düşüb.

O, dünyanın döymə vurduran ən yaşlı insanı titulunu da daşıyır. Belə ki, 104 yaşı münasibətilə "Jacko 6.4.1912" döyməsini bədəninə vurdurmuşdu.

Və növbəti il 105 yaşında Jack, dünyanın rollercoaster-ə minən (amerikan dağları kimi tanınan attraksion maşını) ən yaşlı insanı statusuna da sahiblənmişdi.

Apreldə iplə səyahətinin döymə və rollercoaster təcrübəsindən fərqli olub-olmadığı sualına o, belə cavab verib: "Fərqli olsa da, daha maraqlı idi. Bu gün əla gün oldu. Mükəmməl bir gün."

"Jack yaşın uğur üçün maneə olmadığını sübut edir," Guinness Dünya Rekordları kitabının baş redaktoru Craig Glenday BBC Three-yə deyib.

"Yeni bir macəraya başlamaq və ya yeni bir həyəcanı sınamaq üçün heç vaxt gec deyil. Jack-in həyat dolu uğurlarını Guinness Dünya Rekordları kitabında qeyd etmək fəxrdir. Gələn dəfə nə edəcəyini səbirsizliklə gözləyirəm - o, hamımız üçün ilham mənbəyidir!"

Təbii ki, ahıl çağında yeni hobbilər həvəsinə düşən təkcə Jack deyil.

Cüdo Jack

Bu yaxınlarda başqa bir Jack haqqında da məlumat vermişdik. 94 yaşlı bu cüdo müəllimi hələ də rəqiblərinin qənimidir. Qarışıqlıq yaratmamaq üçün biz onu Cüdo Jack adlandırırıq.

Cüdo Jack ilk cüdo dərsinə 1951-ci ildə gedib və o gündən bu yana keçən 67 il ərzində buraxmayıb.

Britaniyanın ən yaşlı cüdo ustası sayılan Jack, artıq üç nəsil tələbə yetişdirib.

Fotonun müəllifi JACK GUEZ/Getty Images

Onun verdiyi ən mühüm məsləhət nədirmi?

"Müəlliminizə hörmət edin və yerə çırpdığınız insana hörmət edin."

Flo Meiler - atlet

65 yaşında yüngül atletikanın dayaqla tullanma növü ilə məşğul olmağa başlayan Flo Meilerin hekayəsi də mükəmməldir.

Fotonun müəllifi Lukas Schulze/ Getty Images

Keçmiş satış məsləhətçisi Flo dayaqla tullanmağa nisbətən gec yaşda başlasa da, dünya üzrə rekorda imza atıb və super atletə çevrilib.

O, artıq 750 medal sahibəsidir.

Ernestine Shepherd - kulturist

Hələ bu inanılmaz qadına bir baxın.

Fotonun müəllifi Ernestine Shepherd

81 yaşlı Ernestine Shepherd 52 kiloqram çəkili skamyanı əyərək, rəqiblərini üstələmək üçün dayanmadan məşq edir.

Ancaq heç də həmişə bu cür fit olmayıb. BBC Three-yə dediyinə görə, 56 yaşına qədər idman zalına ayaq basmayıb.

"O yaşda özümü kulturist olacaq qədər əmin hiss etmirdim. Artıq həyatda olmayan bacım Velvet mənə bir mantra hədiyyə edənə qədər. Mantranın üzərində yazılmışdı: Determined, Dedicated and Disciplined (İddialı, Vəfalı və İntizamlı)."

"Əgər həyatınız boyu bu 3 D-yə əməl etsəniz, istədiyiniz hər şeyə nail olarsınız."

Növbəti dəfə 30 yaşına çatdığınız üçün şikayət etməmişdən öncə özünüzü çimdikləyin və həyata sarılın. Yaş sadəcə olaraq bir rəqəmdir.

Bu barədə daha geniş