“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Мужчина схватился за сердце Fotonun müəllifi Getty Images

Sinədə kəskin ağrı, qan təzyiqinin kəskin yüksəlməsi, qəfil təngənəfəslik. Biz infarktın əlamətlərini təxminən bu cür təsəvvür edirik və çox vaxt da məhz belə olur.

Kəskin ürək tutmasından xəbər verən başqa əlamətlər də var - qolda və ya boyun ətrafında sancılı ağrı, başgicəllənmə, bol tər.

Bəs, ürək tutması aşkar əlamətlər olmadan, heç xəstənin özünün də hiss etmədiyi şəkildə baş verirsə?

Harvard Universitetinin araşdırması göstərib ki, bu hala həkimlərin təxmin etdiyindən xeyli çox rast gəlinir. Kəskin ürək tutmalarının az qala yarısı (45%-i) sakit və ya hiss edilməyən infarkt (SMI - silent myocardial infarction) olaraq meydana gəlir və daha çox kişilərdə olur.

"SMİ əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar, buna görə də kişilər belə hallara çox vaxt ciddi yanaşmırlar" - Harvard Universitetin professoru Corc Platski belə deyir.

Məsələn, yorğunluğu və fiziki diskomfortu kişilər bir çox hallarda çox işləməklə, pis yatmaqla və hətta orqanizmin yaşla bağlı dəyişiklikləriylə izah edirlər. Boğazdakı və sinədəki zəif ağrını isə onlar mədə turşuluğunun və ya həzm probleminin əlaməti kimi qiymətləndirirlər.

Bundan başqa, çox vaxt ağrının məhz hansı nahiyədə olduğunu müəyyənləşdirmək də çətin olur. Məsələn, döş qəfəsinin sol tərəfindəki kəskin ağrı, böyük ehtimal, sizdə infarkt şübhəsi yaradacaq, ancaq "sakit infarkt" bütün sinədə kiçik bir diskomfort hissiylə də müşayət oluna bilir.

Həyəcanlı əlamətlər və narahatlıq üçün əsaslar:

  • Döş qəfəsinin ortasında bir neçə dəqiqə davam edən və ya tez keçən, amma təkrarlanan diskomfort (kiçik ölçüdə ağrı hissi);
  • Bədənin yuxarı hissəsində ümumi ağrı - məsələn, ya bir əldə, ya da hər iksində; kürək, qarın, boyun və alt çənə nahiyələrində xoşagəlməz hissiyyat;
  • Döş qəfəsindəki xoşagəlməz hissiyyatdan sonra yaranan təngənəfəslik;
  • Qəfil soyuq tər, başgicəllənmə və ürəkbulanma.

Professor Platski xəbərdar edir ki, "Bəzən həm SMI zamanı, həm də ondan sonra insan özünü son dərəcə normal hiss edir - bu, həyəcanlı siqnalların hiss edilməyəcəyi riskini artırır".

Harvard alimlərinə məxsus araşdırmanın Amerika Tibb Sssosiasiyasının jurnalında dərc edilmiş nəticələri məhz buna görə həyəcan doğurur.

Kişilər risk qrupundadırlar

Alimlər 45-84 yaş aralığandakı əvvəllər ürək-damar xəstəlikləri keşirməmiş 2000 qadın və kişini müayinə ediblər və 10 il sonra onların ürəyini təkrar MRT-dən keçiriblər.

İştirakçıların 8%-nin ürəyində miokard infarktının əlaməti olan çatlar aşkar edilib, onların 78%-nin ürək tutmasından xəbəri olmayıb.

Fotonun müəllifi Science Photo Library

Kişilərdə qadınlardan beş dəfə çox "sakit infarkt" faktı aşkar edilib.

Araşdırmanın nəticələrinə görə, SMİ riskini yaradan faktorlar adi infarktda olanlarla eynidir - siqaret, artıq çəki, hərəkətsizlik, yüksək təzyiq, xolesterin və diabet.

"SMİ-dən sonra ürək pis işləməyə başlayır, onda çatlar əmələ gəlir. "Sakit infarkt" keçirmiş pasientlər həkimə dərhal müraciət etmədikləri üçün onlarda təkrar və daha ciddi ürək tutması riski artır" - Corc Platski belə deyir.

Kişilərdə infarkt bəzən bir neçə həftə, hətta bir neçə ay sonra aşkar edilir - növbəti tibbi müayinə zamanı və ya xroniki yorğunluq, təngənəfəslik və mədə qıcqırması şikayətlərinə görə xəstəxanya gedəndə.

Amma SMİ-ni müəyyən etmək çətin deyil - bir çox hallarda adi kardioqram və ya ürəyin ultrasəslə müayinəsi kifayət edir. Daha bir sadə üsulsa qanda ürək əzələsi hüceyrələrinin zədələnməsi zamanı əmələ gələn spesifik zülalın (troponin T) olub-olmadığını yoxlamaqdır.

Bu barədə daha geniş