Arsenal Mxitaryanla bağlı UEFA ilə görüşəcək

Henrix Mxitaryan Fotonun müəllifi Reuters
Image caption Henrix Mxitaryan Avropa Liqasının finalında iştirak etməmək qərarına gəlib

Arsenal futbol klubu öz yarım-müdafiəçisi Henrix Mxitaryanın təhlükəsizlik məsələləri səbəbindən Bakıya getməmək qərarından sonra UEFA ilə görüşəcək.

Klubun icraçı direktoru Vinai Venkatesham deyir ki, bu vəziyyət "qəbuledilməzdir".

Ermənistan millisinin kapitanı ötən gün ailəsi və klubu ilə məsləhətləşdikdən sonra Bakıya getməmək barədə qərar verib, Arsenal açıqlayıb.

"Biz onun Bakıya səyahət edə biləcəyini düşünmürük və bu olduqca kədərlidir. Böyük Avropa finallarında oynamaq şansı tez-tez ələ keçmir və Miki belə bir şansdan məhrum olundu", Vinai Venkatesham deyib.

Financial Times qəzetinə danışan cənab Venkatesham Mxitaryanın oyuna getməyəcəyi barədə UEFA-ya məktub yazıldığını bildirib.

Fotonun müəllifi Getty Images

"Biz mövqeyimizi UEFA-ya açıq bildirdik - onlara məktub yazdıq. Həmçinin, finaldan sonra onlarla üz-üzə oturub bunun qəbuledilməz olmasını, bir daha Arsenal və yaxud da başqa birisinin başına gəlməməsi üçün nə etməyi izah edəcəyik".

30 yaşlı erməni əslli futbolçunun Bakıya gəlməyəcəyini şərh edən AFFA-nın rəhbəri Elxan Məmmədov "siyasətin idmandan kənar qalmasına" inandığını deyib.

BBC World Service Sport-a danışan Elxan Məmmədov deyib ki, təhlükəsizlik baxımından heç bir problem ola bilməz.

"Hökumət və yerli təşkilat komitəsi adından UEFA və kluba bütün zəmanətləri vermişik, lakin zənnimcə, bu futbolçunun ailəsi ilə birlikdə verdiyi şəxsi qərar idi".

Arsenal-ın rəhbəri Unai Emery deyib: "Mxitaryan komanda ilə birgə çıxış etmək istəyir. Lakin o, ailəsilə danışıb və getməmək qərarına gəlib. Bu çox şəxsi bir qərardır. Mən ona hörmət edirəm. Mən siyasi problemləri başa düşmürəm, lakin onun qərarına hörmətlə yanaşmalıyam".

Azərbaycandan "ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti aldığını" deyən UEFA futbolçunun səyahət etməmək barədə şəxsi qərarına hörmətlə yanaşdığını deyib.

İngiltərə Premyer Liqasını 5-cı yerdə bitirən Arsenal, Chelsea üzərində qələbə çalarsa, növbəti il Çempionlar Liqasında çıxış etmək haqqını qazanacaq.

Arsenal Avropa yarışmaları çərçivəsində sonuncu dəfə 1994-cü ildə qələbə çalaraq UEFA Kuboklar Kuboku qazanıb.

Bu barədə daha geniş