Klassik musiqidən tutmuş kilsə ziyarətinə qədər qeyri-adi cəzalar

Bambi Fotonun müəllifi Alamy

ABŞ-ın Missuri ştatında yüzlərlə maral öldürməkdə təqsirli bilinən şəxs həbs cəzası ilə yanaşı, ən azı ayda bir dəfə anası ovçular tərəfindən öldürülən maral balasından bəhs edən Bembi cizgi filmini izləməli olacaq.

David Berry ovladığı maralların başlarını kəsib aparır, cəsədləri meşədə qoyurmuş.

Onun anası deyib ki, Bembi filmi oğlunun reabilitasiyasına kömək edəcək.

BBC icmalı başqa qeyri-adi cəzalar bir araya gətirib.

Fotonun müəllifi Getty Images

Eşşəklə yürüş

2003-cü ildə ABŞ-ın Chicago (Çikaqo) şəhərindəki kilsədən körpə İsa Məsih heykəlini oğurlayan iki şəxsə 45 gün həbs cəzası kəsilib.

Lakin Jessica Lange və Brian Patrick üçün iş həbslə məhdudlaşmadı.

19 yaşlı gənclər yanlarında bir eşşəklə şəhərin mərkəzindən keçməli oldular. Bu zaman onların əllərində "eşşəklik etdik" yazılı lövhə olub.

Fotonun müəllifi Getty Images

10 il kilsəni ziyarət etmək cəzası

2011-ci ildə sərxoş halda maşın sürdüyü üçün dostunun ölümündə təqsirləndirilən Tyler Alred-ə həbs cəzası kəsilsə də, o, azadlıqdan məhrum edilməyib.

ABŞ-ın Oklahoma ştatının məhkəməsi 17 yaşlı gəncə dair qeyri-adi hökm çıxarıb.

Qərara əsasən, məhbəsdən kənar qalmaq üçün Alred kollec təhsilini davam etdirməli, alkoqol, narkotik maddələrdən istifadə etmədiyini təsdiqləyən elektron cihaz daşımalı, cinayət qurbanlarının müzakirə sessiyalarına qatılmalı və 10 il ərzində kilsəni ziyarət etməlidir.

Evi tərk etmə cəzası

2011-ci ildə İspaniya məhkəməsi cib xərci verməkdən imtina edən valideynlərinə qarşı iddia qaldırmış 25 yaşlı sakinin tələblərini qeyri-qanuni sayıb.

Oğul ata-anasından aylıq 400 avro ödəniş istəyirmiş.

Məhkəmə tələb edib ki, gənc 30 gün ərzində evi tərk edərək "öz ayağı üstündə durmağı" öyrənməlidir.

Fotonun müəllifi Getty Images

Klassik musiqi dinləmək cəzası

2008-ci ildə öz maşınında yüksək səsli rep musiqisi dinləyən Andrew Vactor-a 150 dollar maliyyə cəriməsi kəsən ABŞ məhkəməsi cəzanı yumşaltmaq imkanı verən bir şərt irəli sürdü.

Qərara alınıb ki, 20 saat ərzində Bethoven, Bach və ya Chopin kimi bəstəkarların klassik əsərlərini dinlədiyi təqdirdə müttəhimə verilən cərimənin məbləğı 35 dollaradək azaldıla bilər.

Lakin cənab Vactor klassik musiqiyə 15 dəqiqə qulaq asdıqdan sonra 150 dollar ödəmək qərarına gəldiyini elan edib.

Bu barədə daha geniş