Sənə şokolad almıram! Yapon qadınların etirazı

Şokolad alan yaponiyalı qadın Fotonun müəllifi Getty Images
Image caption Şokolad alan yaponiyalı qadın

Yaponiyada qadınların Sevgililər Günündə iş yoldaşlarına şokolad almaq ənənəsi pozulur.

İctimai rəy sorğusu "giri choco" (məcburi şokolad) olaraq tanınan adətin qadınlar tərəfindən artıq sui-istifadə və bir növ zorakılıq kimi görüldüyünə işarə vurur.

Bəzi iş yerlərində də bu adəti qadağan etməyə başlayıblar.

İşləyən qadın, kişi iş yoldaşlarına 14 fevralda şokolad alırlar.

Kişilərdən isə qadın iş yoldaşlarının bu "məcburi" jestinə qarşılıq vermələri 14 martda (Ağ gün) gözlənilir. 1980-ci ildə təsis olunan bu ənənə şokolad istehsalçılarının satışları artırmaq naminə keçirdiyi reklam kampaniyalarının nəticəsidir.

Hərçənd ki, ənənənin artıq dəbdən düşməsinə dəlalət edən bir çox işarə vardır.

Fotonun müəllifi Getty Images
Image caption Şokolad qutusu

Bir çox qadın hər il milyonlarca dollara başa gələn bu adətin davam etdirilməsinin artıq mümkün olmadığını söyləyir.

"Özümə şokolad alaram"

Britaniyada nəşr edilən "Guardian" qəzetinə əsasən, bu mövzuda sorğuya qatılan qadınların 60 faizi, 14 fevralda kişi iş yoldaşlarına deyil, özlərinə şokolad almağa üstünlük verdiklərini deyib.

Paytaxt Tokioda bir mağaza şəbəkəsinin apardığı sorğuda iştirak edənlərin 36 faizi də üstünlük verəcəkləri şəxsin partnyorları və ya bəyəndikləri kişilər olacağını söyləyiblər.

İş yerindəki həmkarlarına şokolad alacaqlarını söyləyənlər 35 faiz olub.

"Hər il kimə neçə manatlıq şokolad alacağıq deyə fikirləşmək məcburiyyətindəyik. - "Yapan Today" xəbər saytına müsahibə verən bir qadın deyib. - Bu məcburi ənənənin aradan qaldırılması yaxşı oldu",

Şokoladlı suşi və şokolad cakuzisi

Sevgililər Günü Yaponiyada 1950-ci illərin ortalarından bu yana nəhəng kommersiya "sektoruna" çevrilmiş vəziyyətdədir.

Bir çox şirkət illik satışlarının çox böyük bir hissəsini məhz Sevgililər Günü həftəsində həyata keçirir.

Məhşur Godiva markalı şokoladın istehsalçısı ötən il bütöv bir reklam qəzet səhifəsini tutan şirkətlərə müraciətində qadınları şokolad vermək ənənəsinə təşviq etməməyə çağırmışdı.

"Sevgililər Günü insanların həqiqi hisslərini ifadə etdiyi gündür, iş yerindəki münasibətlərin hesablandığı gün deyil", - yazıda deyilirdi.

İstehsalçılar bu ənənəni və hədiyyə seçimlərini sorğu-sual etməyə başlarkən, bir çoxunun fikrincə, Sevgililər Günü yaxınlaşdıqca ölkə daxilində kollektiv şokolad "dəliliyi" bu il də davam edəcək kimi görünür.

Yapon Hava Yolları 14 fevralda bütün reyslərdə sərnişinləri şokolada qonaq edəcəyini açıqlayıb.

Bir spa oteli Sevgililər Günündə isti şokolad cakuzisi üçün rezervasiya qəbul edərkən, bir suşi şəbəkəsi də şokoladlı suşi satmağa hazırlaşır.

Bu barədə daha geniş