Həyətyanı bağça iqlim dəyişməsinə qarşı çarə ola bilərmi?

Woman gardening in Bangladesh Fotonun müəllifi Researchers

Bağda meyvə-tərəvəz yetişdirmək ekoloji cəhətdən artıq xeyirxah davranış kimi dəyələndirilir. Bu, həmçinin, iqlim dəyişməsinə qarşı mübarizədə silah da sayıla bilər.

Banqladeşin şimal-şərqində yaşanan təcrübə buna dəlalət edir.

Silhet əyalətində erkən yağışlar, yeganə qida mənbəsi olan düyü məhsulunun tam məhvinə səbəb oldu. Buradakı tarlaları yox edən mövsümi yağışlar 2017-ci ilin aprel ayında, gözlənildiyindən iki ay əvvəl başladı. Məhsulun çoxunu itirən fermerlərin ailələri üçün bu, gəlir və ərzaq çatışmazlığı demək idi.

Alimlərin xəbərdarlığına əsasən, iqlim dəyişməsi insanların yetişdirdiyi məhsul və ərzaq mənbələrinə təsir etməkdədir.

Almaniyanın Heidelberg Universitetinin iqlim dəyişməsi və səhiyyə məsələləri üzrə professoru Sabine Gabrysch hesab edir ki, bu, "olduqca ədalətsizdir, çünki həmin insanların iqlim dəyişməsinə heç bir töhfəsi olmayıb".

Sağlamlıq və iqlim dəyişməsi ilə bağlı Nobel Fondunun Berlində keçirdiyi konfransına qatılan professor bunları deyib: "Onlar iqlim dəyişməsinin bilavasitə təsirinə məruz qalır, çünki nəticədə dolanma və ərzaq mənbələrini itirirlər".

"Ən çox əziyyət çəkən də onların uşaqlarıdır, çünki onlar tez böyüyür və onların daha çox qidaya ehtiyacı var," - BBC-yə danışan Sabine Gabrysch bildirib.

Onun sözlərinə görə, erkən yağıntılardan əvvəl də, qadınların üçdə birisinin çəkisi normaldan aşağı olub, uşaqların 40 faizi isə, daima az qidalanmadan əziyyət çəkib.

"İnsanlar artıq bir sıra xəstəliklərdən əziyyət çəkir, onlar artıq yox olmaq astanasına çatıb və geri çəkilməyə yerləri yoxdur, - deyə, almaniyalı professor əlavə edir. - Onların sığortaları yoxdur".

Fotonun müəllifi Getty Images

Silhet əyalətində daşqınların təsiri ilə bağlı tədqiqata rəhbərlik edən professor, 2000-dən çox kəndli qadınla işləyir. Onların yarısı deyir ki, ailələri daşqınlardan əhəmiyyətli dərəcədə zərər çəkib.

Yerli sakinlər çətinliklərin öhdəsindən gəlmək üçün, adətən yüksək faizlə kredit almağa çalışır və nəticədə borclara düşür.

Yerliləri maarifləndirən alimlər yüksəklikdə yerləşən sahələrdə bitki əkməyin, toyuq saxlamağın, məhsul almağın yeni yollarını öyrətməyə başlayıblar. Onlar, bəsləyici maddələrlə daha zəngin meyvə-tərəvəz növləri barədə məlumat veriblər.

"Düşünmürəm ki, bu, məhsulun itkisini kompensasiya etsin, çünki düyü onların əsas qida mənbəsidir, lakin müəyyən dərəcədə kömək edə bilər," - Sabine Gabrysch deyir.

İnkişaf etməkdə olan ölkələrdə düyü ilə yanaşı, digər nişasta tərkibli bitkilər yaxşı yetişsə də, iqlim dəyişikliyi onların bəsləyici keyfiyyətinə mənfi təsir göstərməkdədir.

Washington Universitetinin Qlobal səhiyyə bölməsindən professor Kristie Ebi, qida növləri tərkibində bəsləyici maddələrin səviyyəsinə nəzər salıb.

O düyü, buğda, kartof və arpa kimi məhsullarda karbon dioksidin daha yüksək konsentrasiyasına rast gəlib. Bu o deməkdir ki, onları yetişdirmək üçün nisbətən az su tələb olunur. Bu, yaxşı hal sayıla bilməz, çünki mikrobəsləyici elementlər bitkiyə məhz su vasitəsilə çatdırılır.

Xəstəliklər hərəkətdədir

Professor Ebi-nin mənsub olduğu tədqiqatçılar qrupu düyünün tərkibinə nəzər salıb. Araşdırma, "B" vitaminlərinin normadan 30 faiz aşağı olduğunu üzə çıxarıb. "B" vitaminləri qrupuna hamilə qadınlar üçün vacib olan fol turşusu da daxildir.

"Zəngilləşməkdə olan Banqladeşdə dörd kaloridən üçü düyü hesabına qarşılanır", - professor Ebi deyir.

"Bir sıra ölkədə insanlar, əsasən, nişasta ilə zəngin ərzaqla qidalanır. Buna görə, mikrobəsləyici maddələrin azalmasının çox ciddi nəticələri ola bilər".

O həmçinin qlobal istiləşməyə görə, xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq verir.

"Əsas risklər ağcaqanadlar vasitəsilə ötürülən xəstəliklərlə bağlıdır. Həmçinin, ishal və yoluxucu xəstəliklərin riski də böyükdür".

"Planetimiz istiləşdikcə, bu xəstəliklər öz coğrafi hüdudlarını dəyişir, onların mövsümləri uzanır. Bu xəstəliklərə yoluxma halları artır".

"Və bunların çoxu ilk növbədə uşaqlara təsir edir. Bunun ana və uşaq sağlamlığı üçün nə demək olduğuna görə çox narahatıq, çünki onlar ön xəttdədir. Təsiri hiss edən də, elə onlardır."

Ənənəvi olaraq, tropik sayılan xəstəliklər şimala doğru irəliləyir.

Bu il Almaniyada Qərbi Nil virusuna ilk yoluxma halı qeydə alınıb. Bu, xəstəlik ağcaqanadlar vasitəsilə ötürülür.

Yoluxucu xəstəliklər elə bir şeydir ki, iqlim dəyişməsinin insanlara gəlib çatması barədə düşündürür, professor Sabine Gabrysch deyir.

Nobel mükafatı laureatı Peter Agre-yə əsasən, iqlim dəyişməsi, xəstəliklərin hərəkətə gəlməsi deməkdir və onlardan bəziləri istiləşmə ilə yanaşı, daha yüksək bölgələrə doğru istiqamət alır. Belə hallara Cənubi Amerika və Afrikada rast gəlinib.

Bu, böyük əhəmiyyətə malikdir, çünki tropiklərin sakinləri, xəstəliklərdən yayınmaq məqsədilə, ənənəvi olaraq, daha yüksək bölgələrdə məskunlaşıblar.

2003-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülən professor Agre, arxayınlığa yer qalmadığını deyir. O, əmindir ki, havanın mülayimləşməsi xəstəlikləri də hərəkətə gətirəcək.

"Belə deyirlər ki, xəstəliklər bu yerlərə gəlib çıxmaz. Artıq bu belə deyil."

Material Nobel Media AB və BBC əməkdaşlığı nəticəsində hazırlanıb.

Bu barədə daha geniş