Washington: İnsan cəsədinin gübrəyə çevrilməsinə icazə verildi

Torpaq Fotonun müəllifi Getty Images

Amerikanın Washington ştatında insan cəsədinin gübrəyə çevrilməsinə icazə verən qanun təsdiqlənib. Washington belə qanunu qəbul edən ilk ABŞ ştatıdır.

Yerli qanunverici orqanda ötən ay təsdiqlənən sənəd layihəsi ştatın demokrat qubernatoru Jay Inslee tərəfindən imzalanaraq qüvvəyə minib.

Bu, ekoloji baxımdan cəsədləri yandırmaqdan daha üstün bir üsul sayılır.

Metodun tərəfdarlarına görə, "insan gübrəsi" qəbir yerləri məhdud olan bölgələr üçün praktiki əhəmiyyətli bir seçim ola bilər.

Gübrəyə çevrilən kütlə mərhumun ailə və yaxınlarına çatdırılır və bu torpaqda bitkilər yetişdirilə bilər.

"İnsan gübrəsi" sahəsində xidmət göstərəcək şirkətin təsisçisi Katrina Spade qanunun qəbulu üçün lobbiçilik edib:

"İnsan bədəninin yenidən istifadəsi mumiyalaşdırmaq, basdırmaq və ya yandırmaqdan daha təbii, təhlükəsiz ve davamiyyətli bir alternativdir.

Üsul, həmçinin karbon tullantılarını azaltmaq və ərazinin istifadəsində səmərəliliyi artırmağa imkan verir".

Necə baş verir?

Spade tərəfindən tətbiq olunan üsula görə cəsədlər yonca (qaba yonca), ağac qırıntıları və qamışla dolu bir polad konteynerə yerləşdirilir.

Konteynerdə 30 gün ərzində qalan bədən təbii olaraq çürüyür və iki əl arabasını dolduracaq qədər "torpaq" halına gəlir.

Əmələ gələn bu gübrə mərhumun ailəsinə verilir.

Münbit torpaq kütləsində istənilən gül, ağac və tərəvəz əkmək olar.

Bioloji yolla dəfn üsulları getdikcə populyarlaşır.

Mart ayının sonlarında vəfat edən amerikalı aktyor Luke Perry bioloji parçalanan "göbələk kəfənində" dəfn edildi.

Üsulun müəllifi Jae Rhim Lee hesab edir ki, bu metod, ənənəvi dəfn və ya kremasiya ilə müqayisədə ətrafa atılan toksik maddələrin həcmini azaldır.

İnsanın ölümündən sonra cəsədin gübrəyə çevrilməsi prosesi İsveçrədə qanuniləşdirilib.

Böyük Britaniyada isə insanları təbii yolla çürüyən biotabutda və yaxud da tabutsuz basdırmağa icazə verilir.

Bu barədə daha geniş