Tacikistan ordusu 62 yaşlı kişini "əsgər aparmaq” istəyib

Fotonun müəllifi akhbor.com
Image caption Tacikistanda 18-27 yaşları arasında olan kişilər hərbi mükəlləfiyyətlidirlər

Tacikistan ordusu hərbi xidmətə payız çağırışını rekord qısa müddətdə başa çatdırıb. Bundan əvvəl isə axşam gəzintisinə çıxmış 62 yaşlı kişi də daxil adamların əsgər aparıldığı xəbər verilmişdi.

Sözçü Orif Nozimiyon ASIA-Plus xəbər saytına deyib ki, çağırış son gün olan noyabrın 30-a səkkiz gün qalmış başa çatdırılıb.

O, bu il orduya rekord sayda könüllünün qoşulması ilə qürrələnib.

Lakin sözçünün dediklərinə rəğmən Tacikistan ordusu ictimaiyyət arasında çox da populyar deyil və çağırışçılar pis şəraitdən, eləcə də "dedovşinadan" narazılıq edirlər.

Tacikistanda orduya çağırış zamanı bazarlarda və küçə tinlərində adamların qamarlanaraq avtobuslara basıldığı barədə xəbərlər tez-tez yayılır. Buna görə də Müdafiə Nazirliyi bildirib ki, bu çağırışda sırf insanların vətənpərvərliyinə güvəniləcək.

Praqada mənzillənmiş Axbor xəbər saytının yazdığına görə "müdafiə rəsmiləri hamını əmin ediblər ki, bu dəfə adamların zorla maşınlara basılması olmayacaq və çağırış tam leqal şəkildə aparılacaq".

"Evin tək çörəkgətirəni"

Axbor saytının yazdığına görə, Rəşt rayonunda rus dili müəllimi işləyən Firuz Tabakovu məktəbdən birbaşa paytaxt Düşənbə yaxınığındakı hərbi hissəyə aparıblar. Halbuki 2000-ci illərin əvvəllərindən bəri kənd müəllimlərini əsgər aparmırdılar.

Müəllimin ailəsi Axbor saytına deyib ki, Tabakovun arvadı, uşağı, valideynləri və babası evin tək çörəkgətirənini itiriblər.

Məktəb isə rus dili müəllimindən məhrum edilib.

Tacik əsgərlər təhlükəli Əfqanıstan sərhədini mühafizə edirlər Fotonun müəllifi Tajikistan Presidency/Anadolu Agency/Getty Images
Image caption Tacik əsgərlər təhlükəli Əfqanıstan sərhədini mühafizə edirlər

Ən maraqlısı budur ki, 62 yaşlı Bobomurod Racabovun dediyinə görə, hərbi komissarlığın zabitləri onu Düşənbə yaxınlığındakı Vəhdət qəsəbəsindən tutub aparıblar.

O, SSSR həftəlik qəzetinə deyib ki, zabitlər onu söyür və döyür, "ordudan niyə yayındığını" sual edir, tutub apardıqları adamın ataları yaşında olduğuna fikir də vermirdilər.

Cənab Racabov deyib ki, görünür zabitlər onu qaranlıqda cavan biliblər, amma papağı başından düşəndən sonra səhv etdiklərini anlayıblar.

O bu insident barədə ertəsi gün polisə şikayət edib, lakin polis tədbir görməkdən boyun qaçırıb.

"Əgər onlar mənim kimi yaşlı adamı bu günə qoyublarsa, görün çağırışçıların başına nə oyun açırlar?" - Racabov deyib.

"Çağırışçı olmasa, elektrik də olmayacaq"

Ölkənin şərqindəki Ləxş rayonunun rəsmiləri, deyilənlərə görə bir neçə kəndin çağırışçı verməməsindən o qədər qəzəbləniblər ki, bu kəndlərin işığını kəsiblər.

Kuşağba kəndinin bir sakini Azadlıq radiosunun Tacik xidmətinə deyib:

"Onlar elektriki 10 gündür ki, kəsmişdilər və açıq deyirdilər: siz orduya çağırışçı göndərməsəniz elektrikiniz olmayacaq".

Doğrudur, kəndlərin çağırışçı verə bilməməsinə baxmayaraq elektrik təchizatı bərpa olunub.

Sakinlərin dediyinə görə, məlum olub ki, bu kəndlərdə çağırış yaşı olanların kimisi ali təhsil alır, kimisi də Rusiyaya işləməyə gedib.

Tacik çağırışçılar orduda iki il xidmət edirlər Fotonun müəllifi Tajik defence ministry
Image caption Tacik çağırışçılar orduda iki il xidmət edirlər

Xəbəri Martin Morgan hazırlayıb

Bu barədə daha geniş