Huawei telefonunuz var? Android əməliyyat sisteminin yenilənməməsi sizə necə təsir edə bilər?

telefon Fotonun müəllifi Getty Images

ABŞ prezidenti Donald Trump milli təhlükəsizliyə problem yaratdığı ehtimal edilən xarici telekommunikasiya şirkətlərinin Amerika firmalarına aid texnologiyalarından istifadəsini qadağan etdikdən sonra Google Çinin Huawei şirkətilə razılaşmasını məhdudlaşdırıb.

Google-un törəməsi olan Alphabet şirkəti Huawei ilə proqram təminatı, aksesuar və texniki servis xidmətlərini nəzərdə tutan razılaşmanın əhatə dairəsini daraltdığını açıqlayıb.

Alphabet-in bu qərarından sonra Google-un Android əməliyyat sistemi Huawei telefonlarında yenilənməyəcək.

Bu qərar Huawei istifadəçiləri üçün nə məna verir?

Google-un qərarı Huawei telefonunu işlədənlərə hələ ki, təsir etməyəcək. Amma Android proqram təminatı yenilənəndə Huawei istifadəçiləri onlardan yararlana bilməyəcəklər.

Bu o deməkdir ki, Google Play, Gmail və YouTube tətbiqi də Android yenilənmələrindən sonra Huawei telefonları üçün əlçatmaz ola bilər.

Huawei istifadəçiləri Android proqram təminatının yalnız açıq versiyalarını yükləyə biləcəklər.

İstehlakçı texnologiyaları üzrə konsaltinq şirkəti CCS Insight-ın əməkdaşı Ben Wood deyib ki, Google -un qərarı Huawei istifadəçilərinin satınalma davranışlarına ciddi şəkildə təsir edəcək.

Hələ ki, dəyişiklik yoxdur

Reuters agentliyinə müsahibə verən bir mənbə Android əməliyyat proqramlarının xalqa və proqramçılara açıq versiyalarından istifadənin mümkün olacağını, digər xidmətlərə girişin bağlanacağını demişdi.

Alphabet şirkətinin nümayəndəsi bununla bağlı bildirib ki, şirkət Amerika hökumətinin qərarlarına əməl edir, Huawei telefonlarından istifadə edənlərsə bu xidmətlərdən yararlana biləcəklər.

Sözügedən qərarın Huawei -in Çin xaricindəki telefon əməliyyatlarına təsir edə biləcəyi deyilir.

Huawei öz proqramlarını inkişaf etdirir

Huawei şirkəti Android sistemindən istifadə qadağan ediləcəyi halda öz proqramlarını işə salmaq üçün bir neçə ildir ki, bir texnologiya üzərində işlədiyini açıqlamışdı.

Çində istifadə edilən bəzi modellərdə bu proqramlar artıq tətbiq edilib.

Google proqramları qadağan edildiyi üçün Huawei -in Çindəki əməliyyatları bu qərardan ziyan çəkməyə bilər, amma şirkətin ən böyük ikinci bazarı olan Avropada şirkətin ondan hansı səviyyədə zərər görəcəyi hələ ki, təxmin edilmir.

Trump keçən həftə imzaladığı sərəncamında qara siyahıdakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyini açıqlamışdı.

Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan Huawei də bu siyahıya daxil edilib.

İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı Huawei -in məhsullarından narahat olduqlarını bildirmişdilər.

Qeyd edilir ki, Çin Huawei texnologiyasından casusluq üçün istifadə edə bilər.

Washington Huawei -in 5G texnologiyasından istifadə etməmələri üçün müttəfiqlərinə təzyiq edir.

Bu barədə daha geniş