Türkiyə Suriyadan niyə zeytun idxal edir?

Zeytun Fotonun müəllifi Getty Images

Ötən ilin yanvar ayında Suriyanın şimalında hərbi kampaniyaya başlayan Türkiyə öz əməliyyatına Zeytun Budağı adını verdi. Bir çoxları bunu təbliğat kampaniyasının tərkibi hesab etdilər.

Türkiyəyə bildirirdi ki, kampaniyanın hədəfi bölgəni Kürd Xalq Müdafiə Birliklərindən təmizləmək idi.

Ankara bu silahlı qruplaşmanı uzun müddət mübarizə apardığı qadağan edilmiş PKK partiyasının bir qolu kimi görür.

Lakin əməliyyatın başlanmasından bir il keçmiş belə görünür ki, Zeytun Budağı adı, həm də hərfi məna daşıya bilər.

"Onlar bizim zeytunları oğurlayır"

Suriyanın Afrin bölgəsinin kürd sakinləri bölgəyə nəzarət edən türk qüvvələrini yerli zeytun məhsulunu oğurlamaqda ittiham edirlər.

"Bu bölgə Türkiyənin işğalı altına düşəndən bəri minlərlə zeytun ağacı kəsildi. Ondan sonra türklərin zeytun oğurladığı üzə çıxdı", - kürdlərin Yeni Özgür Politika nəşrindəki şərhində deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Zeytun budağı əməliyyatının ildönümü ilə bağlı kürdlərin etiraz aksiyası

Məsələ zeytun yığımı mövsümünün əvvəlindən üzə çıxmağa başlayıb.

Sentyabr ayında Afrinin kənd təsərrüfatı şöbəsinin keçmiş müdiri Saleh İbo didərgin düşmüş yerli sakinlərdən müsadirə edilən zeytun məhsulunun Türkiyəyə aparıldığını bildirib.

"Biz zeytun məhsulunun 80 faizinin Türkiyəyə aparıldığını deyə bilərik", - Sabiq rəsmi PKK-ilə bağlı xəbər agentliyinə şərhində deyib.

"Onlar (türklər) bu yolla oğurlanmış zeytundan 80 milyon dollar qazana bilərlər".

Bölgədə təxminən 14 mln zeytun ağacının olduğunu deyən Saleh İboya əsasən, yerli əhalinin çoxu zeytun və zeytun yağını satmaqla gəlir əldə edir.

Afrindəki Türkiyə qüvvələrinə hücum çəkən kürd silahlı qruplaşması özünə "Zeytunun qəzəbi" adını seçib.

Bu, məsələnin nə dərəcədə həssas olduğunu göstərir.

Fotonun müəllifi Getty Images
Image caption Afrin mühüm kənd təsərrüfatı bölgəsidir

"Afrindən gəlirlər bizə gəlsin"

Türkiyə Afrindən zeytun məhsulunun çıxardığını etiraf edib.

Ankara işğalı nəzərə almaqla buna haqqı olduğunu hesab edir və bildirir ki, məsələ ilə bağlı yerli hakimiyyətin dəstəyinə malikdir.

Noyabr ayında parlament üzvləri qarşısında çıxış edən Türkiyənin kənd təsərrüfatı naziri ölkəyə 600 ton zeytun gətirildiyini bildirdi.

"Türkiyə hökuməti olaraq biz bu gəlirlərin PKK-nin əlinə keçməsini istəmirik", - Bekir Pakdemirli deyib.

"Hakimiyyətimizin altında olan bu bölgədə, Afrindən gəlirlərin bizə gəlməsini istəyirik".

Hökumət təmayüllü türk mediası Afrinin zeytun bazarının nəzarət altına alınmasını dəstəkləyib.

Noyabr ayında Yeni Safak qəzeti Afrin zeytununun beynəlxalq bazara çıxarılması üçün yerli hakimiyyətlə Türkiyə Kənd Təsərrüfatı Kooperativləri arasında əməkdaşlığın olduğunu xəbər verib.

"İllik həcmi 200 milyon dollar olan Afrinin zeytun bazarı Suriya xalqının xeyrinə işləyəcək".

"Xırdavari gəlirə son qoyacaq"

Suriya zeytununun bazara çıxarılmasına dəstək siyasəti Türkiyənin daxilindəki zeytun istehsalçılarının narazılığına tuş gəlib.

Suriya ilə həmsərhəd Kilis bölgəsində nəşr edilən Serhat qəzeti Afrindən gələn məhsulun yerli malı qiymətdən salacağını bildirir.

"Bu, Zeytundan qazandığımız xırdavari gəlirə və Kilisdəki kənd təsərrüfatına son qoyacaq", - qəzetdə yerli fermerlərdən birinin sözləri iqtibas olunur.

Hökumət hesab edir ki, zehtun idxalının həcmləri qiymətlərə əhəmiyyətli təsir etmək üçün çox cüzidir.

Türkiyə hökumətini tənqid edənlər də məhz bu amildən də istifadə ediblər.

"Türkiyə öz daxili bazarında istifadə və ixrac üçün kifayət qədər zeytuna malikdir... Dünya zeytun istehsalının 16 faizi Türkiyənin payına düşür. Onun 8 faizini zeytun yağı təşkil edir. Ölkənin Afrindən zeytun idxalına ehtiyacı yoxdur", - Dünya qəzetinin şərhçilərindən biri yazıb.

"Afrindən zeytun idxalı bu sahədə ruh düşgünlüyünə səbəb olub".

Məsələ Avropada da reaksiyalar doğurub.

Yanvarın sonunda ispaniyalı siyasətçilər Afrindən "talan edilmiş" zeytunun yerli və Avropada satışına yol verməməyə səsləyiblər, El Publico nəşri bildirir.

Xəbərin müəllifləri: Will Armstrong və Tse Yin Lee

Bu barədə daha geniş